Azərbaycan–ABŞ münasibətləri uzun illər ərzində müxtəlif mərhələlərdən keçib, qarşılıqlı əməkdaşlıq və gərginlik dalğaları ilə müşayiət olunub. Lakin Donald Trampın 2024-cü ildə yenidən ABŞ Prezidenti seçilməsi bu münasibətlərin yeni mərhələyə qədəm qoyması üçün real perspektivlər yaradıb. Prezident İlham Əliyev və Prezident Tramp arasında formalaşmış qarşılıqlı anlayış və əməkdaşlıq iki ölkə arasında strateji tərəfdaşlıq üçün güclü zəmin rolunu oynayır. Enerji təhlükəsizliyi, regional sabitlik, iqtisadi əməkdaşlıq və terrorizmə qarşı mübarizə sahələrində ortaq maraqlar liderlər səviyyəsində aparılan dialoqun gələcəyə yönəlmiş xarakterini təsdiqləyir.
Donald Tramp hələ birinci prezidentliyi dövründə Azərbaycanla dostluq və əməkdaşlığın möhkəmlənməsinə önəm vermişdi. Həmin dövrdə formalaşan etimad bu gün əlaqələrin yeni mərhələyə keçidi üçün baza rolunu oynayır. Enerji və təhlükəsizlik sahələrindəki birgə təşəbbüslər tərəfdaşlığın qarşılıqlı fayda prinsipinə əsaslandığını göstərir. Bu kontekstdə həm liderlərin iradəsi, həm də xalqlar arasında dostluq ənənələri ümidverici əsas yaradır.
İndi isə iki ölkə liderləri arasındakı təmaslara, məktublara və münasibətlərin dinamikasına nəzər salaq.
Prezident İlham Əliyev 2024-cü il noyabrın 6-da Donald Trampa prezident seçilməsi münasibətilə ünvanladığı məktubda Azərbaycan–ABŞ əlaqələrinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verdiyini qeyd edib. O, Trampın prezidentliyi dövründə münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyacağına əmin olduğunu bildirib: “Biz Birləşmiş Ştatlar ilə qarşılıqlı fəaliyyətimizin böyük potensialından yararlanaraq ikitərəfli tərəfdaşlığımızı bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticari, təhlükəsizlik, enerji, yaşıl və rəqəmsal keçid və digər istiqamətlər üzrə daha da genişləndirmək və dərinləşdirmək əzmindəyik. İnanırıq ki, Sizin yeni prezidentlik dövrünüzdə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında münasibətlər daha da möhkəmlənəcək, yeni əməkdaşlıq sahələri müəyyən olunacaqdır”.
Bu fikirlər Azərbaycan rəhbərliyinin ABŞ-la əməkdaşlığa strateji yanaşmasını və bu münasibətlərin inkişafına dair iradəsini göstərir. Prezidentin mesajı ABŞ-ın yeni administrasiyası ilə qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlığın davam etdirilməsinə olan inamı ifadə edir.
2024-cü il noyabrın 25-də Prezident İlham Əliyev Donald Trampa zəng edərək onu təbrik etmiş və Trampın beynəlxalq təhlükəsizliyin təmin olunmasında roluna inam ifadə etmişdi. O, ilk prezidentlik dövründə əlaqələrin uğurla inkişaf etdiyini qeyd edərək gələcək birgə səylərə ümidini bildirmişdi. Tramp isə səmimi təbriklərə görə təşəkkürünü ifadə edərək, əməkdaşlığın inkişafı üçün birgə çalışmanın vacibliyini vurğulamışdı.
2025-ci il yanvarın 21-də Prezident İlham Əliyev Donald Trampa yeni prezidentlik dövrünün sülhün təşviqi və beynəlxalq təhlükəsizliyin möhkəmlənməsinə töhfə verəcəyinə inandığını bildirib. Məktubda belə qeyd olunur: “Biz həm ənənəvi, həm də yeni əməkdaşlıq sahələri üzrə Birləşmiş Ştatlar ilə fəal və səmərəli birgə işimizi, qarşılıqlı inam və etimada əsaslanan tərəfdaşlığımızı bundan sonra da qətiyyətlə davam etdirmək və Sizinlə bu istiqamətlərdə sıx işləmək niyyətindəyik”.
Prezidentin bu fikirləri münasibətlərin genişlənməsinə dair strateji baxışın ifadəsidir. Burada yeni əməkdaşlıq sahələrinin müəyyən edilməsi niyyəti də açıq şəkildə ifadə olunub.
