İsveçrənin Nyon şəhərində UEFA Konfrans Liqasının pley-off mərhələsinin püşkü atılıb.
Msport.az xəbər verir ki, Azərbaycanın bu turnirdəki təmsilçiləri “Sabah” və “Araz-Naxçıvan”ın mümkün rəqibləri müəyyənləşib.
“Sabah” – “Levski” (Bolqarıstan) cütündə yoluna davam edəcək komanda növbəti raundda “AZ Alkmaar” (Niderland) – “Vaduts” (Lixtenşteyn) cütünün qalibi ilə qarşılaşacaq.
“Araz-Naxçıvan” – “Omoniya” (Kipr) duelindən üstün ayrılacaq komandanın pley-off mərhələsindəki rəqibi isə Avropa Liqasının III təsnifat mərhələsinin PAOK (Yunanıstan) – “Volfsberqer” (Avstriya) cütünün məğlubu olacaq.
“Sabah” pley-offa vəsiqə qazansa, ilk oyununu evdə, “Araz-Naxçıvan” isə mübarizəni davam etdirsə, birinci matçını səfərdə keçirəcək.
Konfrans Liqasında pley-off mərhələsinin oyunları avqustun 21-də və 28-də baş tutacaq.