Quba, 11 avqust, Elxan Yusifli, AZƏRTAC
Milli Məclisin deputatları Qubada yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun fəaliyyət istiqamətləri ilə tanış olublar.
İnstitutdan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Milli Məclisin deputatları Arzu Nağıyev, Mahir Süleymanlı və Əlibala Məhərrəmzadə institutun istixana kompleksi, Molekulyar biologiya, Mikroklonal çoxaltma, Ümumi analitik analizlər laboratoriyaları ilə yaxından tanış olublar.
Direktor İlham Qaraqurbanlı qonaqları institutun fəaliyyəti, icra olunan layihələr, istixana və laboratoriyaların fəaliyyət istiqamətləri barədə məlumatlandırıb.
Görüş zamanı aqrar sahənin inkişafı, kənd təsərrüfatında müasir texnologiyaların tətbiqi, məhsuldarlığın artırılması və fermerlərə dəstək mexanizmləri haqqında geniş fikir mübadiləsi aparılıb.
İnzibati işlər şöbəsinin müdiri Arzu Əmirova Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun zəngin tarixi, elmi fəaliyyət istiqamətləri barədə ətraflı təqdimatla çıxış edib.