EN

İmre Kertes: Ömrümü mütləq bir yanlışlıq içində yaşamışam Seyfəddin Hüseynlinin tərcüməsində

ain.az, 525.az portalına istinadən məlumat yayır.

Ədəbiyyat üzrə Nobel mükafatçısı (2002) olan macarıstanlı yazıçı İmre Kertes ilə geniş söhbətlərdən ibarət "Dosye K." kitabından fraqmentlərdir. İ.Kertes özü həmin kitabın necə ərsəyə gəldiyi, eləcə də janr təyinatı barədə vaxtilə bunları yazıb: "Mənimlə "dərininə bir müsahibə" aparmaq istəyən dostum və redaktorum Zoltan Hafnerlə 2003-2004-cü illər arasındakı söhbətlərimiz 10-12 səsyazma lentini doldurmuşdu. Yazıya alınıb sahmanlanmış materialın daxil olduğu qovluq İsveçrənin kiçik şəhərlərindən Gistaaddakı bir hoteldə əlimə düşdü. Elə ilk cümlələri oxuduqdan sonra qalın qovluğu bir tərəfə qoydum və instinktiv adlandıra biləcəyim davranışla kompüterimi açdım. İçimdən gələn istəklə yox, kənar təsirlə yazılmış, bir növ avtobioqrafik səciyyəli saydığım və bənzər tərzdə ilk işim olan bu kitab bax belə yarandı. Əgər Nitsşenin "roman janrının tarixi Platonun "Dialoqlar"ından başlanır" məzmunlu tezisini qəbul etsək, indi əlinizdə olan bu kitab gerçək bir romandır".

- "İflas" romanında yazırsan: "On dörd yaş yarımlıq ikən, inanılmaz dərəcədə səfeh şərtlərin cəmlənməsi səbəbindən, mənə tuşlanıb atəşə hazır vəziyyətə gətirilmiş yüngül avtomat silahın lüləsi ilə, təxminən, yarım saat ərzində göz-gözə dayandım". Zənnimcə, bu hadisə jandarm kazarmasının həyətində başına gəlmişdi. "Talesizlik"də bu mövzuya niyə yer vermədin?

- Roman prizmasından baxıldıqda, bu, adi əhvalat tipli epizoddur, ona görə romanda yeri yoxdur.

- Amma həyat yolun baxımından səciyyəvi bir epizod ola bilərdi.

- Yəni heç açıb-bükmək istəmədiyim məqamları indi söyləməyə məcburammı?

- Bir halda ki, belədir, onda niyə yazırdın?

- Bəlkə, sırf o barədə danışmamaq üçün.

- Bu qədərmi ağır gəlir sənə?

- Bilirsən, bu, bir az Spilberqin vaxtilə ölümdən qurtarılmış ahıllarla söhbətlər silsiləsində (məşhur rejissor Stiven Spilberqin yaratdığı fond yəhudi soyqırımından xilas olmuş insanlarla silsilə müsahibələr təşkil edib - tərc.) danışılanlara bənzəyir: "Bizi bir tövləyə doldurdular...", "Bizi bir həyətə topladılar...", "Bizi Budakalasdakı kərpic zavoduna apardılar..." tipli cümlələrdən zəhləm gedir.

- Niyə ki? Belə etməyiblərmi?

- Romanda, hə. Amma roman bir qurmacadır.

- Axı bildiyimə görə, sənin romanın gerçəklərə əsaslanır! Yaxşı, jandarm kazarmasının o darısqal həyətinə nə cür girmişdin?

- Eynən "Talesizlik"də yazdığım kimi... Gecəyarısı - mən kürəyimi arxamda oturanın qatlanmış dizlərinə söykəmişdim, önümdəki də mənim dizlərimə - daldığım dərin yuxudan tükürpədici çığır-bağıra və fit səslərinə oyandım. Bir dəqiqə keçdi, baxdım ki, həmin həyətdəyəm. Ay işığı ətrafı aydınlatmışdı, göydə bir-birinin ardınca bombardmançı təyyarələr uçurdu. Həyətin ətrafındakı alçaq divarların üstündə yanpörtü oturmuş sərxoş jandarmlar pulemyotların lüləsini bizə - o həyətə topladıqları insan yığınına tuşlamışdılar. Bunları indi danışmağın yeri yoxdur, "İflas" romanımda daha yaxşı təsvir etmişəm.

- Elədir, amma o romanındakı oğlanın sanki heç nədən xəbəri yoxdur, oraya necə, niyə gəldiyini bilmir.

