Kulis.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Kulis.az Berri Şvabskinin "Sem Gilyam rəssamlığı necə heykəltəraşlığa çevirdi?" yazısını təqdim edir.
Təxminən altmış il davam edən yaradıcılığı boyunca Sam Gilyam təsəvvür edilə bilməyəcək qədər yorulmaz bir eksperimentçi idi.
1933-cü ildə irqi ayrı-seçkiliyin hökm sürdüyü Cənubi Amerikada dünyaya gəlmişdi, lakin sonradan Vaşinqtonda məskunlaşdı və vəfat edənə qədər (2022-ci il) orada yaşadı.
1960-cı illərin ortalarında sənətə başladığı vaxt Gilyam canlı, rəngli, sərt kənarlı zolaqlı rəsmlər çəkirdi.
Bu üslub bir qədər ondan yaşca böyük vaşinqtonlu rəssamlar, məsələn, Gene Deyvis və Kennet Nolandın işlərinə bənzəyirdi.
Lakin onilliyin sonuna doğru üslubu dəyişdi. Rənglər daha duru, seyrək və bəzən təsadüfi şəkildə gərilməmiş çılpaq kətanlara tətbiq olunmağa başladı. Bu kətanları o, barokko heykəllərindəki parça bəzəkləri kimi bükür, burur, qırışdırır və düyünləyirdi.
Əslində, demək olar ki, o, rəssamlıq materiallarından çoxrəngli heykəllər yaratmağa başlamışdı.
O gərilməmiş kətan əsərləri, rəng sahəsi rəssamlığı ("color field painting") ilə postminimalizm arasında körpü rolunu oynayırdı.
Bu baxımdan, Gilyamın işləri həmin dövrdə Nyu-Yorkda çalışan Lind Benqlis, Harmoni Hammond, Alvin Lovinq və Hovardena Pindel kimi rəssamların “rəssamlıq sonrası” eksperimentləri ilə uyğunluq təşkil edirdi.
Həmin sənətçilərin əsərlərinin çoxu 2006 - 2007- ci illərdə keçirilmiş “High Times, Hard Times: New York Painting 1967–1975” adlı səyyar sərgidə də yer almışdı.
Bu janr Gilyamın tanınmasına səbəb oldu (o, 1972-ci ildə Venesiyada ABŞ-ı təmsil etmişdi) və o, oxşar işləri illər boyu vaxtaşırı yaratmağa davam etdi. Lakin onun axtarışları bununla yekunlaşmadı.
1980-ci illərdə Gilyam yenidən rəsm müstəvisinə qayıtdı, lakin bu dəfə əsərləri kəsilmiş, qalın boya ilə örtülmüş kətan parçalarından kollaj şəklində hazırlanmış və sərt səthlərə yapışdırılmışdı.
Bu əsərlər ənənəvi düzbucaqlı tablo formasını tamamilə inkar edir, bəzən isə Frank Stella üslubunda relyef formasında qurulurdu.
O, həmçinin düzbucaqlı və ya dairəvi, kənarları yonulmuş panellər üzərində də rəsmlər çəkmişdi.
Lakin Gilyamın işlərindəki formal müxtəliflik onun sənətindəki zənginliyi - yəni, boya və digər materiallarla işləməkdə istifadə etdiyi saysız-hesabsız üsulları tam əks etdirmir. Kurator Telma Qolden bunu belə izah edir: "Gilyam özünü heç bir sənət növü ilə məhdudlaşdırmaq istəmirdi”.
Hazırda Dublindəki İrlandiya Müasir İncəsənət Muzeyində (IMMA) nümayiş olunan sərgi geniş deyil, əsasən, 1990-cı illərə aid kətan və kağız üzərində çəkilmiş 23 əsəri əhatə edir. Lakin bu sərgi sənətçinin indiyədək çox da diqqət cəlb etməyən bir yönünü işıqlandırır: Tikmə və tikiş elementlərindən istifadə.
Gilyam çox zaman böyük ölçülü işlər yaradaraq onları uzaqdan seyr etməyə imkan yaradırdı. Ancaq bu sərgidəki gərilməmiş, tikilmiş və ya yamaqvari əsərlər, böyük olsalar da, səthlərindəki zəngin detallarla izləyicini yaxınlaşmağa dəvət edir.
Hər bir əsər - müxtəlif boyanmış, ləkələnmiş və ya çap olunmuş kətan parçalarının yığılması ilə formalaşan, yamaq kimi bir araya gətirilmiş kompozisiyadır. Bütün bunlar aydın şəkildə görünən tikiş xətləri ilə birləşdirilib.
Gilyamın adının, əsasən, abstrakt sənətlə assosiasiya olunmasını nəzərə alsaq, bu əsərlərdə çap olunmuş fotoqrafik görüntülərin, əsasən, çətin seçilən botanikaya aid fiqurların yer alması olduqca təəccüblüdür.
