ain.az, Qaynarinfo portalına istinadən məlumat verir.
Vaşinqton görüşündə Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ prezidenti Donald Trampın iştirakı ilə Birgə Bəyannamə imzaladı. Bu, Azərbaycan-Ermənistan sülh danışıqlarında ilk mühüm nəticə olmaqla yanaşı, rəsmi Bakının İrəvan qarşısında irəli sürdüyü bütün tələblərinin qəbul edildiyi sənəddir.
Bəyannamənin detalları Prezident İlham Əliyevin Vaşinqton masasında Azərbaycanı qalib tərəfə çevirdiyini təsdiq edir.
Minsk qrupu de-yure tarixin arxivinə göndərilir
Azərbaycanın sülh sazişinin imzalanması üçün Ermənistan qarşısında irəli sürdüyü şərtlərdən biri ATƏT-in de-fakto mövcud olmayan Minsk qrupunun de-yure ləğvi ilə bağlı birgə müraciətin edilməsi idi. Birgə Bəyannamədə Azərbaycan və Ermənistanın Minsk qrupunun ləğv edilməsi məqsədilə ATƏT-in Baş Katibinə birgə müraciəti təsdiq olundu. Beləliklə, rəsmi Bakı istədiyinə nail oldu:
- Artıq mövcud olmayan Minsk qrupu de-yure də ləğv edilir;
- Keçmiş "Dağlıq Qarabağ” münaqişəsi məsələsi rəsmi şəkildə tamamilə bağlanır;
Ermənistan Konstitusiyası dəyişdiriləcək
Rəsmi Bakının ikinci əsas tələbi olan bu məsələ Birgə Bəyannamədə öz əksini tapır. Bəyannamədə qeyd olunur ki, "biz Sazişin imzalanması və yekun olaraq ratifikasiyası üçün əlavə tədbirlərin görülməsinin davam etdirilməsinə ehtiyac olduğunu qəbul etdik”. Bu, o deməkdir ki, yekun sülh sazişinin imzalanması üçün "əlavə tədbirlər”, yəni Ermənistan konstitusiyası dəyişdirilməsi təmin ediləcək, yalnız bundan sonra imzalar atılacaq.
Zəngəzur dəhlizi reallaşır
Bəyannamədə Azərbaycanın Naxçıvana maneəsiz çıxışının təmin edilməsi – Zəngəzur dəhlizi ilə bağlı iki qeyd yer alır.
1. "Biz regionda və onun qonşuluğunda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında sülhün, sabitliyin və rifahın təşviqi üçün iki ölkə arasında ölkədaxili, ikitərəfli və beynəlxalq nəqliyyatın təmini məqsədilə kommunikasiyaların açılmasının əhəmiyyətini bir daha təsdiq etdik. Bu səylər Azərbaycan Respublikasının əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını və Ermənistan Respublikası üçün beynəlxalq və ölkədaxili bağlantılar üzrə qarşılıqlı faydaları ehtiva edir”;
2. Ermənistan Respublikası Ermənistan Respublikasının ərazisində "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) bağlantı layihəsi üçün çərçivənin müəyyən edilməsi məqsədilə Amerika Birləşmiş Ştatları və qarşılıqlı müəyyən edilmiş üçüncü tərəflər ilə əməkdaşlıq edəcəkdir. Biz bu məqsədə ən qısa zamanda nail olmaq üçün xoş niyyətlə səy göstərməyə dair qətiyyətimizi təsdiq edirik”;
Azərbaycanın Naxçıvana maneəsiz bağlantısı vurğulanır və TRİPP layihəsi çərçivəsində Ermənistanın ABŞ və "üçüncü tərəflərlə”, yəni Azərbaycanla əməkdaşlığı öz əksini tapır.
Prezident İlham Əliyevin Vətən müharibəsindən sonra gündəmə daxil etdiyi Zəngəzur dəhlizi Azərbaycanın tam maraqlarına uyğun şəkildə - Naxçıvana maneəsiz gediş-gəlişin təmin edilməsi ilə həyata keçirilir. Burada əsas qarant rolunu ABŞ prezidenti Donald Tramp oynayacaq. Bu marşrut TRİPP adlandırılsa da, mahiyyətin Zəngəzur dəhlizindən ibarət olduğu aydındır.
Yekun sülh sazişinə doğru mühüm addım
Azərbaycan və Ermənistan Vaşinqtonda sülh sazişinin paraflanması üzərində razılıq əldə etdi. Birgə Bəyannamədə qeyd olunur ki, "Biz və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in razılaşdırılmış mətninin tərəflərin xarici işlər nazirləri tərəfindən paraflanmasına şahidlik etdik”.
Bu, sülh müqaviləsinin bağlanması demək deyil, lakin irəliyə doğru atılmış mühüm addımdır. Artıq yekun sülh müqaviləsinin önündə ciddi maneə qalmayıb.
