İlham Əliyev ilə Donald Tramp arasındakı vacib, səmimi və işgüzar dialoq...
Yeni çağırışlar üçün: əməkdaşlıq, dostluq və etimad...
Danılmaz həqiqətdir ki, Azərbaycan yeni dövrdə qlobal mühitin ən diqqətçəkən aktorlarından birinə çeviib. Mühüm strateji geocoğrafi ərazidə təhlükəsizlik arxitekturası yaratması, bütövlükdə, geniş bir coğrafiyada iqtisadi əməkdaşlıq perspektivlərini gücləndirməsi, ən əsası isə qütblərarası, hətta sivilizasiyalararası münasibətlərin inkfına verdiyi töhfə Azərbaycanın nəinki yerləşdiyi bölgədə, bütövlükdə, qlobal anlamda aparıcı güc kimi əhəmiyyətini artırıb. Rəsmi Bakının bütün platformalar üzrə yaxın tərəfdaş, inamlı əməkdaş statusu daha da möhkəmlənib. Ölkəmiz dünyada meydana çıxan yeni çağırışlar fonunda beynəlxalq həmrəyliyin güclənməsinə davamlı töhfələr verir. Xoş mərama əsaslanaraq irəli sürdüyümüz təşəbbüslər dünya ölkələri və müxtəlif beynəlxalq təşkilatlar arasında körpülərin yaradılmasına, etimad mühitinin möhkəmlənməsinə, əlaqələrin intensivləşməsinə, sülhün və beynəlxalq təhlükəsizliyin daha da dərinləşməsinə xidmət edir. Həm çoxtərəfli, həm də ikitərəfli əlaqələrin inkişafına xüsusi önəm verən Azərbaycanın bu geniş diapazonlu fəaliyyəti dünyanın aparıcı dövlətləri tərəfindən də təqdir olunur. Bu gün rəsmi Bakı ilə strateji təmasların gücləndirilməsi istiqamətində atılan addımlar bunu təsdiqləyir. Xüsusi olaraq qeyd edilməlidir ki, bu məsələ güc mərkəzlərinin də gündəliklərində ən aktual prioritet kimi göstərilir. Dünyanın aparıcı güc mərkəzi kimi xarakterizə olunan ölkələr Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduqlarını irəli sürürlər. Azərbaycan da bu münasibətin qarşılığında hər zaman dostluq və işgüzar əməkdaşlıq əlaqələrinin daha da dərinləşdirilməsi üçün səy göstərir.
Bu mənada, yeni bir mərhəldə inkişaf etmpi əldə etmiş ABŞ-Azərbaycan əlaqələri xüsusilə diqqət çəkir. Hər iki ölkənin başçıları arasında səmimi münasibətlər, işgüzar əlaqələr, ölkələrinin, eləcə də qlobal maraqların qorunması yönündə ədalətli və beynəlxalq hüquqa söykənən davranışlar sərgiləməsi Bakı-Vaşinqton təmaslarını yeni çağırışlar, müasir standartlar üzərindən kodlaşdırır. Vurğulandığı kimi, dövlət başçıları arasında mühüm siyasi dialoqun mövcudluğu ölkələrin dost və tərəfdaş statusunda yaxınlaşmasını təmin edir.
Trampın qayıdışı: yeni mərhələ, yeni çağırışlar...
Donald Trampın ABŞ-da yenidən hakimiyyətə qayıdışı Vaşinqtonun son bir neçə ildə yürütdüyü qeyri-adekvat siyasətə son qoydu - bir çox regionlar kimi Azərbaycan ilə də münasibətlərdə yeni bir mərhələ başlandı. İndiki mərhələdə Vaşinqton özünün mənafeyinə uyğun siyasət qurur. Bu ilin aprelində ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı Prezident İlham
Əliyev bildirib ki, onlarn (Tramp administrasiyası - red.) indiki siyasəti daha çox Amerikanın milli maraqlarına əsaslanacaq və qeyd edə bilərəm ki, hazırda onlarla çox güclü münasibətlər bu bölgə üçün vacibdir: “Azərbaycan Cənubi Qafqazın aparıcı ölkəsi, Qlobal Cənubun bir hissəsidir. Bizim Qoşulmama Hərəkatında güclü mövqeyimiz, Mərkəzi Asiya ilə yaxşı əlaqələrimiz var. İqtisadi baxımdan güclü, enerji resurslarına, ordusunun döyüş meydanında sübuta yetirilmiş gücə malik olan ölkəyik. Buna görə biz Birləşmiş Ştatlar üçün çox mühüm tərəfdaş ola bilərik”.
