EN

Çoxşaxəli şəxsiyyətin örnək taleyi Kamal Abdulla 75

525.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Lyudmila BEJENARU

Rumıniya, Yassı Dövlət Universiteti

Alim və yazıçı Kamal Abdullanın nümunəvi taleyi bizə görkəmli türkoloq, filoloq-slavyanşünas, ədəbi tənqidçi, yazıçı, semiotik, dramaturq və şair, novator müəllif, müasir Azərbaycan ədəbiyyatının ən seçilən nasirlərindən birinin şəxsiyyəti ilə yaxından tanış olmaq imkanı yaradır.

Filoloq və türkoloq alim kimi Kamal Abdulla multikulturalizm ideyası və bütün dünyada insanların yaradıcı ortaqlığı fonunda geniş mədəni və ədəbi layihələr həyata keçirmişdir. O, Azərbaycan mədəniyyəti sahəsində bir sıra mühüm layihələrin təşəbbüskarı olmuşdur: "Filoloqun kitabxanası - 100" (tanınmış müəlliflərin ən vacib 100 filoloji əsərinin Azərbaycan dilinə tərcüməsi və nəşri), "Türkologiya" və "Dünya nəsri" seriyaları. Bu layihə çərçivəsində o, "Mihay Eminesku. Şeirlər" kitabının Azərbaycan dilinə tərcümə və nəşrinə dəstək vermişdir, 21 aprel 2022-ci ildə Azərbaycan Dillər Universitetinin Rumın dili və Mədəniyyəti Mərkəzi və Rumıniyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilmiş "Mihay Eminesku poeziyasının qavrayışında bədii simvollar" adlı rəsm sərgi ziyarətçilər tərəfindən yüksək qiymətləndirilmişdir.

Bundan əlavə, o, türkoloq alim kimi, türk xalqlarının qədim dövrlərini araşdıran fundamental elmi əsərlərin müəllifidir. Alim elmi tədqiqatlarının mühüm hissəsini əvəzolunmaz folklor incisi - "Kitabi-Dədə Qorqud" dastanına həsr etmişdir. Rumın dilinə də tərcümə olunmuş bu əsərlər onun bədii yaradıcılığına güclü təkan vermişdir. Kamal Abdulla 22 monoqrafiya və dərsliyin müəllifidir ki, bunların sırasında "Gizli Dədə Qorqud" (Bakı, 1991) "Sirriçində dastan və yaxud Gizli Dədə Qorqud - 2" (Bakı, 1999), "Mifdən Yazıya və yaxud Gizli Dədə Qorqud" (Bakı, 2009), "Kitabi-Dədə-Qorqud" poetikasına giriş" (Bakı, 2017), "Kitabi-Dədə Qorqud" və qeyri-səlis məntiq" (Bakı, 2023) əsərləri onu Qorqudşünaslıq sahəsində ən dəyərli və nüfuzlu tədqiqatçılardan birinə çevirmişdir. Kamal Abdullanın Qorqudşünaslıq sahəsindəki elmi işləri minillik Şərq xalq ənənəsinin müdriklik, estetika və əxlaqi aspektlərini üzə çıxarır. O, "Dədə Qorqud" dastanında ifadə olunan bu xüsusiyyətlərin poetik və estetik məziyyətlərini önə çəkərək göstərir ki, sözügedən dəyərlər nəinki Avropa estetikası ilə ziddiyyət təşkil edir, əksinə, ümumbəşər mədəniyyət mənzərəsini tamamlayır.

O, ədəbi tənqid və dilçilik nəzəriyyəsi sahələrində "Müəllif-əsər-oxucu" (1985), "Azərbaycan dilində sadə cümlə sintaksisinin nəzəri problemləri" (1983), "Azərbaycan dili sintaksisinin nəzəri problemləri" (1999) və b. monoqrafiyalarını nəşr etdirmişdir. Kamal Abdulla həmçinin Azərbaycanda və xaricdə - Rusiya, Türkiyə, Fransa, Braziliya, Polşa və digər ölkələrdə dərc olunmuş 300-dən çox elmi, ədəbi-tənqidi və esse xarakterli məqalənin müəllifidir. O, Azərbaycan filologiyasında yeni elmi istiqamətin - mifolinqvistikanın formalaşmasının təşəbbüskarı olmuşdur. 2015-ci ildə azərbaycançılıq konsepsiyasının tədqiqi istiqamətində təməl yaratmış, professor E.Nəcəfovla birlikdə "Azərbaycançılıq" fənni üzrə "Multikulturalizmə giriş" (bakalavr pilləsi üçün) və "Azərbaycan multikulturalizmi" (magistratura səviyyəsi üçün) fənləri üzrə tədris proqramlarını hazırlamışdır. Eyni zamanda o, ali məktəblər üçün "Azərbaycan multikulturalizmi" adlı dərsliyin elmi redaktoru (professor E.Nəcəfovla birlikdə) və əsas müəlliflərindən biridir. Qeyd etmək lazımdır ki, akademik Kamal Abdulla rumın tələbələr üçün hazırlanmış "Gəlin Azərbaycan dilini öyrənək" adlı dərsliyin də müəllifidir.

