EN

“Bakı Yaxın Şərqdə “ikili etimad” modeli formalaşdırıb” Ekspert

525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Azərbaycanın Suriyaya qaz ixracına başlaması bir neçə mühüm geosiyasi, enerji və diplomatik kontekstdə şərh oluna bilər. Bu hadisə, təkcə enerji bazarına deyil, həm də Azərbaycanın Yaxın Şərqdəki mövqeyinə və regional vasitəçilik səylərinə yeni çalarlar əlavə edir”.

Bu barədə 525.az-a Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu deyib.

Onun sözlərinə görə, Azərbaycanın Suriyaya qaz satmağa başlaması o deməkdir ki, Bakı artıq təkcə Avropa və Türkiyə üçün deyil, Yaxın Şərq bazarı üçün də enerji təchizatçısına çevrilir. Bu isə ölkənin enerji diplomatiyasında yeni mərhələdir.

“Qaz ixracı prosesinin özü həm iqtisadi, həm texniki və təhlükəsizlik, həm də geosiyasi baxımdan perspektivlidir. İqtisadi baxımdan, Azərbaycan üçün əlavə qaz bazarının açılması ixracdan gələn gəlirlərin şaxələnməsi deməkdir.

Texniki və təhlükəsizlik baxımından, Suriyanın infrastrukturu uzun illər müharibədən zərər çəkməsi diqqətə alınmalıdır. Azərbaycanın burada etibarlı tərəfdaş kimi çıxış etməsi həm enerji bərpasına, həm də təhlükəsizlik sahəsində əməkdaşlığa yol aça bilər. Geosiyasi baxımdan isə bu addım Azərbaycanın Suriya ilə münasibətlərində yeni bir mərhələnin bașlanğıcı və etimadın formalaşması kimi qiymətləndirilə bilər. Azərbaycanın Yaxın Şərq strategiyası, xüsusilə son illərdə çoxvektorlu diplomatiya üzərində qurulub. Bakı İsraillə yaxın strateji əməkdaşlıq, Türkiyə ilə müttəfiqlik və ərəb dövlətləri ilə iqtisadi-ticarət əlaqələri fonunda balanslı mövqe sərgiləyir. Suriyaya qaz ixracı bu strategiyanın yeni sütunu ola bilər”, - ekspert söyləyib.

O, əlavə edib ki, son günlərdə Azərbaycanın İsrail-Türkiyə və İsrail-Suriya təmaslarına vasitəçilik etməsi, Bakının bölgədə “konfliktlərin aradan qaldırılmasında rolu olan neytral platforma” kimi tanındığını göstərir. Bu baxımdan, Suriyaya qaz ixracı, Azərbaycanın bu ölkə ilə münasibətlərini normallaşdırma istiqamətində konkret addım kimi qəbul edilə bilər və vasitəçilik üçün siyasi kapital yaradır: “İsrail-Suriya dialoqu üçün Bakı, həm etibarlı, həm də maraqlar balansını qoruya bilən bir ölkə kimi görünür. Azərbaycanın İsraillə yüksək səviyyəli əlaqələri və eyni zamanda Suriyaya qaz ixracı, Bakının “ikili etimad” modelini formalaşdırdığını göstərir”.

V.Zifəroğlu vurğulayıb ki, Azərbaycanın Suriyaya qaz ixracına başlaması təkcə iqtisadi layihə deyil, həm də regional diplomatiyanın mühüm alətidir: “Bakı Yaxın Şərqdəki mürəkkəb oyunçular arasında neytral vasitəçi, etibarlı təchizatçı və çoxvektorlu siyasət yürüdən aktor kimi çıxış edir. Əgər bu dinamika davam edərsə, Azərbaycan yaxın illərdə Yaxın Şərqdə regional sabitlik və enerji təhlükəsizliyi sahəsində nüfuzlu oyunçuya çevrilə bilər”.

Pərvanə Sultanova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
4
525.az

1Sources