EN

Dünyanı gözləyən "X" saatı nədir?

BAKI, 8 avqust. TELEQRAF

Latviyanın keçmiş səhiyyə naziri Peteris Apinis həmvətənlərini mümkün böhran vəziyyətlərinə əvvəlcədən hazırlaşmağa çağırıb. O, TV24-də çıxış edərək ölkə sakinlərinə öz mülklərində gizlənmək üçün yer qurmağı - evdən təxminən on metr aralıda çəllək basdırmağı tövsiyə edib. Eyni zamanda, onun sözlərinə görə, qab kifayət qədər möhkəm olmalıdır ki, gəmiricilər içəri girməsin. Apinis ömürlü məhsulların, eləcə də içməli su təchizatının belə bir sığınacaqda saxlanmasını təklif edib. O, oraya az miqdarda nağd pul qoymağı da məsləhət görüb və qeyd edib ki, “X” saatı deyilən vaxt gələndə bank kartları yararsız ola bilər.

Bəs mümkün böhran vəziyyəti nədir? Bu çağırış nədən xəbər verir? "X" saatı dedikdə nə nəzərdə tutulur?

Mövzu ilə bağlı informasiya texnologiyaları üzrə mütəxəssis Fərid Kazımov Teleqraf-a açıqlamasında bildirib ki, “X” saatı dedikdə qlobal və lokal olaraq bəzi qaydaların dəyişməsi, hər şeyin sıfırlanması nəzərdə tutulur.

Onun sözlərinə görə, müxtəlif illər və əsrlər boyu dünyanın sonunun gəlməsi məsələsi gündəmə gətirilib və bu, ”X” saatı deməkdir:

“Məsələn, 1999-cu il 31 dekabr saat 24:00-dan 2000-ci ilə keçən zaman “X” saatı olacağı, bütün kompüterlərin sıfırlanacağı və s. deyilirdi. “X” saatı hər hansı ölkə üçün deyil, bütün dünya üçün nəzərdə tutulur. Biz bunun oxşarını pandemiya dövründə yaşadıq. Həmin dövrdə ölüm həddi 0.5-1% idi. Cüzi ölüm sayı var idi və xəstəlik də çox qorxulu deyildi, amma bunu şişirirdilər. Bu ölümlərin sayı 20-30% olsaydı, onda biz “X” saatının çatacağını deyə bilərdik. Gələcəkdə çox çətin, qarşısı alınacaq xəstəliklərin yayılacağı və dünyanın mövcud idarəetmə sisteminin çat verəcəyi ilə bağlı proqnozlar var. Bu, artıq qlobal məsələdir.

Buna görə Latviyanın keçmiş səhiyyə naziri də gələcəkdə elə halların ola biləcəyi səbəbindən bu cür mülahizələr irəli sürüb. Səslənən fikirlər müharibə təhlükəsi ilə bağlı ola bilər. 1945-ci ildən etibarən rahat yaşayan Avropa, ümumiyyətlə, təhlükəsizliyinə pul xərcləmirdi. Onun təhlükəsizliyini NATO bloku və Amerika təmin edirdi. Reallıq onların çox yaxşı müdafiə fondu olmadığını göstərdi. İstənilən halda Avropa özü özünə arxayın olmalıdır. Buna görə də bəzi ölkələrdə artıq hərbi çağırışlara başlanılır. İnsanlara belə çağırışlar etmək də bununla bağlı ola bilər”.

O bildirib ki, dünyada ekstremal həyat nəzəriyyəsi var, müxtəlif icmalar bu nəzəriyyə ətrafında insanları birləşdirir.

“Nəzəriyyənin konsepti odur ki, vaxt gələcək və idarəetmə sistemi işləməyəcək, insanlar məcbur olub sağ qalmaq üçün müəyyən addımlar atmalı olacaqlar. Həmin nəzəriyyənin tərəfdaşları belə ekstremal vəziyyətlərdə udmaq üçün insanları müxtəlif addımlar atmağa hazırlayırlar. Nəzəriyyədə olan təhlükələrin arasında müharibə, pandemiya, yadplanetlilərin hücumu kimi məsələlər də var. Belə hallarda internet, bank kartları, su, işıq olmaya bilər”, - o əlavə edib.

F. Kazımov yaxın 30-50 il ərzində bizi belə təhlükələr gözləmədiyini deyib:

“Ən real təhlükələrdən biri yenidən pandemiyanın baş verməsi ola bilər. Bununla bağlı da dünya belə halların qarşısını almaq üçün 2020-2021-ci illərdə “təlim” keçdi”.

O, hazırda “X” saatına gətirəcək ehtimal olunan müəyyən nəzəriyyələrin olduğunu bildirib.

“2050-2070-ci illərdə Amerika ərazisində Yelloston vadisinin altında yerləşən böyük vulkanın püskürməsi ehtimalı var. Diametri 50 km olan bu vulkan püskürsə, Amerika tamamilə məhv ola bilər. Vulkan püskürəndə qalxan sunami isə Avropanın 20-30%-ni su ilə yuya bilər. Beləliklə, Böyük Britaniya, Fransa kimi ölkələr dəniz altında qala bilər. Vulkandan göyə qalxan kül Günəşin üzünü 2-3 il alacaq və havanın temperaturu çox aşağı düşəcək. Bunların qarşısını almaq üçün Yelloston ərazisində yerin altındakı qaz, həmin havanın çıxması üçün müəyyən qurğularla quyular qazılır. Bu səslənən nəzəriyyələr "X" saatına gətirib çıxara bilər”, - F. Kazımov əlavə edib.

Chosen
44
teleqraf.com

1Sources