O, ABŞ (Kolumbiya Universiteti), Polşa (Varşava Universiteti), Fransa (İNALKO və Strasburq Universitetləri), Rusiya (Moskva Dövlət Linqvistik Universiteti), Almaniya (Mayns Universiteti), Gürcüstan (Tiflis Dövlət Universiteti), Türkiyə (Uludağ Universiteti), İtaliya (Salesian Vatikan Universiteti) kimi ölkələrin ali təhsil müəssisələrində dəvətli professor kimi dərs demiş, ümumi dilçilik, mətn sintaksisi və "Kitabi-Dədə Qorqud" dastanının mədəni aspektləri üzrə mühazirələrlə çıxış etmişdir.

Yüksək elmi hazırlığı və müstəsna intellektual keyfiyyətləri ədibi müxtəlif tədqiqat sahələrinə və eyni zamanda, yüksək bədii səviyyəli yazıçılıq fəaliyyətinə gətirib çıxarmışdır. Bir nasir kimi Kamal Abdulla Azərbaycan ədəbiyyatında magik realizmin təşəbbüskarı hesab olunur. Müəllifin altı romanı 27 dilə tərcümə olunmuşdur. Ədibin "Yarımçıq əlyazma" romanı (2004) "Son onilliyin əsəri" seçilmiş və bir çox mükafatlara layiq görülmüşdür. İtaliyada isə bu roman 2014-cü ilin romanı kimi tanınmışdır. Əsər dünya şöhrətli yazıçı Umberto Ekonun da maraq və heyranlığını qazanmış, bu romana görə Kamal Abdulla 2015-ci ildə nüfuzlu "Skanno" mükafatına layiq görülmüşdür ki, həmin mükafatın əvvəlki laureatları sırasında Antonio Tabukki, Mario Varqas Losa və Joze Saramaqo kimi tanınmış simalar da vardır. Roman tərcümə edilərək Fransa, İtaliya, Almaniya, Türkiyə, Braziliya, Amerika, Avstriya, Rusiya, Polşa, Qazaxıstan, Misir, Rumıniyada (2022) nəşr olunmuş və haqqında 14 ölkədə 160-dan çox müxtəlif dildə rəy və resenziyalar yazılmışdır. Tədqiqatçılar bu əsəri "postmodernizmin ilk nümunəsi" kimi dəyərləndirmiş, türk tənqidçiləri isə Kamal Abdullanı "Azərbaycanın Xorxe Luis Borxesi" adlandırmışlar.

"Sehrbazlar dərəsi" romanı da eyni dərəcədə uğur qazanmış, əsər türk, rus (2010), fransız (2014), italyan (2016), rumın (2018) dillərində nəşr olunmuşdur. Ədəbiyyat tənqidçisi Liviya Kotorça Kamal Abdulla barədə belə qənaətə gəlir: "Onun şəxsiyyəti kifayət qədər sirli təsir bağışlayır", o, dünya ədəbiyyatında "birinci dərəcəli yazıçı" kimi öz yerini tutur. Qeyd olunan roman rumın tənqidçi tərəfindən trilogiyanın "dəyər zirvəsi", "yüksək əyarlı fəlsəfi piritça" kimi qiymətləndirilmişdir: "Yarımçıq əlyazma", "Sehrbazlar dərəsi" və "Unutmağa kimsə yox..." romanlarının müəllifi qədim sirr, sehr, mistika, tarix və mifologiyanı müasir reallıq fonunda ustalıqla birləşdirərək, həm milli (tipoloji) ənənəyə, həm də Avropa estetik prinsiplərinə eyni dərəcədə bağlı olduğunu nümayiş etdirir (Liviya Kotorça).