- Əslində, elə idi onsuz da.

- Yaxşı, bu səhnənin - deyək ki, tarixi planda - pərdəarxası qətiyyən maraqlandırmayıbmı səni?

- Maraqlandırmaya bilərmi? Amma sənə də bəllidir ki, şərtlər o qədər də bəsit deyildi.

- Yəni qurmacadan yox, gerçəklərdən söhbət gedir...

- Mən bu ikisini bir-birindən kəskin fərqləndirmirəm. Amma indi məsələ bunda deyil. Əvvəla, Kadar rejimində sənədlərə yol tapmaq son dərəcə çətin idi, xüsusən də "Talesizlik" romanımı yazdığım 1960-cı illərdə. Nasistlər dönəminə bağlılıqları varmış kimi, bütün sənədləri gizlətmişdilər. Küncdə-bucaqda qalan, alayarımçıq sənədləri əldə etmək üçün də günlərcə kitabxanaların tozlu rəflərini eşələmək lazım gəlirdi. Elə bil o dövrün nəsriyyatları keçmişin önünə bir pərdə çəkib gizlətmişdi. Uzun araşdırmalardan sonra, nəhayət, həmin vaxt mənim də tutulmağımla nəticələnmiş olayın arxa planında 1944-cü il iyunun sonlarına planlaşdırılan jandarm hərbi çevrilişinin dayandığını aşkarlaya bildim. Əslində, o çevrilişdən məqsəd Budapeştdəki yəhudilərin də Almaniyaya sürgününü başlatmaqmış. Bilirik ki, Mikloş Horti (sözügedən dövrdə Macarıstana formal rəhbərlik edən hərb və dövlət xadimi - tərc.) müharibənin gedişatının fərqinə varmış, müttəfiqlərin "Avropada yəhudi soyqırımına dəstək verən hər kəslə haqq-hesab çəkiləcəyi"ni bildirən bəyanatını ciddi qəbul etmiş və - öz məhdud yetkisindən yararlanmaqla - yəhudilərin Budapeştdən çıxarılıb aparılmasını yasaqlamışdı. Jandarm da bax bu yasağı aradan qaldırmaq istəyibmiş. İlk addım olaraq, bir sübh çağı Budapeşti mühasirəyə alıb, şəhərin kənarındakı inzibati-idarəçilik qurumlarını ələ keçiriblər. Məlumdur ki, o vaxtlar Budapeşt jandarmın deyil, xüsusi polis dəstələrinin səlahiyyət dairəsinə daxil idi. Jandarm hansısa yolla polisi də ələ almağı bacarıb və o gün polislər Budapeşt hüdudlarını keçən - məxsusi icazə ilə olsa belə - hər kəsi həbs ediblər. Mən də 17 yoldaşımla birlikdə o əsnada tutuldum, hamımız 15 yaşın içində idik, şəhərdən kənarda, "Şell"in Çepeldəki neftayırma zavodunda çalışırdıq...

- Olanları yazmısan ki! Niyə israrla "qurmaca" deyib durursan?

- Bax bu, məndən ötrü köklü bir problemdir. Üstündən onlarca il keçəndən sonra bunu yazmağa qərar verdikdə romanla avtobioqrafik hekayət, yəni "xatirələr" arasındakı sərhədi öz yəqinimdə aşkar bəlirləməliydim. Ən azı, o vaxtacan - 60-cı illərədək - artıq bütöv bir kitabxananı dolduracaq qədər çoxalmış... ədəbiyyata eynilə birini də əlavə etməmək üçün...

- ...Holokost ədəbiyyatınamı demək istədin?

- Hə, günümüzdə belə adlandırılır. O zaman - 60-ların əvvəlində - isə "Holokost" kəlməsini bilən yox idi hələ. Sonralar işlətməyə başladılar və buradaca deyim ki, heç də düzgün olmadı bu. Aha, indi yadıma düşdü: "Konslager ədəbiyyatı" deyilirdi bir vaxtlar.

- Qurmaca ilə avtobioqrafik mətn arasındakı fərq indi məni daha çox maraqlandırır. Bilirsən, istər, oxucular, istərsə də, tənqidçilər "Talesizlik" barəsində "avtobioqrafik romandır" deyirlər...