Prezident İlham Əliyev yanvarın 30-da Vaşinqton yaxınlığında baş vermiş helikopter qəzası ilə bağlı Donald Trampa başsağlığı məktubu ünvanlayıb. Bu humanitar jest ikitərəfli münasibətlərin yalnız siyasi deyil, insani əsaslara da söykəndiyini göstərir.
Yanvarın 20-də Davosda Çinin CGTN kanalına müsahibəsində Prezident İlham Əliyev ABŞ-da administrasiya dəyişikliyi ilə bağlı sualı cavablandıraraq bildirib: “Mənim müşahidələrimə görə, əsas qeyri-müəyyənlik Avropa liderləri arasındadır. Azərbaycana gəlincə, bizdə heç bir qeyri-müəyyənlik yoxdur. Biz Prezident Trampın ABŞ-a rəhbərlik etdiyi zamanı xatırlayırıq və son 4 ildə Bayden administrasiyasının Azərbaycana ədalətsiz yanaşması səbəbindən əlaqələrimizin tamamilə korlanmasından fərqli olaraq, bizim əlaqələrimiz çox uğurla inkişaf edirdi. Beləliklə, Prezident Trampla birgə işləməklə bağlı əvvəlki təcrübəmiz çox müsbət idi. Biz gözləyirik ki, ABŞ-Azərbaycan münasibətlərində itirilmiş illər hesab etdiyimiz bu 4 il artıq tarixə qovuşacaq və biz yenidən başlayacağıq”.
Prezident Qərb liderlərinin Trampa qarşı ədalətsiz davrandıqlarını və ABŞ-ın Tramp dövründə heç bir müharibəyə başlamadığını da vurğulayıb. Bu mövqe Azərbaycanın yeni administrasiya ilə daha uğurlu əməkdaşlığa olan inamını ifadə edir.
Martın 13-də XII Qlobal Bakı Forumu çərçivəsində “Euronews”a müsahibəsində də Prezident İlham Əliyev bu mövqeyini bir daha təsdiqlədi: “ Biz Tramp administrasiyası dövründə ABŞ ilə münasibətlərimizin və güclü tərəfdaşlığımızın yenidən qurulmasına çox nikbin baxırıq”.
Bu açıqlama Azərbaycanın tərəfdaşlığa dair möhkəm siyasi iradəsini və ikitərəfli etimadın bərpasına yönəlik səylərin davam etdiyini göstərir.
Prezident Donald Tramp 2025-ci il aprelin 10-da Prezident İlham Əliyevə Novruz bayramı münasibətilə məktub ünvanlayaraq ABŞ–Azərbaycan əməkdaşlığının zəngin tarixə malik olduğunu vurğulayıb. O bildirib: “Ölkələrimiz uğurlara doğru sürətlə irəlilədikcə Sizinlə işləməyi səbirsizliklə gözləyirəm. Birləşmiş Ştatlar Azərbaycanın suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün sarsılmaz dəstəkçisi olaraq qalır”.
Trampın bu sözləri ikitərəfli münasibətlərin davamlılığına və strateji mahiyyətinə inamın göstəricisidir. Cənubi Qafqazda sülh səylərinə verilən dəstək də ABŞ-ın regional sabitliyə önəm verdiyini göstərir.
Mayın 28-də Müstəqillik Günü münasibətilə ünvanlanan məktubda isə Tramp əməkdaşlığın xüsusilə enerji təhlükəsizliyi və terrorizmlə mübarizə sahəsində yüksək qiymətləndirildiyini bildirib. “Biz Azərbaycan Respublikası ilə əlaqələrimizi və terrorizmə qarşı mübarizədə, enerji təhlükəsizliyinin inkişafında, qonşunuzla sülhə nail olmaq istiqamətində ABŞ ilə tərəfdaşlığınızı yüksək qiymətləndiririk. 30 ildən artıq diplomatik münasibətlərimiz müddətində əlaqələrimiz əhəmiyyətli dərəcədə inkişaf edib. Biz ümidvarıq ki, ikitərəfli prioritetlərimiz, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlığımız, iqtisadi münasibətlərimiz və enerji inkişafı üzrə tərəfdaşlığımız bundan sonra da davam edəcək.
ABŞ Azərbaycan və Ermənistan arasında möhkəm sülhü dəstəkləməkdə davam edir. Davamlı sülh Cənubi Qafqaz regionunun daha firavan olmasını təmin edəcək və ABŞ-la əməkdaşlıq üçün daha geniş imkanlar yaradacaq. İndi sülhə nail olmağın və Cənubi Qafqaz xalqları üçün yeni firavanlıq dövrünə qədəm qoymağın vaxtıdır”, – deyə Tramp məktubunda vurğulayıb.