Kamal Abdulla, dramaturq kimi, 1998-ci ildə "Ruh", 2009-cu ildə isə 9 pyesin daxil olduğu "Vse moi peçali" kitablarını Bakıda nəşr etdirmiş, bu pyeslər Azərbaycan, Gürcüstan, Estoniya, İran, Türkiyə, Rusiya, Rumıniya teatrlarında səhnələşdirilmişdir.

Onun romanları, hekayələri, dram əsərləri, poeziyası, elmi monoqrafiyaları, esseləri və tədqiqatları türk, rus, Ukrayna, polyak, gürcü, ingilis, fransız, italyan, ispan, portuqal, ərəb, fin, yapon, Litva, bolqar, rumın, qazax, qırğız və digər dillərə tərcümə olunmuş və şərh edilmişdir. Bu fakt "tutarlı arqument" (L.Kotorça) kimi dəyərləndirilmiş və nəticə etibarilə 2012-ci ilin mart ayında İsveç Akademiyası - Nobel mükafatını təqdim edən qurum Azərbaycan yazıçısı Kamal Abdullanın namizədliyini Ədəbiyyat üzrə Nobel mükafatına təqdim etmişdir. Onun namizədliyi israilli yazıçı Amos Oz kimi dünya şöhrətli müəlliflərin namizədlikləri ilə birlikdə nəzərdən keçirilmişdir.

Azərbaycanlı filoloq və yazıçı Kamal Abdulla bir çox dövlət mükafatlarının, milli və beynəlxalq ədəbi mükafatların sahibidir. 1999-cu ilin dekabr ayında Azərbaycan xalqının mühüm tarix və mədəniyyət abidələrindən olan "Kitabi-Dədə Qorqud" dastanının tədqiqindəki xidmətlərinə görə ona Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Azərbaycan Respublikasının Əməkdar elm xadimi" adı verilmişdir. Yazıçı "Humay" (2007) və "Dədə Qorqud" (2009) milli mükafatlarının laureatıdır. O, 3 dekabr 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasında təhsil sahəsində səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilmiş, 24 may 2019-cu ildə isə Azərbaycan Prezidentinin Sərəncamı ilə Azərbaycanın "Xalq yazıçısı" fəxri adına layiq görülmüşdür.

"Yarımçıq əlyazma" romanına görə "Scanno" ədəbi mükafatı (İtaliya, 2015), "Platon, deyəsən, xəstələnib..." hekayələr toplusuna görə "Qızıl Delviq" (Rusiya, 2016), "Azərbaycan dünyası" beynəlxalq jurnalının "Vətən övladı" qızıl medalı, "525-ci qəzet"in "İlin romanı" adlı mükafatı (2007) - bütün bunlar onun əsərlərinin danılmaz dəyərini təsdiqləyir. K.Abdulla 2007-ci ilin nəticələrinə əsasən "İlin ədəbiyyat adamı" (Monitorinq Qrupunun nəticələri üzrə) və 2019-cu ildə "İlin ən yaxşı rektoru" adına layiq görülmüşdür. Türk Dil Qurumunun həqiqi fəxri üzvü, Ukrayna Beynəlxalq Kadr Akademiyasının həqiqi üzvüdür.

O, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri qismində Azərbaycanın müxtəlif ölkələrlə dostluq əlaqələrinin inkişafına dəstək vermiş və bu xidmətlərinə görə müxtəlif mükafatlarla təltif olunmuşdur. Slavyan mədəniyyətlərinin tədqiqi və təbliği sahəsində Kamal Abdulla Polşa, Rusiya və Çexiya prezidentlərinin yüksək mükafatlarına layiq görülmüşdür. O, 2009-cu ildə Polşa Respublikası Prezidenti tərəfindən təqdim edilən "Böyük Xaç" kavaler ordeni, həmçinin Polşanın müsbət simasının formalaşmasındakı mühüm xidmətlərinə görə Polşa Respublikasının Xarici İşlər Nazirliyinin Xüsusi Diplomu ilə təltif edilmişdir. Macarıstan və Azərbaycanın elmi-mədəni əlaqələrinin dərinləşməsindəki roluna görə "Zabit Xaçı" ali xidmət ordeni (2019-cu il), "Puşkin" medalı, Azərbaycanla Çexiya arasında münasibətlərin inkişafında mühüm roluna görə "Karl Kramej" medalı ilə təltif olunmuşdur. 2017-ci ildə Şərqi Avropada ilin ən istedadlı şəxslərini seçən Regional Agentlik tərəfindən "Müasir dünyanın dini, irqi və etnik ayrı-seçkilik kimi problemlərindən əziyyət çəkən Avropa regionunda multikulturalizm ənənələrinin inkişaf etdirilməsi sahəsində xidmətlərinə görə" mükafatına layiq görülmüşdür. Bundan başqa, Serbiya Respublikası, Türkiyə, Fransa və digər ölkələrin  mükafatlarına sahibdir.