- Səhvə yol verirlər. Belə bir ədəbi janr mövcud deyil. Ya avtobioqrafik mətn deyilməlidir, ya da roman! Əgər avtobioqrafik olacaqsa, keçmişini xatırlayırsan, yaddaşındakılara mümkün qədər bağlı və sadiq qalır, olub-keçənləri gerçəyəuyğun şəkildə, yəni əhvalatlara, hadisələrə başqa nəsə qarışdırmadan yazırsan.

Səviyyəli bir avtobioqrafik mətn sənədli film kimidir, yaşanmış dönəmin "mötəbər təsvir"idir. Halbuki romanda ən mühümü gerçək hadisələr deyil, onlara əlavə edilənlərdir.

- Amma mən bilən, sənin romanının təməlində - özünün də söhbətlərdə dəfələrlə təsdiqlədiyin kimi - məhz gerçəklər dayanır, təsvir etdiklərinin hamısı sənədlərə əsaslanır.

- Bu, qurmacanı inkar etmir ki! Tam əksinə, "İflas" adlı romanımda keçmişi yenidən canlandıra, konslagerlərin atmosferinə girə bilmək üçün nələrə əl atdığımdan söz açıram.

- Saatının qayışını iyləyirmişsən...

- Hə, çünki yeni aşılanmış dərinin iyi Auşvitzdəki baraklar arasında yayılan qoxunu xatırladırdı. Bu cür gerçəklik qırıntıları, əlbəttə, qurmaca üçün də son dərəcə önəmlidir. Amma ən vacib fərq budur: avtobioqrafik mətn nələrisə xatırlamaq, qurmaca əsər isə bir dünya yaratmaqdır.

- Məncə, nələrisə xatırlamaq da dünyanın bir qismini yenidən yaratmaqdır.

- Ancaq dünyanın bu biri qismini aşıb-keçmədən. Halbuki qurmacada əsas iş elə budur. Qurmaca bütövlükdə ayrı bir dünyadır, yazıçının zehnində yaranır və sənətin, ədəbiyyatın qaydalarına əsaslanır. Bax bu böyük fərq əsərin formasında, dilində və süjetində də əks olunur.

- Hər halda "Auşvitzi mən icad etdim" demək fikrin yoxdur...

- Bəlli bir anlamda məhz belədir, əslində! Romanda Auşvitzi mən icad etməli və yaratmalıydım. Romana dəxli olmayan tarixi hadisələrə əsaslana bilməzdim. Hər şey hermetik bir biçimdə, dilin, yazının sehri ilə ərsəyə gəlməliydi. Kitaba bu yöndən baxmağı yoxla bir: elə ilk cümlələri oxuyan kimi özünü əcaib, tamamən başlı-başına qalmış bir dünyada hiss edəcəksən: daha doğrusu, hər şeyin, nə yolla olur-olsun, hansısa formada baş verə biləcəyi dünyada! Hadisələr inkişaf etdikcə oxucuda fanilik hissi güclənir, üstündə dayandığı torpağın tədricən sürüşüb ayaq altından çəkildiyi kimi bir duyğuya qapılır.

- Hə, Dördi Şpiro "Tale yoxdur" adlı məşhur yazısında bunu çox yaxşı ifadə edib. "Talesizlik" romanı haqqında ilk və həqiqətən ciddi təhlil də elə bu oldu. Amma biz mövzumuzdan çox yayındıq, haqqında danışdığımız kazarma həyətindən xeyli uzaqlaşdıq. Jandarmlarda qalmışdıq...

- Onlar dedilər ki, bizim - at tövləsində şam yandırmaqla - ingilis təyyarələrinə işarə verdiyimizi görüblər.

- Zarafat olar bu...

- Yox, qətiyyən. Doğrudan, belə dedilər. Əvvəlcə mən də zarafat bildim, sonra gördüm ki, zarafatdan keçib. Yaxınlığa bircə bomba düşsə, hamımızı gəbərdəcəklərini söylədilər və o bombanın düşməsini nə qədər çox arzuladıqları da davranışlarından bilinirdi. Öldürmə ehtirası qabarmışdı içlərində, çoxu zır kefli idi, qan qoxusu almış çaqqallara bənzəyirdilər. Əslində, müdhiş səhnə idi, amma "Talesizlik"lə uyuşmurdu. Buna çox təəssüflənmişdim. Görürsənmi, qurmacanın belə sərt qaydaları var. Amma sonralar - "İflas"da - bu səhnəyə yer verdim.

- Necə bu qədər... bu qədər...

- "Sinikcəsinəmi" deyəcəkdin?

