Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov Demokrat.az-a açıqlamasında bildirib.
O qeyd edib ki, Vaşinqton formatında baş tutan bu proses, bölgədə diplomatik çəkilərin dəyişdiyini, ABŞ-nin birbaşa vasitəçi qismində təşəbbüsü ələ aldığını və sülh gündəliyinə ciddi şəkildə daxil olduğunu göstərir:
“Bu sənədin özü qədər, onun imzalandığı məkan-Vaşinqton formatı da regionda diplomatik balansın dəyişməsi baxımından mühüm əhəmiyyət daşıyır. ABŞ Prezidenti Donald Tramp çıxışında xüsusi vurğulayıb ki, illər ərzində bir çox dövlətlər, beynəlxalq təşkilatlar və siyasi liderlər-ATƏT, Avropa İttifaqı və hətta “yuxulu” Bayden belə Azərbaycanla Ermənistan arasında sülhə nail olunmasına çalışıblar. Lakin nə bir təşkilat, nə də bir Ağ Ev rəhbəri bu günə qədər real nəticə əldə edə bilməyib. Trampın sözlərinə görə, bu uğurun reallaşması məhz onun liderliyi və ABŞ-ın qətiyyətli vasitəçiliyi ilə mümkün olub. Bu yanaşma, Vaşinqtonun artıq regionda söz sahibi kimi geri döndüyünü və proseslərin istiqamətini dəyişdirdiyini açıq şəkildə ortaya qoyur. Vaşinqton görüşündə diqqət çəkən əsas məqamlardan biri ABŞ Prezidenti Donald Trampın regionda sülhün əldə olunmasında oynadığı mühüm rolun yüksək qiymətləndirilməsi oldu. Prezident İlham Əliyev Trampın bu prosesə verdiyi qətiyyətli dəstəyə və vasitəçilik səylərinə ehtiram əlaməti olaraq onun “Nobel Sülh Mükafatı”na namizədliyinin irəli sürülməsini təklif etdi. Bu təşəbbüs, Prezident İlham Əliyevin adından həm Azərbaycan, həm də Ermənistan tərəfindən Nobel Komitəsinə rəsmi müraciət göndərilməsi ilə reallaşacaq. Bu, həm də bir daha göstərir ki, Azərbaycan sülhə töhfə verən beynəlxalq liderləri obyektiv şəkildə qiymətləndirməyə və təşəkkürünü ifadə etməyə hazırdır”.
K.Bayramov vurğulayıb ki, “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında Sülhün və Dövlətlərarası Münasibətlərin Təsis Olunması Haqqında Saziş” artıq xarici işlər nazirləri səviyyəsində paraflanıb:
“Bu, tərəflərin sənədin mətninə dair tam razılığa gəldiyini göstərir. Bununla belə, qarşıda hələ sənədin rəsmi imzalanması və hər iki ölkədə parlament təsdiqi mərhələsi dayanır. Göründüyü kimi, bu sənəd hələ hüquqi qüvvəyə minməyib, lakin bu, sülh prosesində əlamətdar bir mərhələ və dönüş nöqtəsi hesab olunur. Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanın Birgə Bəyannamənin arxasında siyasi iradə ilə dayanması, ABŞ Prezidenti Donald Trampın isə bu sənədə şəxsən şahidlik etməsi, sənədin beynəlxalq legitimliyini gücləndirən mühüm faktor kimi tarixə düşür. Bu hadisə, təkcə iki ölkə arasında deyil, həm də qlobal güclərin iştirakı ilə regionun gələcəyinə verilən strateji mesajdır. Həmçinin, İki ölkənin ATƏT-ə birgə müraciət etməsi 30 ildən artıq davam edən, lakin heç bir real nəticə verməmiş vasitəçilik mexanizminin rəsmi olaraq sona çatdığını göstərir. Bu isə böyük diplomatik uğur və əhəmiyyətli irəliləyiş kimi qiymətləndirilməlidir. Bəyannamədə xüsusi olaraq Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz keçidin təmin olunması vurğulanır ki, bu da Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi “Zəngəzur dəhlizi açılacaq” prinsipinin reallığa çevrilməsinin mühüm addımıdır. Zəngəzur yolunun maneəsiz açılması və ABŞ Prezidenti Trampın bu prosesdə “qarant” rolunu üstlənməsi həm üç ölkə, həm də bütün region üçün yeni iqtisadi və siyasi dividentlər vəd edir. Birgə Bəyannamə əsasən “qarşılıqlı fayda” prinsipi üzərində qurulub ki, bu da hər iki tərəfin siyasi olaraq qəbul edə biləcəyi balanslı və real sülh formuludur. Bu sənəd yalnız regional əməkdaşlığı gücləndirmir, həm də Asiya və Avropa arasında yeni körpülər salaraq geniş miqyasda stabilliyə töhfə verəcək”.