Rumıniya mədəni məkanında azərbaycanlı müəllifin yaradıcılığı "Manuscrisul incomplet" ("Yarımçıq əlyazma"), "C?mpia Vr?jitorilor" ("Sehrbazlar dərəsi"), "Şi n-ai pe cine uita" ("Unutmağa kimsə yox..."), tarix, mif və təxəyyül məhsulu olan hekayətlərin uğurlu və maraqlı birləşməsi olan bu romanlar 2018, 2022 və 2024-cü illərdə Yassıda rumın dilində nəşr olumuş, Buxarestdə "Gaudeamus-2019" kitab yarmarkasına, Yassıdakı  "Mihay Eminescu"  Mərkəzi Universitet Kitabxanasına, Kişinyovda "B.P.Xaşdeu" kitabxanasına, Qazaxıstanın Lev Qumilyov adına Avrasiya Milli Universitetinə və Bakı Kitab Evinə təqdim edilmişdir. 2024-cü ilin aprelində Yassı şəhərindəki ALFA nəşriyyatında Kamal Abdullanın Liviya Kotorça tərəfindən tərcümə edilmiş şeirlər toplusu çapdan çıxmışdır.

"Bir-iki, bizimki" pyesi rumın dilinə tərcümə olunaraq "Feed Back" jurnalının 2019-cu il № 11-12 sayında dərc edilmiş, həmçinin rejissor Aleksandr Vieru tərəfindən səhnələşdirilmişdir. Yuxarıda qeyd olunan pyes əsasında hazırlanan "Kişi və qadın" tamaşasının milli premyerası 2019-cu il noyabrın 25-də Yassı şəhərində "Mihay Eminescu" adına Mərkəzi Universitet Kitabxanasında keçirilmişdir.

Akademik Kamal Abdulla yüksək pedaqoji keyfiyyətləri və tədris proqramlarının məzmununa nümunəvi məsuliyyətlə yanaşan bir pedaqoq olmaqla yanaşı, Azərbaycan Dillər Universitetinin rektoru və Bakıdakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri qismində 10 noyabr 2022-ci ildə Yassı şəhərində yerləşən Aleksandr İohan Kuza adına Yassı Dövlət Universitetində (UAİC) Azərbaycan multikulturalizmi mərkəzinin açılmasına, həmçinin Bakı Multikulturalizm Mərkəzinin Yassı Universiteti ilə əməkdaşlıq çərçivəsində təşəbbüs göstərdiyi və 27 may 2017-ci il tarixli Elmi Şuranın iclasında № 270 qərarla təsdiqlənmiş "Azərbaycan multikulturalizmi" kursunun Ədəbiyyat fakültəsinin tədris planına daxil edilməsinə də öz töhfəsini vermişdir.

Qeyd etmək lazımdır ki, səkkiz il ərzində bu kursu Yassı Universitetindən Erasmus proqramı üzrə gələn təxminən 120 tələbə keçmişdir. Bu dövr ərzində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi "Azərbaycan Multikulturalizmi" kursunu uğurla bitirən UAIC-in ən yaxşı tələbələrinə Bakıdakı Yay-Qış məktəblərində təhsil üçün 13 təqaüd təqdim etmişdir. Bundan əlavə, Azərbaycan Dillər Universiteti Yassı Universitetinin tələbələrinə akademik göstəricilərinə görə iki təqaüd ayırmışdır.

Azərbaycan Dillər Universitetində rektor Kamal Abdulla Rumın dili və Mədəniyyəti Mərkəzinin Rumın dili İnstitutunun köməyi ilə açılmasını dəstəkləmiş və 2021-ci ildə Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsində "Rumın dili xarici dil kimi" fənninin tətbiqinə nail olmuşdur. Fakültədə bu fənn üçün illik 60 saat, 3 il ərzində isə ümumilikdə 180 saat tədris keçirilir, beləliklə, tələbələr üç il ərzində cəmi 360 saat rumın dili öyrənirlər.