- Demək istəmədim...

- Deyə bilərsən, xətrimə dəyməz. Həyatıma romanlarım üçün xammal mənbəyi kimi baxıram. Belə düşünməyim məni bütün komplekslərdən qurtarır.

- Yaxşı, belədirsə, onda soruşuram: o gecə, baş verənlərə indiki kimi uzaqdan baxmadığın anlarda, yəni - sinizm yerinə, ironiya deyim - bax bugünkü ironiyan yox ikən nə hiss edirdin? Ölümlə üzə-üzə gəlmişdin, qorxmurdunmu?

- Yəqin ki, qorxmuşam. İndi xatırlamıram artıq. Ancaq başqa bir duyğunun mahiyyətinə varmaq məndən ötrü daha önəmli oldu və bu duyğunu illər keçəndən sonra "İflas"da ifadə edə bildim: "Anladım ki, yaşadığım kainatın bəsit bir sirri varmış - istənilən an hardasa bir yerdə öldürülə bilərəm".

- Qorxunc məqamdır...

- Həm elədir, həm də yox. Bilirsənmi, on beş yaşlı uşağın - üstəlik də, yoldaşları, onunla eyni qisməti bölüşən yaşıdları ilə birlikdədirsə - yaşamaq sevincini əlindən almaq o qədər də asan deyil. Məsum bir sadəlövhlüyü olur və bu onu tam ümidsizliyə yuvarlanmaqdan, axırının çatdığı düşüncəsinə qapılmaqdan qoruyur. Yetkin insan, bu cəhətdən, daha kövrəkdir.

- Bu mülahizən sənin öz təcrübələrinə əsaslanır, yoxsa sonradan eşitdiklərinə, oxuduqlarına?

- Öz təcrübələrimə də, sonradan oxuduqlarıma da. Açıq danışaq: nasist ölüm düşərgələrində yaşanan bənzərsiz təcrübələri oxşar mövzuda yazılmış yığın-yığın kitablardan çox az qismi doğru-dürüst əks etdirə bilir. Belə nadir müəlliflər arasında bu mövzuda ən dolğun təsəvvür yaradan, bəlkə də, Jan Ameridir, onun esseləridir. Onun son dərəcə yerinə düşən bir ifadəsi var: "Weltvert-rauen" - "Dünyaya güvənmək". Jan Ameri bax bu güvəncsiz yaşamağın çətinliyindən bəhs edib. Bu duyğunu bircə anlığa itirdinsə, insanlar arasında ömürlük yalqızlığa məhkumsan artıq. Belə bir insan qarşısındakını hər zaman düşmən qismində görür. Ameri bu güvəncini Belçikadakı zindana çevrilmiş bir qalada Gestaponun işgəncələrinə məruz qaldığı günlərdə itirmişdi. Auşvitzdən - ölüm düşərgəsindən sağ çıxa bildi, ancaq illər keçəndən sonra edam hökmünü öz əlləri ilə yerinə yetirdi - canına qəsd etdi.

Zənnimcə, məndə bu güvənc hissi - tükənmiş kimi görünən anlarda belə, parlaq şəkildə olmasa da - hələ vardı. "Böyüklər aləmi məni buradan çıxarmağa, sağ-salamat evə dönməyim üçün yol açmağa məcburdur", - deyirdim öz-özümə. İndi bu, bir qədər gülünc səslənə bilər, amma doğrudan, belə hisslər keçirirdim. Qurtuluşumu məhz bu sadəlövh güvəncimə borclu olduğuma əminəm.

- Halbuki o aralar saysız-hesabsız uşaq...

- ...öldü. Hə, istisna olmaq asan deyil.

- Avtobusdan səninlə birlikdə düşürülən və sonra Auşvitzə aparılan digər 17 uşaqdan sağ qalanlar oldumu?

- Xeyr. Hamısı öldü.

- Əminsən? Araşdırmısanmı?

- Müharibədən sonra anam bir elan vermişdi. Səs-soraq çıxmadı. 1944-ün yazında da belə bir elan verib, Çepel bölgəsi hüdudunda qeybə çəkilən uşaqların ailələrini arayıbmış.

- Almanların işğalı altındakı Macarıstanda belə elanlar vermək olurmuş?

- Deməli, mümkünmüş. Anam bundan da artıq cəsarət tələb edən işlərə girişib o vaxt. Tərpənib Hərbi Nazirliyə - o dövrdə belə adlanırdı, yanılmıramsa - gedibmiş, özü də qiyafəsini dəyişmədən, sinəsində "sarı ulduz"la.