İyulun 1-də Prezident İlham Əliyevin ABŞ-ın Müstəqillik Günü münasibətilə Trampa ünvanladığı təbrik məktubunda da bir sıra mühüm strateji mesajlar yer alıb. Prezident Azərbaycanın enerji sahəsində ABŞ-la möhkəm tərəfdaşlıq münasibətlərini vurğulayaraq deyib: “Məmnunluqla qeyd etmək istərdim ki, Amerika Birləşmiş Ştatları Azərbaycanın uzun illərdən bəri enerji sahəsində sadiq tərəfdaşıdır. Bu sahədə xoş ənənələrə əsaslanan və sağlam təməllər üzərində qurulmuş əməkdaşlığımız hazırda da uğurla davam edir. Azərbaycanın enerji strategiyasına, eləcə də regionda sabitliyə və inkişafa xidmət edən nəhəng infrastruktur layihələrinin həyata keçirilməsinə ABŞ-ın göstərdiyi davamlı dəstəyi yüksək qiymətləndiririk”.
Həmçinin iqtisadiyyat, nəqliyyat, sənaye, texnologiyalar və sərmayə qoyuluşu sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğu qeyd edilib.
İyulun 19-da Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyev ABŞ-la münasibətlərin yüksək səviyyəyə qalxacağına ümid etdiyini bildirib. “Ümid edirik ki, yaxın gələcəkdə ABŞ-Azərbaycan münasibətlərini yüksək səviyyəyə qaldıracaq mühüm hadisələr olacaq. Düşünürəm ki, bu, tamamilə təbiidir, çünki bir çox məsələlər bizi, xüsusən də cənab Trampın administrasiyası ilə birləşdirir. Yeri gəlmişkən, onun ilk prezidentliyi dövründə ABŞ-Azərbaycan münasibətləri çox müsbət olmuşdur. Fikrimcə, artıq gördüyünüz və söylədiyim həmin müsbət tendensiyaların davamı olacaq. Hazırda o, bütöv qlobal məsələlərlə və müharibələrin dayandırılması ilə çox məşğuldur. Lakin eyni zamanda o, Cənubi Qafqaz prosesində fəal iştirak edir və uzunmüddətli münaqişənin həllinin tapılması üçün Azərbaycana və Ermənistana yardım etməkdə əla iş görür. Beləliklə, düşünürəm ki, gələcəkdə daha çox yaxşı xəbərlərimiz olacaq” – deyə Prezident vurğulayıb.
Bu açıqlama yeni diplomatik dövrün konturlarını müəyyənləşdirir və Xankəndidən Vaşinqtona ünvanlanan siyasi mesaj kimi qiymətləndirilə bilər.
Bu mesajın diplomatik çəkisi qısa müddətdə öz təsirini göstərdi. İyulun 22-də Prezident Donald Tramp “Truth” sosial şəbəkəsində Prezident İlham Əliyevin Şuşa Forumundakı çıxışından sitat paylaşdı.
Trampın bu paylaşımı həm siyasi jest, həm də strateji tərəfdaşlığa verdiyi önəmin göstəricisi kimi qiymətləndirilir. Bu, qarşılıqlı hörmətə və dialoqa əsaslanan münasibətlərin daha da dərinləşdiyini təsdiqləyir.
Həmin gün Prezident İlham Əliyev “X” sosial şəbəkəsində Trampa təşəkkür mesajı yaydı: “Şuşa Qlobal Media Forumunda ABŞ-Azərbaycan tərəfdaşlığı və həmçinin Prezident Donald Trampın həm qlobal, həm də regionumuzda sülh gündəliyinə sadiqliyi ilə bağlı qeyd etdiyim fikirlərimi öz sosial media platformasında paylaşdığına görə ona minnətdarlığımı bildirmək istərdim.
Mən bir daha Prezident Trampın bütün dünyada, o cümlədən regionumuzda sülhün və sabitliyin təşviq edilməsi ilə bağlı baxışını və səylərini dəstəklədiyimizi vurğulamaq istəyirəm. Biz, həmçinin ailə ənənələrinin əhəmiyyəti kimi ortaq dəyərləri bölüşürük və onun prezidentliyi dövründə ABŞ-Azərbaycan münasibətlərinin yeni səviyyəyə qalxacağına ümid edirik. Biz ona bu məqsədə nail olunması istiqamətində bütün səylərində uğurlar arzulayırıq”.
Bu təşəkkür mesajı iki ölkə liderləri arasında mövcud olan səmimi dialoqun və strateji əməkdaşlığın dərinləşməsinə xidmət edən siyasi iradənin göstəricisidir.