Premyer Liqanın 2025/2026 mövsümünün ilk turunda keçiriləcək "Zirə" - “Araz-Naxçıvan” matçının vaxtı dəyişdirilib.
Sportinfo.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, "Araz-Naxçıvan" bununla bağlı müraciət ünvanlayıb.
Müraciətdə UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Omoniya” ilə Kiprdə keçiriləcək görüşdən sonra komandanın vətənə uçuş biletlərinin saatları ilə əlaqədar yaranmış vəziyyət səbəbindən əvvəlcədən nəzərdə tutulmuş vaxtdan gec qayıdacağı qeyd olunub.
Bu səbəbdən “Araz-Naxçıvan” “Zirə” ilə Premyer Liqanın 2025/2026-cı illər mövsümünün ilk turunun 18 avqust tarixində keçirilməsi planlaşdırılan görüşünün 19 avqust tarixinə dəyişdirilməsini xahiş edib.
Naxçıvan təmsilçisinin müraciəti, “Zirə”nin rəsmi razılıq məktubunu nəzərə alaraq Peşəkar Futbol Liqası qarşılaşmanın 19 avqust saat 20:00-da Zirə İdman Kompleksinin stadionunda start götürməsinə qərar verib.