- Çox cəsur qadınmış, həqiqətən.

- Əlbəttə, cəsur idi, amma ətrafda baş verənlərdən hali deyildi, əslində. Onun "dünyaya güvən"i axıra qədər qəti sarsılmadı. Gözəl qadın idi anam, qəşəng geyinər, heç bir maneə tanımazdı. "Sarı ulduz"lu qiyafədə, "təlimat"a əsasən, tramvayın ən arxa hissəsinə qalxdıqda, kişilər dik qalxıb ona yer verirmişlər. O dövrün məşhur aktrisası Anna Tökesə bənzəməsilə öyünürdü. Bəzən küçədə ondan imza istəyənlər də olurmuş. Anam baş verənləri əsla qəbul etməməkdə, təhlükənin böyüklüyünü anlamamaqda israrlıydı. Ağlıma yatmır, doğrusu: necə olub ki, yüksək rütbəli bir zabitin - kapitanınmı, mayorunmu - kabinetinə girə bilib! Zabit ona: "Xanım, heç olmasa, paltarınızdakı bu "sarı ulduz"u çıxaraydınız...", - deyibmiş. Təsəvvür edirsən, anam "oğlunun elə indi ona verilməsini, ya da haraya aparıldığının, başına nə iş gəldiyinin dərhal açıqlanmasını" istəyib. Zabit elə o dəqiqə vəziyyəti öyrənib, anama "oğlunun, yanındakı yoldaşları ilə birlikdə, Transilvaniyaya, "ağackəsmə işləri" üçün Meşəçilik İdarəsinin sərəncamına göndərildiyini" bildirib. Hərçənd o an verilən bu məlumat anamı tam arxayın salmayıb, amma buna, müvəqqəti də olsa, inanıb, çünki inanmaq istəyib. O zaman insanlar, çarəsizlikdən, "dürüst bir dünya sistemi" ilə bağlı xəyallara sığınırdılar.

- İnanılası iş deyil! Amma bu məqam sənin kitablarını oxuyandan bəri beynimdə hərlənən bir sualı yenə yadıma saldı: Macarıstan yəhudiləri baş verənlərdən, doğrudanmı, bu qədər xəbərsiz olublar? Onları nələr gözlədiyi barədə heç düşünməyiblərmi?

- Mən, sadəcə, Budapeştdə, öz məhdud ailə mühitimizdə, tanışlarımız arasında müşahidə etdiklərimi deyə bilərəm. Heç birinin heç nədən xəbəri yox idi. Auşvitzin adını da eşitməmişdim mən. "Radiolarınızı təhvil verin" əmri yayılana qədər hər bir yəhudi evində gizli-gizli BBC-yə qulaq asır və radiodan onların nikbinliyinə kölgə salacaq hansısa xəbər eşitdikdə "boş şeydir" mənasında əllərini yelləyib: "Nə gözləyəsən, ingilis təbliğatıdır da", - deyirdilər.

- Maraqlıdır, ailən necə idi, uşaqlığın nə cür keçib? Məsələn, atan haqqında heç danışmamısan. Anan barədə dediklərini nəzərə alanda, onun kimi qəribə qadın hər halda adi bir adamın eşqinə düşməzdi.

- "Eşq-məşq... O nədir elə?..", - deyir Geza Ottlik özünün "Budda" adlı kitabında. Atam, yəqin ki, anamı çox sevirdi və bunu qorxunc qısqanclığıyla da göstərirdi. Anama qalanda, görünür, ərə getməklə Molnar küçəsindəki o cansıxıcı ailə yuvasından - üç bacısından və ögey anasından, maddi müşküllərlə əlləşən atasından qurtulmaq istəmişdi. O çağlar - 1920-ci illərdən danışıram - qızları sərbəstliyə aparan yol, adətən, ya ərə getməkdən keçirdi, ya da işə düzəlməkdən. Anam hələ 16 yaşındaykən bir şirkətdə işə başlayıb: "Xüsusi əməkdaş" deyilirmiş o vaxtlar.

- Deməli, sevgi əsasında evlənməyibmişlər?

- Bilirsən, ata-anasının sevgi söhbətini qurdalamaq bir övlad üçün son dərəcə çətindir. Amma aralarındakı münasibət məni bir xeyli incidib...

- ...Sonra isə boşandılar...

- Onda da çanaq mənim başımda çatladı. Bir internat məktəbə qoydular məni.

