EN

Ağciyər transplantasiyası keçirmiş sabiq UFC döyüşçüsü yeriməyə başladı - VİDEO

BAKI, 6 avqust. TELEQRAF

Keçmiş UFC döyüşçüsü Ben Askren ağciyər transplantasiyasından sonra ilk dəfə yeriməyə başlayıb.

Teleqraf xəbər verir ki, 41 yaşlı ABŞ döyüşçüsü bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O, xəstəxanadan çıxdıqdan sonra atdığı ilk addımları nümayiş etdirib. İyunda pnevmoniya səbəbilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilərək 58 gün müalicə aldıqdan sonra iki ağciyəri dəyişdirilən Askren yaşadıqlarını belə ifadə edib: “Əvvəlcə düşündüm ki, bu, sadəcə bel spazmıdır. Mənə dərman verdilər, amma kömək etmədi. Ertəsi gün yenidən xəstəxanaya qayıtdıq. Xatırladığım tək şey budur ki, içəri girdim, vəssalam. Əməliyyat iyunun 2-də baş tutdu. Ayılanda isə artıq iyulun 1-i idi. Bu müddət ərzində baş verən heç nəyi xatırlamıram”.

Sabiq döyüşçü həyat yoldaşının rolunu xüsusi vurğulayıb: “Belim çox ağrıyırdı və əvvəllər də bu tip ağrılar olmuşdu. Odur ki, ciddi qəbul etmədim. Açığı, həyat yoldaşıma görə Allaha şükür edirəm. Çünki mən getmək istəmirdim. Fikirləşirdim ki, xəstəxanaya ehtiyac yoxdur. Amma bu, o hallardandır ki, bir saat da geciksəydim, nəticəsi çox ağır ola bilərdi”.

Qeyd edək ki, Ben Askren ONE Championship və Bellator turnirlərinin sabiq çempionu olub. Onun aktivində 19 qələbə, 2 məğlubiyyət var, bir döyüş isə baş tutmamış elan edilib. Askren karyerasını 2019-cu ildə başa vurub.

Chosen
26
teleqraf.com

1Sources