ABŞ Prezidenti Donald Tramp "Azadlığı Müdafiə Aktı"na 907 saylı düzəlişin icrasının dayandırılması haqqında sənəd imzalayacaq.
Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, bu, azadlığa dəstək aksiyasıdır.
"907-ci düzəlişin dondurulması ilə bağlı sərəncam imzalanacaqsa, təbii ki, bunun üçün Konqresin də hərəkətə keçməsi lazımdır və düşünürəm ki, bu sənəd Konqresə təqdim olunacaq. Konqresdə isə respublikaçılar üstünlük təşkil edir və ümumiyyətlə, 907-ci düzəliş tamamilə əfv olunmalıdır. Çünki bu düzəliş ədalətsizdir və artıq Qarabağ münaqişəsi də həll olunub".
Müsahibimiz bildirdi ki, 907-ci düzəliş 1990-cı illərdə Ermənistanın guya Azərbaycanı blokadada saxlaması səbəbindən tətbiq edilmişdi:
"Artıq ABŞ ilə Azərbaycan arasında iqtisadi və siyasi strateji əməkdaşlıq xarakteri daşıyan işçi qrupu yaradılıb. ABŞ artıq siyasi iradəsini ortaya qoyub və Azərbaycanla strateji tərəfdaşlıq istiqamətində siyasət həyata keçirilir.
Bu səbəbdən 907-ci düzəlişin qüvvədə qalmasına, hətta dondurulmasına belə ehtiyac yoxdur o, tamamilə ləğv olunmalıdır. Azərbaycan da bu istiqamətdə ABŞ ilə aktiv danışıqlar aparır. Bu addım Azərbaycanın regiondakı geosiyasi mövqeyini gücləndirir. Əlavə olaraq, bu, bizim milli, təhlükəsizlik, iqtisadi maraqlarımıza da uyğundur. Beləliklə də, Azərbaycan bölgədə söz sahibi olur", - deyə politoloq qeyd etdi.
Xədicə BAXIŞLI