Dövlət başçısı vurğulamışdı ki, Tramp administrasiyası ilə yüksək səviyyəli təmaslarımız qurulub. Bizim qəbul oluna biləcək qarşılıqlı gündəliyimiz mövcuddur: “Düşünürük ki, bu dövr tərəfdaşlığın gücləndirilməsi üçün çox yaxşı imkana çevriləcək. İlk prezidentliyi dövründə də Azərbaycanın Tramp adminstrasiyası ilə yaxın münasibətləri var idi, heç bir böhran yox idi. Mənim fikrim ondan ibarətdir ki, münasibətlərmiz daha fəal olacaq və onların indiki siyasəti daha çox ABŞ-ın milli maraqlarına əsaslanacaq”.
Azərbaycan və ABŞ-ın birgə səyləri: yeni münasibətlərə doğru...
Bu günün rakursundan səslənən fikirlər artıq öz təsdiqini tapmaqdadır. İki dövlət arasında və iki dövlət başçısı arasında olduqca səmimi münasibətlər mövcuddur. Dövlətimizin başçısı hələ 2024-cü ilin noyabrında prezident seçilməsi münasibətilə Donald Trampa təbrik məktubu ünvanlamışdı. Məktubda Azərbaycanın ABŞ ilə münasibətlərin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verdiyi bildirilirdi, Trampın prezidentliyi dövründə Azərbaycan-ABŞ münasibətlərinin yeni inkişaf mərhələsinə qədəm qoyacağına əminlik ifadə olunurdu: “İnanırıq ki, Sizin yeni prezidentlik dövrünüzdə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında münasibətlər daha da möhkəmlənəcək, yeni əməkdaşlıq sahələri müəyyən olunacaqdır”.
Azərbaycan Prezidenti, həmçinin Amerika Birləşmiş Ştatlarının Prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə 2024-cü il noyabrın 25-də Donald Trampa telefonla zəng edib. Prezident İlham Əliyev telefon danışığında vurğulayıb ki, Prezident Donald Trampın fəaliyyəti dünyada təhlükəsizliyin təmin olunmasında daha da önəmli rol oynayacaq. Birinci prezidentliyi dövründə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında dostluq və əməkdaşlığın möhkəmlənməsinə Donald Trampın xüsusi diqqət yetirdiyini deyən dövlətimizin başçısı ikitərəfli əlaqələrimizin irəli aparılması üçün birgə səylər göstəriləcəyinə ümidvar olduğunu ifadə edib. Donald Tramp öz növbəsində səmimi təbriklərə görə Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirib və ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə birgə səylərlə çalışmağın vacibliyini vurğulayıb.
Prezident İlham Əliyev Donald Trampa Amerika Birləşmiş Ştatlarının 47-ci Prezidenti kimi fəaliyyətə başlaması münasibətilə ünvanladığı 2025-ci il 21 yanvar tarixli məktubunda onun gələcək fəaliyyətinin dünyada sülhün təşviqində, beynəlxalq təhlükəsizliyin gücləndirilməsində önəmli rol oynayacağına əminliyini ifadə edib.
Azərbaycan Prezidenti Tramp administrasiyası dövründə ABŞ ilə münasibətlərimizin və güclü tərəfdaşlığımızın yenidən qurulmasına çox nikbin baxdığını hər zaman vurğulayıb. Bu Azərbaycan tərəfinin strateji əməkdaşlığın bərpası və inkişafı üçün möhkəm siyasi iradəsini bir daha nümayiş etdirib və iki ölkə arasında etimadın yenidən qurulması istiqamətində atılan addımların davamlılığını göstərib.
Dövlətimizin başçısının Amerika Birləşmiş Ştatlarının Müstəqillik Günü münasibətilə Prezident Donald Trampa iyulun 1-də ünvanladığı təbrik məktubunda da bir sıra mühüm və strateji əhəmiyyətli mesajlar yer alıb. Bildirilib ki, Amerika Birləşmiş Ştatları Azərbaycanın uzun illərdən bəri enerji sahəsində sadiq tərəfdaşıdır. Azərbaycanın enerji strategiyasına, eləcə də regionda sabitliyə və inkişafa xidmət edən nəhəng infrastruktur layihələrinin həyata keçirilməsinə ABŞ-ın göstərdiyi davamlı dəstəyi yüksək qiymətləndiririk. Dövlət başçımız bu gün ölkələrimiz arasında dostluq əlaqələrini və tərəfdaşlığı keyfiyyətcə yeni səviyyəyə yüksəltmək üçün yaxşı imkanların olduğunu bildirərək deyib: “İqtisadi-ticari, energetika, nəqliyyat, sənaye, aviasiya, yüksək texnologiyalar, sərmayə qoyuluşu və digər mühüm sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımızın inkişafı üçün böyük potensial mövcuddur”.