Millət vəkili bildirib ki, “Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu” adlı yeni diplomatik brend layihəsi, adının birbaşa Donald Trampla bağlı olması səbəbindən onun prosesdə “zəmanətçi” rolunu simvolizə edir:
“Bəyannamə beynəlxalq sərhədlərin toxunulmazlığı və güc tətbiqi ilə ərazi əldə etmənin qəbuledilməzliyi prinsiplərini özündə ehtiva edir. Sənədin əsas müddəaları qarşılıqlı suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının tanınması, ərazi iddialarından imtina, güc tətbiq etməmə və hədələməmək, sərhədlərin demarkasiyası və delimitasiyası, həmçinin diplomatik əlaqələrin qurulması və kommunikasiya yollarının açılmasıdır. Qeyd etmək lazımdır ki, sülh müqaviləsinin mətnini məhz Azərbaycan tərəfi hazırlayıb və bu fakt erməni mətbuatında da öz təsdiqini tapıb. Birgə Bəyannamə həm revanşist meyllərin qarşısını almaq məqsədilə güclü siyasi mesaj verir, həm də gələcəkdə sülhün dayanıqlılığını təmin edəcək möhkəm təməl yaradır. Qarabağdan köç etmiş ermənilərin geri dönüş məsələsinə gəldikdə isə, Oval Ofisdə jurnalistin ünvanladığı sual Paşinyan tərəfindən mikrofonu söndürülməklə cavabsız qaldı. Bu, həmin məsələnin sülh prosesinin tərkib hissəsi olmadığını və müzakirə mövzusu sayılmadığını göstərir. Həqiqətən də, 2023-cü ilin antiterror əməliyyatına qədər Ermənistan Sülh müqaviləsinin layihəsinə Qarabağdakı erməni sakinlərin statusunu əhatə edən bəndin əlavə olunmasını tələb edirdi. Lakin Azərbaycan prinsipial mövqedən çıxış edərək vurğuladı ki, daxili məsələlər dövlətlərarası sənədlərdə müzakirə mövzusu ola bilməz. Nəticədə, Azərbaycanın mövqeyi qəbul edildi və bu tələbdən imtina olundu. Bu tarixi addım regionda yeni dövrün başlanğıcıdır və sülhə gedən yolu açır. Qarşıda çətinliklər olsa da, tərəflərin üzərinə götürdüyü öhdəliklər gələcək əməkdaşlığın və qarşılıqlı etimadın möhkəmlənməsinə zəmin yaradacaq. Yeni reallıqların formalaşması, iqtisadi və siyasi sahələrdə perspektivlərin genişlənməsi bölgədə davamlı stabilliyin təminatıdır. Bu isə həm yerli əhali, həm də beynəlxalq cəmiyyət üçün uzunmüddətli faydalar gətirəcək”.
Leyla Turan
Demokrat.az
10Sources
-
azertag.azAzərbaycan və Ermənistan ATƏT-in Minsk qrupunun ləğvi üçün birgə müraciət ediblər ( 20239185)
-
news24.azAzərbaycan və Ermənistan dövlət sərhədinin delimitasiyası və demarkasiyası haqqında Saziş imzalayacaq ( 20236671)
-
news24.azAzərbaycan və Ermənistan bir-birinə qarşı hər hansı ərazi iddialarının olmadığını təsdiq edirlər ( 20236971)
-
news24.azAzərbaycan və Ermənistan arasında diplomatik münasibətlər QURULACAQ ( 20237055)
-
qaziler.azAzərbaycan və Ermənistan ATƏT-in Minsk Prosesinin ləğvi ilə bağlı müraciət ediblər ( 20239128)
-
tribunainfo.azAzərbaycan və Ermənistan itkin düşmüş şəxslərlə əlaqədar görüləcək tədbirləri müəyyənləşdirib ( 20239116)
-
poliqon.infoAzərbaycan Prezidentinin ABŞ-a səfəri, həmçinin Azərbaycan-Ermənistan normallaşma kontekstində mühüm nəticələr ilə əlamətdar olub ( 20239089)
-
baki-xeber.comSülh sazişinin icrasına nəzarət etmək üçün komissiya yaradılacaq... ( 20239035)
-
fed.azAzərbaycan və Ermənistan aralarındakı hərbi münaqişədə itkin düşmüş şəxslərlə bağlı tədbirlər görəcək ( 20238909)
-
poliqon.infoAzərbaycan və Ermənistan aralarındakı hərbi münaqişədə itkin düşmüş şəxslərlə bağlı tədbirlər görəcək ( 20238900)