Qeyd etmək lazımdır ki, 2022-ci il noyabrın 10-da Yassı şəhərində Aleksandr İohan Kuza adına Yassı Universiteti ilə Azərbaycan Dillər Universiteti, eləcə də 2022-ci il noyabrın 12-də Kişinyov Dövlət Pedaqoji Universiteti "İon Kryançe" ilə Azərbaycan Dillər Universiteti arasında əməkdaşlıq sazişləri imzalanmışdır. Bundan başqa, universitetlər arasında Erasmus sazişi bağlanmışdır ki, buna əsasən UAIC-də 6 müəllim və 3 tərəfdaş universitet tələbəsi Erasmus viziti və təqaüdləri almış, həmçinin UAIC-in Ədəbiyyat və Tarix fakültələrindən olan 3 müəllim Azərbaycan Dillər Universitetində staj keçmişdir.

Azərbaycan Dillər Universiteti tərəfindən təşkil olunan elmi konfranslarda UAIC-nin (Yassı şəhərində yerləşən A.İ.Kuza adına Yassı Dövlət Universiteti) professor-müəllim heyəti, tələbə və magistrantları fəal iştirak etmiş, bu konfransların nəticələri Azərbaycan Dillər Universitetinin beynəlxalq elmi bazalarda indekslənən elmi jurnallarında nəşr edilmişdir. Qeyd olunmalı tədbirlər sırasında 26 noyabr 2020-ci il tarixində təşkil olunmuş "Kamal Abdullanın UAIC və UPSC tələbələri ilə dialoqda" mövzusunda dəyirmi masa, 10 noyabr 2022-ci il tarixində UAIC-nin "Ferdinand" zalında keçirilmiş oxucularla görüş, həmçinin Azərbaycan Multikulturalizm Mərkəzinin UAIC-dəki nümayəndəliyi ilə Bakıda yerləşən universitetin Rumın dili və Mədəniyyəti Mərkəzi arasında bir sıra layihələr çərçivəsində həyata keçirilən əməkdaşlıq xüsusi vurğulanmalıdır. Azərbaycanlı tələbə və magistrantların "Petru Karaman" Slavyanşünaslıq kafedrası tərəfindən təşkil olunmuş Beynəlxalq Gənc Tədqiqatçılar Simpoziumunun XI buraxılışında iştirakı səkkiz ildən artıq davam edən əməkdaşlığın göstəricisidir.

Yazıçı, rektor və bir insan kimi Kamal Abdullanın hərtərəfli şəxsiyyətini, zəngin elmi və mənəvi fəaliyyətini əks etdirən ətraflı və sənədlərlə əsaslandırılmış təqdimat hazırlamaq asan vəzifə deyil. Lakin qeyd etmək lazımdır ki, akademik Kamal Abdullanın bütün fəaliyyəti, fədakarlığı və peşəkarlığı akademik və mənəvi müstəvidə bir neçə baxımdan dəyərli və aktuallığını qoruyub saxlayan məqamlar kimi qiymətləndirilir: 1) müasir dünyanın çağırışlarına cavab olaraq, əhatə olunan mövzuların zənginliyi, müxtəlifliyi və dərinliyi sayəsində; 2) müxtəlif akademik, mədəni və elmi mühitlər arasında dostluq münasibətlərinin və kommunikasiya əlaqələrinin inkişafı sayəsində; 3) onun yaradıcılığı ilə yüksək əxlaqi və mənəvi həyat arasındakı əlaqə sayəsində. Həyatını Sözə həsr edən Kamal Abdullanın yaradıcı və sehrli proses vasitəsilə öz fəlsəfəsini yaratmışdır. Bu fəlsəfədə Tarix, Yaddaş, əcdadlar, ənənə və adətlər Azərbaycan xalçasındakı ilmələr kimi bir-biri ilə sıx bağlıdır. Digər tərəfdən isə tədqiqatlar, təhsil və dostluq münasibətlərinin inkişafı da bu fəlsəfədə öz əksini tapmışdır. Kamal Abdullanın bütün bu sahələrə həmişə böyük məsuliyyətlə yanaşmışdır.