Lakin mənim üçün ən təsiredici cəhət tikişin sadəcə texniki bir birləşdirmə üsulu olmaqla qalmayıb, həm də bir növ rəsmetmə üsuluna çevrilməsidir. Bu, Gilyamın sənətində adətən dolayı şəkildə, iki səthin qovuşduğu nöqtələrdə hiss edilən bir cəhətdir. Amma bu əsərlərdə tikiş açıq-aşkar ornamental bir elementə çevrilir.
Bu əsərlərin İrlandiyada nümayiş olunmasının bir izahı da odur ki, ölkə həmin əsərlərin yaranma tarixinin bir hissəsidir.
1993-cü ildə Mayo qraflığında yerləşən Ballinqlen sənət rezidensiyasına səfəri zamanı Gilyam başa düşdü ki, istifadə etdiyi neft əsaslı boyaların ora göndərilməsi mümkün deyil. Buna görə də bəzi kətanlar üzərində əvvəlcədən Vaşinqtondakı emalatxanasında işləyib sonra onları Ballinglenə yolladı. Orada isə həmin parçaları kəsib bir dərziyə tikdirdi. Nəticə isə parlaq oldu.
Bu rəsmlər Gilyamın yaradıcılığında xüsusi bir tarazlıq nöqtəsi yaradır: Bir-birinə tikilmiş bu dalğalı, ilməli rəng vərəqləri, əvvəllər istifadə etdiyi uzun, bütöv xam kətan rulonlarına əsaslanan işlərə nisbətən daha ciddi və nizamlı qurulub.
Bununla belə, bu əsərlər müxtəlif kətan parçalarının sərt dayaqlara və ya çərçivələrə bərkidildiyi rəsmlərlə müqayisədə daha sərbəst görünür.
İncəsənət tarixçisi Culiya Brayan-Uilson haqlı olaraq qeyd edir ki, həmin çərçivəli əsərlərdə tikiş texnikası birbaşa tətbiq olunmasa da, Gilyam bu əsərlərlə “yorğanabənzər" rəsmlər vasitəsilə qadın əməyinə açıq şəkildə ehtiram göstərir. O, bu fikrini belə əsaslandırır: əsərlərdə tikiş və tikmə əməyi xatırlanır, xalça təmizliyi və qulluq üçün istifadə edilən ev alətlərinə istinad olunur və kətanın özü də parça (toxuma) kimi qəbul edilir.
Lakin "Tikiş sahələri" ("Sewing Fields") adlı sərgidə nümayiş olunan, bir-birinə tikilmiş, gərilməmiş kətan əsərlərdə bu istinad və ehtiram daha aydın və açıq şəkildə ifadə olunub - Gilyamın digər işləri ilə müqayisədə bu, daha birbaşa və vizual şəkildə təqdim olunur.
Qəribə bir oxşarlıqla bu ideya İMMA-da (İrlandiya Müasir İncəsənət Muzeyində) daha da aydın hiss olunur. Belə ki, həmin vaxt orada eyni zamanda "Gee’s Bend" yorğanlarının sərgisi də keçirilirdi. Bu yorğanlar Afrika mənşəli amerikalı qadınlar tərəfindən yaradılmış məşhur əl işləridir.
Gilyam özü də, “Sewing Fields” kataloqunda Con Bardslinin məqaləsindən öyrəndiyimə görə, iki "Gee’s Bend" yorğanına sahib imiş. Bardsli bunu belə şərh edir: “Bu, şübhəsiz göstərir ki, Gilyam üçün incəsənətlə sənətkarlıq arasındakı iyerarxik fərq... demək olar ki, tamamilə silinmişdi.”
O, bizim bundan bir dərs çıxarmağımızı istəyirdi? Bunu demək çətindir. Çünki mədəniyyətimiz qara dərili sənətçilərə tez-tez təmsilçilik missiyası yükləyir, amma Gilyam bu gözləntiləri qətiyyətlə rədd edirdi.
O, materiallara və onların hələ istifadə olunmamış potensialına duyduğu heyranlıq istisna olmaqla, estetik düşüncələrinin əksər tərəfləri haqqında qeyri-adi dərəcədə susqun idi.
Tənqidçi Lili Uei bu durumu bir dəfə bu jurnalda belə ifadə etmişdi: O, “nəzakətli, amma yayınan” biri idi - təkcə irqlə bağlı yox, ümumilikdə mövzu ilə bağlı da.
Məncə, bu, azadlıqla bağlı düşüncə tərzi ilə əlaqəli idi: sənət sənə nəyi düşünməli olduğunu deməməli, sadəcə düşünməyə səbəb verməlidir.
Bu sərgi də göstərir ki, hələ çox düşünməliyik. Və eyni zamanda aydın şəkildə sübut edir ki, Gilyamın çoxşaxəli yaradıcılığı hələ də az tanınan, kəşf olunmamış cəhətlərlə zəngindir.
Bütün bu parçaları bir araya gətirəcək geniş miqyaslı retrospektiv sərgini bir də nə vaxt görəcəyik?
Vaqif Bayatlı Odərin yubiley tədbiri - Video
Oskarlı aktyordan "Blade" etirafı
Azərbaycan rəssam və fotoqraflarının əsərləri İtaliyada
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.