EN

Vaşinqton görüşü: prosesin davamlılığını təmin edən dönüş nöqtəsi

"Vaşinqton görüşünün əhəmiyyəti ondan ibarətdir ki, sülh prosesi qüvvəsində qalır və Ermənistanın oyunbazlığına, süni bəhanələrlə prosesi ləngitməsinə imkan verilmir. Abu-Dabi görüşündən sonra baş tutacaq Vaşinqton danışıqları göstərir ki, proses fasiləsiz və ardıcıl şəkildə davam edəcək".

Bu sözləri Demokrat.az-a açıqlamasında poıitoloq Tofiq Abbasov deyib. 

"Ermənistan uzun müddət çalışıb ki, vaxt qazansın və danışıqları bilərəkdən ləngitsin. Bu, əslində, prosesi sabotaj etməyin bir forması idi. İndi isə görüş ABŞ Prezidentinin təşəbbüsü ilə keçiriləcək. Lakin burada diqqətçəkən əsas məqam – prosesin önündə Azərbaycanın dayanmasıdır. Trampın bu prosesdə iştirak niyyəti nə qədər fəal olsa da, təşəbbüs və liderlik Azərbaycana məxsusdur".

O bildirib ki, əvvəllər üç əsas platforma mövcud idi- Moskva, Brüssel və Vaşinqton:

"İndi isə Donald Tramp bu prosesə siyasi dividendlər qazanmaq və Nobel Sülh Mükafatına namizəd olmaq məqsədilə qoşulmağa çalışır. Lakin prosesin müəllifi və aparıcı qüvvəsi Prezident İlham Əliyevdir. Sülh gündəliyinin müəllifi məhz Azərbaycandır.

Azərbaycan ilk olaraq Ermənistana beş prinsipdən ibarət sülh paketi təqdim etdi. Ardınca əməkdaşlığa və inteqrasiyaya çağırış edildi. Təəssüf ki, Ermənistan bu imkanları vaxtında dəyərləndirə bilmədi.

Beş il sonra bu gün artıq ABŞ prosesi daha fəal şəkildə yönləndirir və Ermənistana təzyiqlər artır. Vaşinqton İrəvana bildirir ki, bu prosesdən yayınmaq mümkün deyil. Abu-Dabi görüşündə də ABŞ-ın koordinasiya rolunu müşahidə etdik. Təşkilati və texniki məsələləri ABŞ öz üzərinə götürmüş, BƏƏ-yə görüşün təşkili üçün tövsiyə vermişdi.

 Politoloq deyib ki, bu yekun deyil:

"Sülh müqaviləsi hələ imzalanmayıb, lakin proses davam edir. Ermənistan artıq həm Azərbaycan, həm də ABŞ tərəfindən daha sıx təzyiq altında saxlanılır. Bundan sonra bəhanələrlə prosesi ləngitmək, daxili vəziyyətlə əlaqələndirmək mümkün olmayacaq.

Sülh xalqlara lazımdır. Ona doğru irəliləyənlər bunu açıq niyyət və qətiyyətlə etməlidirlər. Xüsusilə də Ermənistan cəmiyyəti artıq yorulub. Azərbaycan xalqı isə 30 il ərzində ağır sınaqlardan keçdi. Erməni təbliğatı beynəlxalq ictimaiyyəti aldadaraq ölkəmizi çətin vəziyyətə salmağa çalışdı. Amma Azərbaycan diplomatik manevrlərlə bu təzyiqləri dəf etməyi bacardı.

Bu gün Azərbaycan sülh prosesinin başlıca aparıcı qüvvəsidir. Ermənistan bu mərhələdə geridə qalır. Əslində, Ermənistan Azərbaycana minnətdar olmalıdır. Çünki bölgənin təhlükəsizliyi və sabitliyi üçün vacib olan bu prosesin təşəbbüskarı, müəllifi və təşkilatçısı da məhz Azərbaycandır. Bu sülh formatı bütün regionun inkişafı üçün fürsət yaradır.

Donald Trampın da öz məqsədləri var. O çalışacaq ki, tərəflər bir-birinə yaxınlaşsın və eyni zamanda öz siyasi hədəflərinə çatsın".

Əfsanə Kamal
Demokrat.az
Chosen
11
demokrat.az

1Sources