Borclunun əmlakının hərracda satılması prosesi tam rəqəmsallaşacaq.
Bu barədə APA-ya müsahibəsində ədliyyə nazirinin müavini Toğrul Hüseynov bildirib.
Nazir müavini qeyd edib ki, bu proses vaxt itkisinin və əlavə xərclərin qarşısını alacaq: "Əmlakın hərrac yolu ilə satılması prosesi artıq tam rəqəmsallaşır. Kağız üzərində aparılan çoxsaylı yazışmalar, vaxt itkisi və əlavə xərclər aradan qaldırılır. Bu isə əmlakın daha operativ şəkildə və qanuna uyğun formada satışını təmin edir. İştirakçılar – istər ölkə daxilində, istərsə də xaricdə yaşayan şəxslər internet üzərindən elektron hərraclarda iştirak edə bilərlər".
Toğrul Hüseynov əlavə edib ki, bu alıcı sayının artmasına və əmlakın daha yüksək qiymətə satılmasına da kömək olacaq: “Elektron hərrac formatı iştirakçıların sayını ciddi şəkildə artırır, nəticədə əmlakın daha yüksək qiymətə satılması üçün rəqabətli mühit yaradır. Bu şərait həm borclunun, həm də tələbkarın maraqlarına cavab verir”.