EN

Eldar Quliyev: Prezident İlham Əliyev Cənubi Qafqaza sülh gətirdi

BAKI, 10 avqust. Teleqraf

Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Eldar müəllim, Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevlə, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşlərin nəticəsi olaraq bir sıra müsbət nəticələr əldə edildi. Əldə edilən bu nəticələrin Azərbaycan-ABŞ əlaqələrinin bundan sonrakı inkişafı və bölgə üçün təsirini necə dəyərləndirirsiniz?

- Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Amerikaya səfəri, keçirilən görüşlər, əldə edilən nəticələr tarixi əhəmiyyət kəsb edir. Bu eyni zamanda Azərbaycan və ABŞ münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması niyyətinin liderlər səviyyəsində təsdiqidir. Dünyanın bir nömrəli gücü ABŞ-la strateji tərəfdaşlığa nail olmaq istənilən ölkənin marağındadır. Təəsüf ki, ABŞ-in sabiq prezidenti və dövlət katibi Cozef Bayden və Entoni Blinken administrasiyasının məqsədi Azərbaycan qaralamaq, gözdən salmaq idi. 2023-cü ilin 19-20 sentyabr tarixlərindəki bir günlük antiterror əməliyyatından sonra Bayden-Blinken cütlüyü Azərbaycandan rəsmi nümayəndə heyətinin səfərlərini təxirə salmışdılar. Hətta Azərbaycana qarşı sanksiyalar barədə düşünənlər var idi.

Lakin Azərbaycan bütün bu təzyiqlərin qarşısında milli maraqlarından bir addım geri çəkilmədi. Prezident İlham Əliyevin ABŞ-ə səfəri çərçivəsində Azərbaycanla Amerika arasında strateji tərəfdaşlıq çərçivəsində enerji, nəqliyyat, ticarətdən tutmuş, süni intellekt, müdafiə sahəsində satışa qədər çoxsaylı istiqamətlər üzrə əməkdaşlıqla bağlı əldə edilən razılaşmalar münasibətlərin yeni dövrə qədəm qoyduğunu təzahür etdirir. Vaşinqtonda SOCAR-la “ExxonMobil” şirkəti arasında əməkdaşlıq memorandumu imzalandı. Azərbaycan Prezidentinin səfərində ikinci mühüm məqam Ermənistanla sülh prosesində əldə edilən tarixi nəticələr oldu. Bu xüsusda Azərbaycan və Ermənistanın Minsk Qrupunun ləğvi üçün birgə müraciət ünvanlaması olduqca önəmlidir. Tarixin qalığı olan Minsk Qrupu onsuz da de-fakto mövcuddeyildi. İndi onun rəsmən ləğv edilməsi keçmiş “Dağlıq Qarabağ” münaqişəsinin “sənədli-sübutlu” tamamilə bağlanması deməkdir. Bu, Azərbaycan üçün tarixi uğurdur.

- Əldə edilən memorandumun vacibliyini və təsir imkanlarını necə qiymətləndirirsiniz?

- ABŞ-Azərbaycan-Ermənistan arasında əldə edilən üçtərəfli memorandum tarixi mahiyyət kəsb edir. Artıq Ermənistanda və ondan kənarda revanşistlərin, Ermənistanın sabiq faşist prezidentləri - Ter-Petrosyan-Koçaryan-Sarkisyanın, erməni lobbisinin, Azərbaycan düşmənlərinin “tutacağ”ı heç nə qalmadı. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin paraflanması ilə Azərbaycan beynəlxalq müstəvidə düşmənlərini, xüsusən “bu gün-sabah Azərbaycan Zəngəzuru tutacaq” deyib gecə-gündüz ölkəmizə iftira yağdıranların əlini-qolunu bağladı, onların arqumentlərini əllərindən aldı. Bu xüsusda Zəngəzur dəhlizi məsələsi Prezident İlham Əliyevin dahi gedişlərindən biri kimi yüksək qiymətləndirilir. Bir vaxtlar bu təşəbbüslə Laçın yoluna qarşı əks balansın yaradılması da nəzərdə tutulurdu. Ermənistan sadəlövhcəsinə düşünürdü ki, Azərbaycan Qarabağda öz məqsədlərinə tam nail olandan sonra Zəngəzur dəhlizini unudacaq. 5 ilə qədər idi ki, Ermənistan məsələni yubatmağa, “sülh kəsişməsi” adlı utopik layihə irəli sürərək oyunbazlıqla məşğul olmasına baxmayaraq, Azərbaycan ən böyük məqsədlərindən birinə-Zəngəzur dəhlizinin açılmasına nail olur. “Tramp yolu” adlanmasına baxmayaraq, hamı başa düşür ki, söhbət məhz Zəngəzur dəhlizindən gedir. Azərbaycan ilk gündən təkid etdiyi maneəsiz gediş-gəliş ediləcək.

