Əl işləri qədim zamanlardan bəri insan həyatının ayrılmaz hissəsi olub. Ancaq müasir dövrdə sürətlə inkişaf edən texnologiya və qloballaşma ənənəvi sənətkarlıq peşələrinin tənəzzülə uğramasına səbəb olur. Bakı Peşə Təhsil Mərkəzinin zərgərlik ustası Şamaryayev Eduardla söhbətimizdə biz bu qiymətli sənətin incəliklərini, çətinliklərini və gənc nəsilin bu sahəyə marağını müzakirə etdik. 30 ildən artıq zərgər kimi çalışan Eduard bəy sənətkarlığın yalnız əl işi olmadığını, həm də səbr, zəhmət və böyük sevgi tələb etdiyini vurğulayır.
Operativ Media zərgər və təlim ustası Şamaryayev Eduardla müsahibəni təqdim edir:
– Eduard bəy, uzun illərdir ki, zərgər kimi fəaliyyət göstərirsiniz və həm də peşə məktəbində təlim ustası işləyirsiniz. Sizi ənənəvi sənətkarlıq peşələrinin müasir dövrdə tənəzzülə uğramasının səbəbləri barədə nə düşündürür?
– Həqiqətən, dünyada və Azərbaycanda ənənəvi sənətkarlıq növləri, o cümlədən zərgərlik, çəkməçilik, dərzilik və digər sahələr tənəzzülə uğrayır. Bunun əsas səbəbi müasir texnologiyaların, xüsusilə informasiya texnologiyalarının çox sürətlə inkişaf etməsidir. İndi gənclər daha çox asan, qısa zamanda pul qazandıran sahələrə maraq göstərirlər. Halbuki əl işi səbr, vaxt və zəhmət tələb edir. Mən 30 il zərgər kimi çalışmışam və peşəkarlığımı 20 ildən sonra hiss etmişəm, yaxşı gəlir isə 25 ildən sonra başladı. İnsanlar isə istəyirlər ki, dərhal, universiteti bitirən kimi yüksək maaş alsınlar. Bu səbəbdən sənətkarlıq sahələrinə maraq azalır.
– Bəs gənc nəsil bu peşələrə maraq göstərirmi?
– Ümumilikdə, maraq çox azdır. Mənim 3 mindən artıq tələbəm var, amma onların çoxu zərgər peşəsini seçmir. İndiki vaxtda çoxları İT və texnologiya sahələrinə üz tutur. Ancaq mən inanıram ki, bu yalnız müvəqqəti dövrdür. Sənətkarlıq həqiqətən seçilmişlərin işidir. Hər kəs bu yolda davam edə bilməz. Lakin kimin içində sənətə sevgi varsa, o, mütləq bu sahəyə qayıdacaq.
– Azərbaycanda "World Skills" kimi beynəlxalq peşə yarışları yeni başlamışdır. Bu hərəkat sənətkarlığın inkişafına necə təsir edir?
– "World Skills" Azərbaycanda yenidir, amma dünyada uzun illərdir mövcuddur. Mən Azərbaycanın zərgərlik üzrə "World Skills" komandasının məşqçisiyəm. Bu layihə peşəkarlığı artırmaq, gəncləri sənətə cəlb etmək baxımından çox önəmlidir. Ümid edirəm ki, bu kimi tədbirlər sənətkarlığın tənəzzülünü dayandıracaq və gənclərin marağını artıracaq.
– Ənənəvi sənətkarlıq peşələrinin yaşadılması üçün hansı addımlar atılmalıdır?
– İlk növbədə, təbliğat gücləndirilməlidir. İnsanlar əl işlərinin dəyərini anlamalıdırlar. Məktəblərdə və mədəni tədbirlərdə sənətkarlıq peşələri tanıdılmalı, usta ilə şagird arasında əlaqə gücləndirilməlidir. Dövlət dəstəyinin, müsabiqələrin artırılması, peşə təhsilinin maddi və mənəvi cəhətdən dəstəklənməsi vacibdir. Nəhayət, hər kəs bilməlidir ki, bu peşələr səbir və sevgi tələb edir, amma nəticəsi çox qiymətlidir.
Şəfa Hüseynli