Trampdan Bakıya mesaj: Sizinlə işləməyi səbirsizliklə gözləyirəm
Paralel olaraq ABŞ Prezidentinin də Azərbaycan ilə münasibətlərə böyük önəm verdiyi ortadadır. Dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına yönəlmiş qarşılıqlı siyasi iradə ABŞ-dan verilən yüksəksəviyyəli mesajlarda da öz əksini tapır. ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevə Novruz bayramı münasibətilə ünvanladığı məktubda Azərbaycanla Amerika arasında birgə fəaliyyətin zəngin tarixə malik olduğunu vurğulayıb, qarşıdakı illərdə əldə edə biləcəyimiz möhtəşəm məqamları səbirsizliklə gözlədiyini bildirib. O, Azərbaycanın və Ermənistanın regiona sülh gətirmək üçün atdığı addımları alqışladığını deyib. Donald Tramp, həmçinin qeyd edib: “Ölkələrimiz uğurlara doğru sürətlə irəlilədikcə Sizinlə işləməyi səbirsizliklə gözləyirəm. Birləşmiş Ştatlar Azərbaycanın suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün sarsılmaz dəstəkçisi olaraq qalır”.
ABŞ Prezidentinin Müstəqillik Günü münasibətilə 2025-ci il mayın 28-də Azərbaycan Prezidentinə ünvanladığı təbrik məktubu ölkələrimiz arasında dostluq və tərəfdaşlıq münasibətlərinin daha bir göstəricisi sayılır. Məktubda Azərbaycan ilə əlaqələrə və terrorizmə qarşı mübarizədə, enerji təhlükəsizliyinin inkişafında, bölgədə sülhə nail olmaq istiqamətində ABŞ ilə tərəfdaşlığımızın yüksək qiymətləndirildiyi vurğulanır. ABŞ Prezidentinin Azərbaycanla birgə əməkdaşlığı həm təhlükəsizlik, həm də iqtisadi sahələrdə yüksək qiymətləndirməsi, iki ölkə arasında münasibətlərin strateji xarakter daşıdığını ortaya qoyur. Eyni zamanda, Cənubi Qafqazda sülhün təmin olunmasına verilən önəm regional sabitlik və inkişaf üçün mühüm amil kimi çıxış edir. Bu mesaj qarşılıqlı anlaşma və etimad əsasında qurulan əlaqələrin gələcəkdə daha da genişlənəcəyinə dərin inam yaradır.
Şuşa Media Forumu: ABŞ-Azərbaycan əlaqələrində mühüm məqam...
2025-ci il iyulun 19-da Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumu ABŞ-Azərbaycan münasibətlərində olduqca vacib bir yerə malikdir. Forumda Prezident İlham Əliyevin ölkəmizin Amerika Birləşmiş Ştatları ilə münasibətlərinə dair səsləndirdiyi fikirlər Azərbaycan-ABŞ əlaqələrinin inkişaf perspektivləri baxımından mühüm mesajlar kimi qiymətləndirildi. Tədbirdə Prezident
İlham Əliyev gözləntilərin böyük olduğunu xüsusi qeyd etdi: “Ümid edirik ki, yaxın gələcəkdə ABŞ-Azərbaycan münasibətlərini yüksək səviyyəyə qaldıracaq mühüm hadisələr olacaq. Düşünürəm ki, bu, tamamilə təbiidir, çünki bir çox məsələlər bizi, xüsusən də cənab Trampın administrasiyası ilə birləşdirir. Yeri gəlmişkən, onun ilk prezidentliyi dövründə ABŞ-Azərbaycan münasibətləri çox müsbət olmuşdur. Fikrimcə, artıq gördüyünüz və söylədiyim həmin müsbət tendensiyaların davamı olacaq. Hazırda o, bütöv qlobal məsələlərlə və müharibələrin dayandırılması ilə çox məşğuldur. Lakin eyni zamanda o, Cənubi Qafqaz prosesində fəal iştirak edir və uzunmüddətli münaqişənin həllinin tapılması üçün Azərbaycana və Ermənistana yardım etməkdə əla iş görür. Beləliklə, düşünürəm ki, gələcəkdə daha çox yaxşı xəbərlərimiz olacaq”.
