EN

Azərbaycanın sülh gündəliyi beynəlxalq təhlükəsizlik arxitekturasının formalaşması baxımından mühüm önəm kəsb edir RƏY

Bakı, 8 avqust, AZƏRTAC

Bu gün bütün dünyanın diqqəti Amerika Birləşmiş Ştatlarına yönəlib. Azərbaycan Prezidenti İlham Əliyevin, ABŞ Prezidenti Donald Trampın və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə baş tutacaq görüşlər, imzalanacaq sənədlər Prezident Donald Trampın qeyd etdiyi kimi, dünya üçün tarixi əhəmiyyətə malikdir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov deyib.

O qeyd edib ki, dövlətimizin başçısının müdrik və praqmatik siyasəti nəticəsində bu gün beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, regional lider və qlobal enerji təhlükəsizliyinə dəyərli töhfə verən ölkə kimi Azərbaycana böyük hörmət və ehtiram göstərilir, onun mövqeyi qəbul olunur. Dünya dövlətlərinin Azərbaycana, ölkəmizin təşəbbüskarı olduğu layihələrə olan münasibətləri, bu layihələrdə fəal iştirakları dövlətimizin qüdrətinin əyani göstəricisidir.

“Beş il öncə Vətən müharibəsində, 2023-cü ildə antiterror tədbirlərində parlaq zəfərlər qazanaraq ərazi bütövlüyünü və dövlət suverenliyini bərpa edən Azərbaycanın müəyyənləşdirdiyi sülh gündəliyi bu gün beynəlxalq birlik tərəfindən də qəbul olunur”, - deyən komitə sədri bildirib ki, Prezident İlham Əliyevin sülh təşəbbüsləri, xüsusən də münaqişədən sonrakı dövrdə Cənubi Qafqazda yeni əməkdaşlıq formatlarının yaradılması istiqamətində atdığı müdrik addımlar region və dünya ölkələri tərəfindən yüksək qiymətləndirilir. Bölgəyə uzunmüddətli sabitlik və qarşılıqlı faydalı əməkdaşlıq gətirəcək bu siyasət Cənubi Qafqaz regionu üçün yeni bir inkişaf dövrünün başlanğıcı olacaq.

Ş.İsmayılov bildirib ki, Azərbaycan tərəfindən irəli sürülən sülh təşəbbüsləri dövlətimizin başçısının illərdir həyata keçirdiyi, regional sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edən praqmatik xarici siyasət kursunun davamıdır. Böyük qürurla deyə bilərik ki, ölkəmizin beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan ədalətli mövqeyi artıq reallığa çevrilib. Azərbaycanın təşəbbüskarı olduğu sülh gündəliyi yalnız regional deyil, eyni zamanda, beynəlxalq təhlükəsizlik arxitekturasının formalaşması baxımından da mühüm yer tutur. “Bu xüsusda, Azərbaycan Prezidentinin təşəbbüsü olan Zəngəzur Dəhlizinin reallaşması beynəlxalq əməkdaşlıq üçün yeni imkanlar yaratmaqla yanaşı, regionun iqtisadi inkişafı üçün yeni üfüqlər açır. Həmçinin ABŞ-ın bu dəhlizə marağı onun beynəlxalq logistik sistemlərə inteqrasiyasını, Avrasiya geosiyasi məkanında yeni əməkdaşlıq formatlarının yaranmasını sürətləndirəcək”, - deyə parlamentin komitə sədri vurğulayıb.

O qeyd edib ki, Vaşinqtonda aparılacaq müzakirələr regionda davamlı sülhün, sabitliyin və əməkdaşlığın təmin olunması ilə bərabər, Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin inkişafı baxımından da müstəsna rola malikdir. Donald Tramp və onun Administrasiyası Azərbaycan-ABŞ münasibətlərinin inkişafına da xüsusi önəm verir. Cənubi Qafqazın lider ölkəsi ilə əməkdaşlıq ABŞ üçün də strateji əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycan Prezidentinin ABŞ səfəri ikitərəfli əlaqələrə yeni istiqamət verəcək.

“Azərbaycan və ABŞ prezidentlərinin qarşılıqlı xoş münasibətləri də ikitərəfli əməkdaşlığın inkişafında müstəsna rola malikdir. Azərbaycan Prezidentinin Donald Tramp haqqında səsləndirdiyi müsbət fikirlərə ABŞ Prezidentinin xoş reaksiya göstərərək sosial media hesabında paylaşması liderlər arasındakı qarşılıqlı hörmətə əsaslanan münasibətlərin bariz nümunəsidir. Bu cür şəxsi münasibətlər iki ölkə arasında qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsinə əsaslı zəmin yaradır”, - deyə komitə sədri vurğulayıb.

Enerji təhlükəsizliyinin, regional sabitliyin və terrorizmə qarşı mübarizə sahələrində səmərəli əməkdaşlığın iki ölkənin münasibətlərinin dərinləşməsi üçün geniş imkanlar yaratdığını vurğulayan Ş.İsmayılov deyib: “Hesab edirəm ki, dünən dövlətimizin başçısı İlham Əliyevin və ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffun iştirakı ilə SOCAR-la “ExxonMobil” şirkəti arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalanması iki ölkə arasında əməkdaşlığın genişləndirilməsinə mühüm töhfədir. Azərbaycanın ABŞ ilə əməkdaşlığı, həmçinin innovativ və kosmik texnologiyalar, süni intellekt həlləri sahələrində ABŞ şirkətlərinin əldə etdiyi təcrübədən yararlanmaq üçün də önəmli imkan yaradır.

Beləliklə, Azərbaycan Prezidentinin qətiyyətli, prinsipial mövqeyi, uzaqgörən siyasi liderliyi ölkəmizi daha böyük uğurlara doğru inamla aparır”.

Chosen
16
1
azertag.az

2Sources