- "Doğulmayacaq uşaq üçün dua" kitabında o internatın hansı olduğu bilinir, elə deyilmi?

- Bir az üstünə düşülsə, hə.

- Sanki bu mövzuda çox danışmaq istəmirsən...

- Nə dəxli var? İnsan daima uşaqlığını məhəbbətlə xatırlayır - nə qədər ağrı-acılı keçsə də.

- Soyağacını haracan izləyə bilirsən?

- Çox yaxşı sual verdin. Amma bu, məni heç vaxt maraqlandırmayıb. Beynimə nə qədər güc versəm də, elə nənələrimdə, babalarımda ilişib qalıram. Bildiyimə görə, ulu babalarım yəhudilikdən assimilyasiya olunan sadə adamlarmış, bir qismi də kəndli...

- Kəndli?

- Niyə təəccübləndin? Atamın atası, yəhudi də olsa, kasıb bir kəndliymiş. Günlərin birində "dünyanı görməyə" qərar verib. Ailəmizdə oturuşmuş rəvayətə əsasən, bir gün Kezteli yaxınlığındakı Pacza kəndindən payi-piyada yola düşərək Budapeştə gəlib... Mən onu gördüyüm vaxt yazıq kişi "Jozefvaroş" səmtinin ən yoxsul hissəsində, Tömo küçəsindəki bir otaq və mətbəxdən ibarət mənzildə yaşayırdı.

- Soyadını macarlaşdıranın o olduğuna toxunmusan bir yerdə.

- Hə. Babamın soyadı, əslində, Kleyn olub. Hələ Birinci Dünya müharibəsindən əvvəl macarlaşdırıb soyadını. Niyə Kertes soyadını götürüb, bir Allah bilir. "Adolf Kertes. Xırda-xuruş satılır. Nisyə mal verilmir" dükanından belə bir lövhə asıldığı yadımdadır... Kəndlilərə xas danışığını əsla tərgitmədi. Ömründə həkimə getmədi, tramvaya minmədi, qıslıq palto geyinmədi... Onun haqqında saatlarca danışa bilərəm...

- İndi də Molnar küçəsinə - ananın ata evinə keçək.

- Mən Molnar küçəsindəki evə heç getməmişəm, ünvanı da, sadəcə, anamdan eşitmişəm.

- Nə ilə bağlı?

- Bəzən gəncliyindən söz açardı anam. Molnar küçəsi bir kabus kimiydi ondan ötrü: evin darısqallığı xatirələrində xüsusi yer tuturdu, sanki qapalı yerdə qalmaq qorxusu kimi bir hiss yaşamışdı.

- Uşaqlığı oradamı keçib?

- Kolosvardan (indiki adı Kluj - tərc.) Budapeştə köçəndə bir müddət orada qalıblar... Mor Jakab adlı ana babam Kolosvarda bank işçisi olub. Hüznlü təbəssümü, səliqəli bığı olan sakit, yaraşıqlı bir kişi idi. Ətrafına həmişə gözəl bir qoxu yayılardı: ürək nasazlığı üzündən daima pencəyinin cibində gəzdirdiyi yaşıl dilaltı həblərin qoxusu.

- O biri babandan tam fərqli - xoşqılıq, amma fağır bir adam gəldi gözlərimin önünə.

- Zənnimcə, bunda haqlısan. Anamdan eşitdiklərimi bir yerə cəmləyəndə, mənə də elə gəlir ki, heç tanımadığım ana nənəmin hökmü o ailədə daha keçərliymiş. Amma bu mövzuda o qədər az şey bilirəm ki... Görürsənmi, insan, həyatı boyunca, ailə əhvalatlarından bezikir, amma bir gün - bunlara ehtiyac duyanda - bələd olmadığı keçmişini boş yerə elə hey eşələyir.

- Yazılarından anladığıma görə, boğucu ailə sirlərini, ümumən ailə həyatını çox da xoşlamamısan.

- "Ailələr, sizdən zəhləm gedir", - Andre Jidin sözüdür. Hə, bir ara bütün ruhi xəstəliklərin - hardasa bütün xəstəliklər ruhla əlaqəlidir - səbəbinin ailədə olduğunu düşünmüşdüm: sənin də dediyin kimi, o boğucu ailə həyatında, ömürləri çürüdən o geniş, yumşaq, kəsif qoxulu ailə yatağında.

- Daha belə düşünmürsən ki?