- ATƏT-in Minsk qrupunun de-yure buraxılması ilə bağlı müraciət edildi;
- Azərbaycanın Naxçıvana maneəsiz keçidinin təmin edilməsi – Zəngəzur dəhlizi reallaşdırıldı;
- Həllini gözləyən məsələ Ermənistan Konstitusiyasının dəyişdirilməsidir: bəyannamədə də bu istiqamətdə addımın atılması qeyd olunur və 2026-cı ildə Ermənistanda konstitusiya dəyişikliyi ilə əlaqədar referendum keçirildikdən sonra sülh sazişinin yekun imzalanması həyata keçiriləcək;
Azərbaycan-Ermənistan münasibətlərində, ümumilikdə Cənubi Qafqazda bu gecədən etibarən yeni dövr başlayır. Bu dövrün memarlarından biri ABŞ Prezidenti Donald Trampdır. Təsadüfi deyil ki, Azərbaycan və Ermənistan liderləri bu səylərinə görə Trampın Nobel Sülh Mükafatına layiq görülməsi təklifini irəli sürüb. Trampın Azərbaycan-Ermənistan normallaşma prosesində yaxından iştirakı Karterin 1978-ci il Kemp-Deviddə Misir ilə İsrail arasında imzalanmış müqavilə ilə müqayisə olunur.
Bölgədəki yeni reallığın əsas memarı isə məhz Prezident İlham Əliyevdir.
"Müharibədə qalib gələn və sülhü qazanan lider”.
Bu ifadə tarixdə Roma imperatoru Oktavian Avqust haqqında deyilib. XXI əsrdə müharibədə qalib gəldikdən sonra sülhü qazanan yeganə lider isə Prezident İlham Əliyevdir. Azərbaycan yeganə ölkədir ki, müharibənin qalibi olmaqla yanaşı, sülh danışıqlarının da qazanan tərəfinə çevrildi. Buna məhz Prezident İlham Əliyevin siyasəti nəticəsində nail olduq.
2020-ci il Vətən müharibəsində Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur edildi. Sonrakı müddətdə Azərbaycan qələbənin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atdı:
- "Qisas əməliyyatı” da daxil olmaqla bir neçə lokal əməliyyat keçirirək, Ermənistan ordusunun qalıqlarını, qeyri-qanuni erməni silahlı dəstələrini çətin duruma saldı, Laçında sərhəd keçid məntəqəsinin qurulmasına nail oldu.
- 2023-cü ildə Azərbaycan 24 saatlıq antiterror əməliyyatı ilə özünün tam suverenliyini bərpa etdi.
Beləliklə, Azərbaycanın adı II Dünya müharibəsindən sonra – son 80 il ərzində müharibənin tam qalibi olan ölkə olaraq tarixə düşdü.
İlham Əliyev müharibədə qalib gəldi, növbə sülhü qazanmaq idi. Bölgədə sülh gündəliyinin də əsas təşəbbüskarı olan Prezident İlham Əliyev Ermənistana "5 əsas prinsip” təqdim etdi:
1. Bir-birinin suverenliyinin, ərazi bütövlüyünün, sərhədlərin toxunulmazlığının tanınması;
2. Bir-birinə qarşı ərazi iddiası ilə çıxış etməmək;
3. Bir-birinə qarşı güc tətbiq etməmək, güc tətbiqi ilə hədələməmək;
4. Sərhədlərin demarkasiyası və delimitasiyası, diplomatik münasibətlərin qurulması;
5. Kommunikasiyaların açılması.
17 maddədən ibarət sülh sazişinin mətnini də Azərbaycan tərəfi hazırlayıb. 44 günlük müharibədən sonra sülh danışıqlarını imitasiya edən Ermənistan 2023-cü ildə anti-terror əməliyyatından sonra "real gündəmə” qayıtmağa məcbur oldu. Buna qədər Ermənistan Qarabağda yaşayan ermənilərlə bağlı məsələni sülh sazişinə daxil etməyə, faktiki olaraq, separatçıları "tərəfə” çevirməyə çalışırdı. Lakin Prezident İlham Əliyev buna imkan vermədi. Azərbaycan Prezidenti sülh danışıqları dövründə Ermənistanın maraqlarının təmin edilməsi üçün ölkəmizə qarşı təzyiq siyasəti aparan Bayden-Blinken administrasiyasının, eləcə də Avropada Fransa başda olmaqla ermənipərəst qüvvələrin və erməni diasporu/lobbisinin də oyunlarını alt-üst etdi.
2025-ci ilin mart ayında yekunlaşan sülh danışıqları bu gün Vaşinqtonda Azərbaycanın bütün tələblərinin qəbul edildiyi Birgə Bəyannamə ilə yekunlaşdı. Müharibədən sonra sülhü də qazanmaq istiqamətində strateji addımlar atan Prezident İlham Əliyev Azərbaycana növbəti Zəfəri bəxş etdi. Bu Zəfər həm də ümumilikdə Cənubi Qafqaza sabit gələcək bəxş edir.
Asif Nərimanlı
(Publika.az)
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.