EN

“Sahibkar kazinoya görə büdcəyə ildə 340 min ödəyəcək”

Son illər Azərbaycana gələn turistlərin sayında artım müşahidə olunur. Bu isə turizm infrastrukturunun daha da inkişaf etdirilməsini, əlavə əyləncə obyektlərinin açılmasını tələb edir. Artıq bir çox turizm ölkələri kimi Azərbaycanda da kazinoların fəaliyyətinə icazə verilir.

Maraqlıdır, kazinoların fəaliyyəti ölkə iqtisadiyyatına hansı töhfələri verəcək?

Mövzu ilə bağlı “Qafqazinfo”ya danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib ki, kazino turizm sektorunun ən gəlirli sahələrindəndir:

“Ona görə də bu sahədə fəaliyyətə başlanması üçün lisensiyanın haqqı illik 340 min manat müəyyən olunub. Bu o deməkdir ki, kazino sənayesində fəaliyyət göstərilməsi üçün sahibkar yalnız icazəyə görə hər il 340 min manat vəsaiti dövlət büdcəsinə ödəyəcək. Bu, özlüyündə büdcəyə əlavə gəlir deməkdir. Bundan əlavə, kazino sənayesinin inkişafı hotelçilik, restoran biznesinin canlanmasına təsir göstərəcək”.

Deputatın sözlərinə görə, bu, ilk növbədə yeni və bahalı iş yerlərinin yaranması deməkdir: “Yəni əmək bazarına daha yüksək ödənişli yeni fəaliyyət sahələri daxil olacaq. Kazino sənayesinin inkişafı dolaysı ilə digər sahələrdə çalışanların gəlirlərinin artmasına təsir göstərəcək. Kazinolar əsasən, inkiaf etmiş və inkişaf etməkdə olan ölkələrdə fəaliyyət göstərir. Bu sektorun fəaliyyət göstərdiyi ölkələrin gəlirlərinə nəzər salsaq görərik ki, kazino dövlət büdcələrinə böyük vəsaitlər gətirir. Bu, həm də bahalı turizimin inkişafına töhfə deməkdir. Təbii ki, kazinolarda yüksək imkanlı turistlər əylənirlər. Onlar özləri ilə gətirdikləri xarici valyutaları Azərbaycanda xərcləyəcəklər. Bu da ölkəyə xarici valyutanın gəlməsində yeni bir impuls verilişi olacaq. Kazino sənayesi bahalı biznes olduğundan bu sahədə gəlirlərin də yüksək olacağı proqnozlaşdılır. Təbii ki, gəlirlərin çox olması büdcəyə ödəniləcək vergilərin də artması deməkdir”.

A.Badamov qeyd edib ki, kazino sənayesinin inkişafının müsbət tərəflərindən biri də ölkədən valyuta axınının qarşısının alınmasıdır: “Yalnız Gürcüstanda kazionlarda əylənənlərin 14%-nin azərbaycanlılar olduğu müəyyənləşib. Bu o deməkdir ki, Gürcüstana üz tutaraq kazinolarda əylənmək istəyənlər elə ölkəmizdə oynayacaqlar və özləri ilə apardıqları vəsaitləri elə burada da xərcləyəcəklər. 

Kazinoların fəaliyyətinə ancaq dənizdə yaradılmış süni torpaq sahələrində icazənin verilməsi şərtinin müəyyənləşməsinin də böyük əhəmiyyəti var. Çünki, ölkənin istənilən yerində kazinonun fəaliyətinə icazə verilməsi düzgün olmazdı. Kazinoların məhdud ərazilərdə fəaliyyət göstərməsi beynəlxalq təcrübədə də mövcuddur. Bu baxımdan dənizdə yaradılmış süni torpaq sahələrində kazinoların fəaliyyətinə icazənin verilməsi düzgün addımdır”. 

“Kazino sənayesinin adını eşidən kimi cəmiyyətdə fərqli fikirlər meydana gəlir.  Təbii ki, hər bir vətəndaş bilir ki, kasıb və imkanı olmayan gedib kazinoda əylənməz. Bura ancaq imkanı olan şəxslər üçündür. Həm də azyaşılıların kazinolara daxil olunmasına icazə verilməyəcək. Bu baxımdan kazino müəyyən yaş həddinə çatmış və maddi imkanı yaxşı olan şəxslər üçün nəzərdə tutulur. Kazino oynamaq istəyən onsuzda xarici ölkələrə gedir və əylənirlər. 

Sonda ümumiləşdirib deyə bilərik ki, kazino sənayesinin inkişafı məşğulluq, iqtisadi gəlirlilik və turizm baxımından əhəmiyyətlidir”, - parlamentari vurğulayıb.

Chosen
14
2
qafqazinfo.az

3Sources