- Bax ikinci arvadım Maqdanın bir oğlu var, oğlunun da sevimli arvadı, qızı və oğlu...

- Yəni bunlar səni nisbətən mülayimləşməyə sövq edib?

- İnkar etmirəm.

- Atanla münasibətini daha aydın göstərən hər bir detal məndən ötrü maraqlıdır. "Doğulmayacaq uşaq üçün dua" kitabında atan haqqında çox ağır məqamlar yer alıb.

- İnsan daim atasına münasibətdə haqsızlığa yol verir. Adətən, müşküllərimizi, xətalarımızı təmizə çıxarmaq üçün kiməsə - bu isə çox zaman atamız olur - qarşı üsyan edirik. Bir dəfə Praqaya getmişdim. Orada Kafkanın atasının fotosunu gördüm...

- Aha...

- Xossifət kişiymiş. Siması rəğbət oyadır. Di gəl "Atama məktub"dakını xatırla...

- Bir çoxları sənin düşüncə tərzinə bədbinliyin hakim olduğu fikrindədirlər.

- Bunun nə mənada deyildiyini bilmirəm. Problemləri axıracan düşünməmək nikbinlik deyil, qorxaqlıqdır. Hə, deyək ki, bunu anladım, amma bədbin kimi, nikbin də ölməyəcəkmi? Ölümü gözüyumulu qarşılayaq, yaxud onunla göz-gözə gələk - nəticə etibarilə fərqi yoxdur. Mən ölümlə göz-gözə gəlmək istərdim. Fikrimcə, həyatım məhz o halda bütünlüklə yaşanmış, tamamlanmış olacaq, daha artıq sevinc bəxş edəcək.

- Düşərgənin azad olunduğu günü necə xatırlayırsan?

- "Talesizlik"də yazmışam bunu. O ərəfədə günlərimiz çox gərgin keçirdi. Hər gün "Yəhudilər toplantı yerinə yığışsınlar" əmri verilirdi. Uzaqdakı düşərgələrə "ölüm yürüşləri" başlanmışdı. Hər gecə hava hücumuna görə xəbərdarlıq siqnalları səslənirdi. Bombardmanlardan əlavə, artilleriya atəşləri də eşidilirdi artıq. Son iki-üç gündə düşərgənin yollarında "SS"çilərin çəkmələrinin tappıltısından qulaq tutulurdu. Bağırtılar və silah səsləri bir-birinə qarışmışdı. Nəhayət, bir günorta çağı səsucaldanla bir əmr yayıldı: "Bütün "SS"çilər düşərgəni tərk etsinlər! Dərhal!" Bu əmrin üstündən bir neçə saat keçmişdi ki, general Pattonun müzəffər tank bölmələrinin sədaları eşidildi. Elə o gecə hər yatağa bir lay "Hershey" markalı şokoladla bir qutu "Lucky Strike" siqareti qoyuldu. Mətbəxdə qatı bir qulyaş bişirildi. Ac qurdlar kimi daraşdıq şorbaya, amma bu ağır yemək bir çoxlarının ölümünə səbəb oldu. Aprelin 11-i idi. Yan-yörəmdəkilər elə hey bu tarixi pıçıldayırdılar. "SS"çilərin əmrlərinin yayıldığı səsucaldana qoşulmuş BBC radiosu Veymar yaxınlığındakı Buhenvald konslagerindəkilərin azad edildiyini xəbər verdi. Buhenvalddan kiminsə radioda həyəcanlı və təsirli səslə o düşərgə haqqında dediklərini dinləmək tamam qeyri-adi bir hiss oyadırdı. İnsanlıq dünyasına geri dönməyimiz qəribə gəlmişdi...

- Bu dediklərinin arxasındakı gizli məzmunu təsəvvür etməyə çalışıram. Deməli, yolu Auşvitzdən, Buhenvalddan keçən 16 yaşlı yeniyetmə məktəbə qayıdır və buraxılış imtahanlarına hazırlaşır. Amma kabuslar hələ də yaxasından əl çəkmir...

- Yox, yox, kabus-filan görmürdüm. Bir-iki dəfə səhərlər oyananda "düşərgə toplantısına gecikirəm" qorxusuna qapılmağım oldu, ancaq... bilmirəm necə izah edim... "içimdəki saat", o sirli mənəvi "mexanizm" tez nizama düşdü. Baxışlarından sezirəm ki, nəsə basqa cür danışacağımı gözləyirdin, daha pis şeylər eşitmək istərdin.

