EN

FHN-in “N” saylı hərbi hissəsində andiçmə mərasimi keçirilib

Bakı, 11 avqust, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyi (FHN) Mülki müdafiə qoşunlarının “N” saylı hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi olub.

Nazirliyin İctimaiyyətlə əlaqə idarəsindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra çıxış edənlər mülki müdafiə qoşunları heyəti sıralarına daxil olan gənc əsgərləri andiçmə mərasimi münasibətilə təbrik ediblər.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasətinin layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan Milli Ordusunun Ermənistan tərəfindən 30 ilə yaxın müddətdə işğal altında saxlanılan doğma torpaqlarımızı 44 gün ərzində işğaldan azad etdiyi, 24 saatdan az davam edən lokal xarakterli antirerror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa olunduğu vurğulanıb.

Çıxış edən gənc əsgər Müzəffər Məmmədov hərbçi yoldaşları adından bildirib ki, verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirəcək, Vətənə və dövlətə sədaqətlə xidmət edəcək, bir sözlə, əsgəri borcların öhdəsindən ləyaqətlə gələcəklər.

Əsgər valideyni Qabil Rüstəmov gənc əsgərlərin hərbi and içməsinin sonsuz qürur mənbəyi olduğunu diqqətə çatdırıb, onların Vətənə layiqli xidmət göstərməsi və yüksək səviyyədə hərbi hazırlıq keçməsində zəhməti olan hər kəsə minnətdarlığını bildirib.

Gənc əsgərlər ölkəmizin suverenliyini, ərazi bütövlüyünü, müstəqilliyini qoruyacaqlarına, Vətənimizə, xalqımıza layiqli əsgər olacaqlarına and içiblər.

Andiçmə mərasimi şəxsi heyətin təntənəli mars sədaları altında tribuna önündən keçməsi ilə başa çatıb.

 

Chosen
25
38
azertag.az

10Sources