Bu, yeni münasibətlər sisteminin, yüksək dinamizmə malik əlaqələrin intensivliyini və hərtərəfliyini ortaya qoyan ştrixlər idi. Bu fikirlərin diplomatik çəkisi və regional əks-sədası özünü çox keçmədən göstərdi - ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində Prezident İlham Əliyevin Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlərdən bir hissəni paylaşdı. Bu paylaşım bir tərəfdən Prezident İlham Əliyevin fikirlərinə verilən açıq və rəsmi bir cavab, digər tərəfdən isə ABŞ-Azərbaycan münasibətlərinin yeni mərhələyə qədəm qoymaqda olduğuna dair mühüm bir mesaj kimi dəyərləndirildi. Trampın bu jesti, sadəcə, diplomatik nəzakət deyil, həm də strateji tərəfdaşlığa verilən dəyərin göstəricisi kimi qəbul olundu. Bu kontekstdə 2025-ci il iyulun 22-də Azərbaycan Prezidenti İlham Əliyevin “X” sosial şəbəkəsində yaydığı təşəkkür mesajı xüsusi əhəmiyyət daşıyır. Dövlətimizin başçısı Trampın onun Şuşa Forumundakı çıxışından sitat paylaşmasına münasibət bildirərək qeyd edib: “Mən bir daha Prezident Trampın bütün dünyada, o cümlədən regionumuzda sülhün və sabitliyin təşviq edilməsi ilə bağlı baxışını və səylərini dəstəklədiyimizi vurğulamaq istəyirəm. Biz, həmçinin ailə ənənələrinin əhəmiyyəti kimi ortaq dəyərləri bölüşürük və onun prezidentliyi dövründə ABŞ-Azərbaycan münasibətlərinin yeni səviyyəyə qalxacağına ümid edirik. Biz ona bu məqsədə nail olunması istiqamətində bütün səylərində uğurlar arzulayırıq”.
Tarixi ənənə
Qeyd edək ki, Donald Tramp hələ birinci prezidentliyi dövründə Azərbaycanla dostluq və əməkdaşlığın möhkəmlənməsinə xüsusi diqqət yetirib. Prezident Trampın birinci prezidentlik dövründə (2017-2021) ABŞ-Azərbaycan münasibətlərində yüksək siyasi dialoq və tərəfdaşlıq müşahidə olunub. Bu dövrdə Tramp administrasiyası Azərbaycanla bağlı müsbət mövqe sərgiləyib və tərəfdaşlıq əlaqələrini vurğulayıb. Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə mütəmadi olaraq təbrik məktubları göndərib. Xüsusilə Respublika Günü (28 may), Müstəqillik Günü (18 oktyabr) və digər mühüm tarixlərdə məktublarında Azərbaycan-ABŞ əlaqələrinin əhəmiyyətini vurğulayıb. 2017, 2018, 2019 və 2020-ci illərdə göndərilən məktublarda Tramp Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfələri və beynəlxalq təhlükəsizlik sahəsində əməkdaşlığını yüksək qiymətləndirib.
Tramp administrasiyası Azərbaycanın Cənub Qaz Dəhlizi layihəsindəki rolunu dəstəkləyib. 2018-ci ildə Prezident Tramp Bakıya ünvanladığı məktubda Azərbaycanın enerji sahəsindəki rolunun vacibliyini qeyd edərək, iki ölkə arasındakı əməkdaşlığın gücləndirilməsini dəstəklədiyini bildirib. 2019-cu ildə ABŞ Dövlət Departamentinin rəsmiləri Azərbaycanın iqtisadi inkişaf istiqamətində atdığı addımları dəstəklədiklərini bildiriblər.
44 günlük müharibə dövründə Tramp administrasiyası Ermənistanı dəstəkləməyib və hər zaman olduğu kimi ölkəmizin ərazi bütövluyünü tanıyıb - birmənalı şəkildə həmin dövrdə ABŞ-Azərbaycan münasibətləri strateji əməkdaşlıq xəttində inkişaf edib. Trampın şəxsi açıqlamaları və administrasiyasının qərarları göstərir ki, Vaşinqton Bakı ilə əməkdaşlığı yüksək qiymətləndirib. Beləliklə, o dövrdə formalaşan qarşılıqlı etimad bu gün ikitərəfli əlaqələrin yeni mərhələyə keçidi üçün əsaslı zəmin rolunu oynayır. İkitərəfli əlaqələrin irəli aparılması üçün birgə səylər, xüsusilə enerji və təhlükəsizlik sahələrindəki təşəbbüslər tərəfdaşlığın praktik nəticələrə yönəldiyini və qarşılıqlı fayda prinsipinə əsaslandığını göstərir. Bu kontekstdə həm liderlərin iradəsi, həm də xalqlar arasında dostluq ənənələri Azərbaycan-ABŞ münasibətlərinin yeni mərhələdə daha da dərinləşəcəyinə ümidləri artırır.
Pərviz SADAYOĞLU