- Bax bu dəfə "qara yumor"un heç xoşuma gəlmədi. O kitabları yazmasaydın, ölüm düşərgələrində yaşadıqlarını ciddiyə almadığını düşünərdim.

- Amma beləliklə, tam səmimiyyətlə danışmaq haqqı qazandım. Bu gerçəkliyi də unutma ki, 1946 və ya 1947-də yox, məhz indi söhbətləşirik. Yəni aradakı müddətdə kitablarımı yazmışam və bu, şübhəsiz, xatirələrimin dəyişilməsinə səbəb olub. Deyək ki, başqa bir keyfiyyət qazanıb xatirələrim: bəlkə də, üstündən ötən zamanla da bağlı olmadan, soluxub. Üstəlik, yazıçı olmağım da özüməməxsus bir təbiətim olduğunu göstərir. Hər halda həqiqətə münasibətdə başqalarından fərqli bir "metabolizm"im var. İnsanların çoxunun həzm edə bilməyəcəkləri hadisələr məndə roman mövzusuna çevrilir, mən də yazıya alıb, dilə gətirib onlardan qurtuluram. Bu, əlbəttə, şüurlu şəkildə gördüyüm bir iş deyil. Gəncliyimdə də bu, hər halda instinkt kimi məndə olub. İndi - 60 il sonra - ondakı halımı xatırladıqca, əslində, həyatı dolğun biçimdə yaşayan, buna kimsənin əngəl törətməsinə yol verməyən bir gənc görürəm. Həmin gənc, əlbəttə, başına gələn hər şeyi xatırlayır, amma necə deyərlər, olub-keçənləri öz məcrasına yerləşdirir. Yaşadıqlarını soyuqqanlı tərzdə, öz halına acımadan, bir çoxları kimi, "bunlar nəyə görə məhz mənim başıma gəldi?" demədən dilə gətirir, bunlarla qürrələnmir, amma bir az... bilmirəm necə deyim... bir az qürur duyurmuş kimi olur. Nə demək istədiyimi anlayırsanmı? Hətta daha qəribə bir cəhəti də deyim sənə: həyatını davam etdirmək üçün bütün bunlardan güc alır...

- Jurnalistikaya "yanıldığın üçün" gəldiyini demişdin...

- Mən hər işi yanıldığım üçün görmüşəm. Ömrümü mütləq bir yanlışlıq içində yaşamışam. Amma jurnalistika, ən azı, maraqlıymış kimi görünmüşdü mənə.

- Hardan ağlına gəldi jurnalist olmaq?

- Sənə demişdim axı, onda gecələr bir pyes yazırdım. Bundan çox tez vaz keçdim. Amma yazmağın dadını almışdım artıq. Üstəlik, özünü bir anda "xalis sosializm"in qucağında görən, ipə-sapa yatmaz bir romantik idim, belə şəraitdə başqa nə çıxış yolum qalırdı ki?

- Aydındır, amma jurnalist işi romantika ilə çox da əlaqəli deyil, yox?

- Haqlısan, jurnalistikaya bələd olub praktik fəaliyyətə başladınsa, sən deyəndir. Amma məni özünə çəkən sırf bu sahəyə xas həyat tərzi oldu... O zamanlar bir jurnalist tipi vardı, "biləndər adam" obrazında: ağıllı, taleyi ilə barışmış, bəs qədər məlumatlı, kafenin bir küncündə oturub pəncərədən çöldəki həyatı müşahidə edən və arada hansısa qəzet üçün yazı yazan... Bax mən də eynilə bu cür yaşamaq istəyirdim.

- "İngilis bayrağı" hekayəndə bu barədə yazmısan: "Jurnalistdən həyatı təsvir edəndə yalan danışmaq tələb olunurdu. Amma yalan danışan, əslində, gerçəyin necə olduğunu anlayır axı, mən də həyatla bağlı yalan danışa bilmək üçün gərək - qismən də olsa - gerçəyi öyrənəydim. Halbuki həyata dair gerçəyi nə qismən bilirdim, nə də bütünlüklə". Deməli, nə yalan danışa, nə də gerçəyi deyə bildin.

- Eynilə! Dalana dirənmişdim. Baxırdım ki, elə "dürüst" adamlar var, su içirmiş kimi rahatca yalan danışırlar. Mən isə bunu bacarmırdım.

"Dünya ədəbiyyatı" jurnalı (2024, №1)

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
42
27
525.az

10Sources