EN

“Qarabağ”, “Sabah” və “Araz”ın növbəti rəqibi bəlli olur

Azərbaycanı avrokuboklarda təmsil edən “Qarabağ”, “Sabah” və “Araz-Naxçıvan”ın növbəti rəqibləri bu gün müəyyənləşəcək.

Arena.az xəbər verir ki, bu gün həm UEFA Çempionlar Liqasında, həm də Avropa Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılacaq.

ÇL-in püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. Azərbaycan çempionu “Qarabağ”ın “Şkendiya” (Şimali Makedoniya) ilə duelinin qalibi “Bodo Qlimt” (Norveç), “Seltik” (Şotlandiya), “Malmö” (İsveç) – “Kopenhagen” (Danimarka), “Lex” (Polşa) – “Srvena Zvezda” (Serbiya) və ya “Ludoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” (Macarıstan) cütünün güclüsünə rəqib olacaq.

Xatırladaq ki, “Qarabağ” ÇL-in 3-cü təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkendiya” komandası ilə qarşılaşacaq. Bu komandalar arasındakı ilk oyun avqustun 5-də Skopyedə keçiriləcək. Cavab görüşü isə ayın 12-də Bakıda reallaşacaq.

Daha sonra Avropa Konfrans Liqasındakı təmsilçilərimizin – “Sabah” və “Araz Naxçıvan”ın da potensial rəqibləri bəlli olacaq. İsveçrənin Nyon şəhərində təşkil olunacaq püşkatma mərasiminə saat 16:00-da start veriləcək.

Hazırda hər iki klubumuz Konfrans Liqasının 3-cü təsnifat mərhələsindədir. “Araz-Naxçıvan” Kiprin “Omoniya”, “Sabah” isə Bolqarıstanın “Levski” (Sofiya) klubu ilə qarşılaşacaq. Püşkatmada “Araz-Naxçıvan” – “Omoniya” cütü səpələnmişlər səbətində (Kipr təmsilçisinin yüksək reytinqinə görə), “Levski” – “Sabah” cütü isə səpələnməmişlər səbətində yer alacaq.

Qeyd edək ki, Konfrans Liqasında pley-off oyunları 21 və 28 avqustda keçiriləcək.

Chosen
19
arena.az

1Sources