EN

Vaşinqton səfəri Azərbaycan-ABŞ strateji tərəfdaşlığının yeni istiqamətlərini müəyyənləşdirdi RƏY  

Azərbaycanın uğurlu daxili və xarici siyasəti ölkəmizin beynəlxalq aləmdəki reytinqini getdikcə yüksəldir. Müstəqil respublikamız qlobal proseslərdə və yeni dünya nizamının qurulmasında həlledici söz sahibi olan Amerika Birləşmiş Ştatları ilə əlaqələrə, ikitərəfli münasibətlərin bərabərhüquqlu tərəfdaşlıq səviyyəsində inkişafına böyük önəm verir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib.

O qeyd edib ki, Azərbaycan və ABŞ münasibətləri müstəqilliyin ilk illərindən etibarən strateji əməkdaşlıq və qarşılıqlı maraqlar üzərində qurulub. İki ölkə arasındakı əlaqələr enerji təhlükəsizliyi, regional sabitlik, iqtisadi inkişaf, demokratik institutların möhkəmləndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrini əhatə edir. Zamanla bu münasibətlər ikitərəfli səviyyədən qlobal miqyasda əməkdaşlıq platformasına çevrilib.

Azərbaycanla ABŞ arasında diplomatik münasibətlərin 1992-ci ildə qurulduğunu xatırladan deputat deyib: “ABŞ Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub. Azərbaycan-Amerika münasibətləri ötən əsrin 90-cı illərinin əvvəllərindən inkişaf etməyə başlasa da, bu əlaqələrin tarixi bir əsr əvvəli, hətta XIX əsrin sonlarını əhatə edir. Belə ki, həmin dövrdə Bakıda neft sənayesinin formalaşmağa başlaması ABŞ şirkətlərinin nəzərlərini Azərbaycana yönəltmişdi.

Ümummilli Lider Heydər Əliyev xalqın təkidi ilə hakimiyyətə gəldikdən sonra Azərbaycan-Amerika münasibətlərində irəliləyiş özünü göstərdi. Balanslaşdırılmış xarici siyasət ABŞ-la əlaqələrə müsbət təsir etdi. 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi"ndə Rusiya və İranın maneə cəhdinə baxmayaraq, ABŞ şirkətləri də iştirak etdi. Ulu Öndərin 1997-ci ildə ABŞ-a səfəri ikitərəfli əlaqələrin inkişafında xüsusi yer tutdu. Bu səfər çərçivəsində "Chevron", "Exxon", "Mobil" neft şirkətləri ilə SOCAR arasında Abşeron, Naxçıvan və Oğuz neft yataqlarının istismarı ilə bağlı müqavilələr imzalandı. 2003-cü ildə prezident seçilən İlham Əliyev də Ümummilli Lider Heydər Əliyevin xarici siyasət strategiyasına sadiq qaldı. 2006-cı ildə dövlətimizin başçısı ABŞ-a səfər edərək Azərbaycan-Amerika münasibətlərinin sürətlə inkişaf etdiyini, ölkəmizdə və regionda irimiqyaslı enerji layihələrinin həyata keçməsində bu ölkənin dəstəyini xüsusi vurğulamışdı”.

Komitə sədrinin sözlərinə görə, Donald Trampın birinci prezidentlik dövründə Cənub Qaz Dəhlizinin ərsəyə gəlməsində verdiyi dəstək Azərbaycanın ABŞ üçün önəmli strateji əməkdaş olduğunu göstərir. Bayden administrasiyasının 2021-ci ildə iqtidara gəlməsi ilə Azərbaycan-Amerika münasibətlərində soyuqluq yarandı. Bunun əsas mənbəyi Bayden administrasiyasının ermənipərəst mövqeyidir ki, bu da ikitərəfli əlaqələrə ciddi zərbə vurmuşdu. Lakin Donald Trampın yenidən ABŞ Prezidenti seçilməsindən sonra bu münasibətlərin yeni mərhələyə qədəm qoyması üçün real perspektivlər yaranıb. Prezident İlham Əliyev və Prezident Donald Tramp arasında qarşılıqlı anlaşma və əməkdaşlıq iki ölkə arasında strateji tərəfdaşlıq üçün güclü zəmin yaradır.

2025-ci ilin avqust ayında Prezident İlham Əliyevin ABŞ-a rəsmi səfəri və bu çərçivəsində Ermənistanla imzalanan Birgə Bəyannamə Cənubi Qafqazda və daha geniş geosiyasi məkanda mühüm dönüş nöqtəsi oldu. Bu hadisə Azərbaycan-Amerika münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi və uzun müddətli münaqişənin diplomatik yolla həllinə doğru atılan əhəmiyyətli addım kimi qiymətləndirilir. Belə ki, Azərbaycan Prezidentinin Ağ Evdə keçirilən görüş və mətbuata bəyanatla çıxışı ölkəmizin beynəlxalq münasibətlər tarixində mühüm hadisə kimi yadda qaldı. ABŞ Prezidenti ilə baş tutan görüşdə iki ölkə arasındakı strateji tərəfdaşlıq əlaqələri, regional sülh gündəliyi və yeni əməkdaşlıq perspektivləri müzakirə olundu.

Vaşinqton səfəri Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlığın yeni istiqamətlərini müəyyənləşdirir.

Keçirilmiş görüşlərdə təhlükəsizlik, enerji, nəqliyyat-kommunikasiya və yüksək texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsi əsas müzakirə mövzuları olub. Azərbaycanın etibarlı enerji tərəfdaşı statusu, Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rol və yaşıl enerji layihələri, ABŞ ilə strateji gündəliyin prioritet istiqamətləri sırasında yer alır, iqtisadiyyatın şaxələndirilməsi, rəqəmsal texnologiyaların tətbiqi və müdafiə sənayesi üzrə qarşılıqlı əməkdaşlıq perspektivləri müəyyənləşdirir. Bu, Azərbaycan-Amerika münasibətlərini təkcə ikitərəfli müstəvidə deyil, həm də qlobal miqyasda qarşılıqlı faydalı tərəfdaşlıq modelinə çevirir.

“Bir sözlə, səfər çərçivəsində əldə olunan razılaşmalar və verilən mesajlar göstərir ki, Azərbaycan regional sülhün, iqtisadi inkişafın və beynəlxalq əməkdaşlığın etibarlı tərəfdaşı olaraq öz mövqeyini möhkəmləndirməkdədir. Ağ Evdə səsləndirilən bu bəyanat yalnız ikitərəfli münasibətlərdə deyil, həm də qlobal diplomatiyada önəmli bir mərhələdir”, - deyə Siyavuş Novruzov əlavə edib.

Chosen
50
50
azerbaijan-news.az

10Sources