- ABŞ-Azərbaycan əlaqələrində yeni dövr üçün əsas istiqamətləri necə xarakterizə edərsiniz?

- Azərbaycan Prezidentinin Amerika səfəri iki mühüm istiqamət üzərində qurulmuşdu. Azərbaycan-ABŞ ikitərəfli əlaqələri və Azərbaycan-Ermənistan sülh gündəliyi əsas müzakirə mövzusu idi. Hələ 2024-cü ilin 5 noyabrında ABŞ-da keçirilən prezident seçkilərindən 3 ay öncə Şuşada keçirilən Qlobal Media Forumunda ABŞ-dakı seçkilərlə bağlı jurnalistin sualını cavablandırarkən Prezident İlham Əliyev böyük uzaqgörənlik və cəsarət nümayiş etdirərək o zaman prezidentliyə namizəd olan D.Tramp haqqında müsbət fikirlər söyləmiş, diplomatik dillə desək, onun namizədliyini dəstəklədiyini vurğulamışdı. Prezident İlham Əliyev bir neçə dəfə açıqlamalarında D.Trampın prezidentliyi dövründə ABŞ-in heç bir müharibəni başlatmadığını, onun ailə dəyərlərinə, ənənəvi dəyərlərə xüsusi önəm verdiyini önə çəkmişdi. Donald Tramp ABŞ Prezidenti seçildikdən sonra iki ölkə arasında münasibətlərin inkişafı üçün yeni imkanlar açılmağa başladı və hər iki lider arasında telefon danışığı, eləcə də çoxsaylı məktub mübadiləsi oldu. Artıq ABŞ-Azərbaycan münasibətləri keyfiyyətcə yeni mərhələyə doğru irəliləyir. “Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlığa dair xartiyanın inkişaf etdirilməsi məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu” əlaqələrin yeni dövr üçün xarakterini ortaya qoyur. Prezident Tramp tərəfindən "Azadlığı Müdafiə Aktı"na 907 saylı düzəlişin icrasını dayandıran sənəd imzalanması isə ölkəmizlə münasibətlərə verilən yüksək səviyəli dəyərin göstəricisi kimi qiymətləndirilir.

- Vaşinqtonda əldə edilən vacib qərarların Cənubi Qafqazda nəhayət qalıcı sülhü gətirəcəyini söyləmək olarmı?

- ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan arasında Vaşinqton görüşünün nəticəsi olaraq Birgə Bəyannamənin imzalanması olduqca önəmli addım idi. Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalamaq üçün 2 əsas şərti irəli sürmüşdü. Bunlar Minsk Qrupunun ləğvi ilə əlaqədar ATƏT-ə birgə müraciətin edilməsi və Ermənistan konstitusiyasina dəyişikliklərin edilərək Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması ilə bağlı idi. Azərbaycan və Ermənistan liderlərinin imzaladığı Birgə Bəyannamədə Minsk Qrupunun ləğv edilməsinə iki ölkənin ATƏT-in Baş Katibinə birgə müraciət edəcəyi təsdiqləndi. Eyni zamanda Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin və sülhün qurulmasına dair Sazişin mətni paraflanandan sonra adıçəkilən “sazişin imzalanması və ratifikasiyasına nail olmaq üçün növbəti addımların atılması”nın zəruriliyi tanınır. Yəni yekun sülh sazişinin imzalanması üçün əsas tələblərdən biri - Ermənistan konstitusiyasının dəyişdirilməsinin zəruriliyi qeyd edilir. Sözsüz ki, Vaşinqtonda əldə edilən uğurlar Azərbaycanın növbəti siyasi, diplomatik qələbəsidir. Bu Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın milli maraqlarının ən yüksək səviyyədə növbəti tərənnümü hesab edilir. Bu baxımdan əldə olunan bu uğurlar münasibətilə başda cənab Prezident İlham Əliyev olmaqla xalqımızı təbrik edirəm.

Chosen
86
50
teleqraf.com

10Sources