Azərbaycan, Rumıniya və Moldova Respublikası arasında təhsil və elmi əlaqələrin inkişafında göstərdiyi xüsusi xidmətlər, Azərbaycan Dillər Universitetində rumın dilinin tədrisi üçün əlverişli şəraitin yaradılması, Rumın dili və Mədəniyyəti Mərkəzinin dəstəyi ilə Azərbaycanda rumın mədəniyyətinin təbliğində nümunəvi rolu, eləcə də UAIC-də Azərbaycan Multikulturalizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi Kamal Abdullanın fəaliyyətini ədəbiyyat, incəsənət və mədəniyyət sahəsində, həmçinin akademik müstəvidə mədəniyyətlərarası, multikultural və çoxdilli təhsilin inkişafında xüsusi töhfə kimi qiymətləndirməyə imkan verir. Bu, çoxşaxəli şəxsiyyətin nümunəvi taleyidir.

Bir insan və vətəndaş kimi yazıçı Kamal Abdullanın keçdiyi həyat yolu, doğrudan da, güclü təəssürat doğurur. Lakin bu səhifələrdə Kamal Abdullanın dostluq anlayışı və ona münasibəti tam şəkildə əks olunmur. O, dostluğu yazılmamış davranış qaydaları kimi qəbul edir və hər şəraitdə, zahiri nümayişdən uzaq, təbii şəkildə dostluğa sadiq qalır. Həyat kitabında bəzən sərt, lakin əsasən yumşaq, təmkinli xarakter xüsusiyyətlərini qeyd etməmək mümkün deyil. Bu səhifələrdə həmçinin bütün ömrü boyu ürəyinin yeganə seçimi olan Ədəbiyyata, Sözə olan sədaqəti, insanlarla münasibətdə xoş xasiyyəti və davranışda səmimiliyi də öz əksini tapır. Bu şəxs öz adını dərin zəka, ünsiyyət bacarığı, hər bir insanda şəxsiyyəti görə bilmək qabiliyyəti, kömək etməyə hazır olmaq və bunu bacarmaq kimi keyfiyyətləri ilə qazanmışdır.

Eyni zamanda, o, açıq bir səyahət kitabı, çay mərasimi kimi - bu Homo Viator və Homo Ludens, adı doğma Bakısının ruhunda, oxucularının və pərəstişkarlarının qəlbində böyük hərflərlə yazılmışdır. Kamal Abdulla çoxdan bir çox nəsillər üçün öz prinsipləri, işinə olan səmimi münasibəti, düşüncə tərzi və özünü ifadə etmə tərzi ilə örnək olmuşdur.

Onun əsərlərindən ən azı birini oxuduqdan sonra biz dünya quruluşunun arxasında nələrin dayandığını, demək olar ki, hərtərəfli anlaya bilirik. Bunun səbəbi Kamal Abdullanın sətirlərinin özünəməxsus keyfiyyətidir ki, bu da yalnız estetik kateqoriyalarla ölçülmür. Bu mətnlər yaxşı və ağıllı bir insan tərəfindən yazılıb və biz intuitiv olaraq onun mənəvi gözəlliyini, səmimiyyətini hiss edirik. Kamal Abdullanın yaradıcılığı bizə yalnız ədəbiyyatın saf zövqünü yaşatmır, həm ürək qızdırmağın, məhrəmliyin  nadir sevincini bəxş edir. Çünki həm elmi, həm də bədii əsərlərində ədib həmişə oxucusunu "Əziz oxucu" ifadəsi ilə qarşılayır, yeni Söz, Sirr, maraqlı obrazlar və tapıntılar təqdim edir və intellektual mətnləri ilə bizə meydan oxuyur. Biz isə... biz cavablar axtarmağa başlayırıq: Yer üzündə mələyi görmək mümkündürmü? Kamalın "casusları" digər insanlardan nə ilə fərqlənir? Niyə şəhərlər soyuyur və onları kim isindirir? Sabah dəvə yağışı yağacaqmı və həqiqətən, Platon xəstələnibmi? Deyirlər ki, axtarışdan əlahəzrət Həqiqət doğulur!

P.S. Məqalə rumın dilində, "Destinul exemplar al unei personalit??i multidimensionale: Kamal Abdulla-75" başlığı altında 2025-ci ilin aprel-sentyabr ayları (Anul III Nr.?2?3 (10?11)) nəşri olan "Iaşul cultural" jurnalında (Yassı bələdiyyəsinin ədəbi-bədii jurnalı) səh.?37?41-də dərc edilib.

Tərcümə etdi:

Sadiq ZAMAN

Filologiya üzrə fəlsəfə doktoru

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
5
525.az

1Sources