EN

Azərbaycan enerji ixracı coğrafiyasını Yaxın Şərq regionu istiqamətində genişləndirir ŞƏRH

Bu gün Türkiyənin Kilis şəhərində Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya nəqlinə başlanılması ilə bağlı tədbir keçirilib. Həm regional, həm də qlobal geosiyasət baxımdan bu, çox əhəmiyyətli tədbirdir. Bu hadisə bir daha sübut edir ki, Azərbaycan regionun həm iqtisadi, həm də siyasi baxımdan çox əhəmiyyətli oyunçusuna, nüfuzlu söz sahibinə çevrilib, nəinki Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısı kimi, həm də Yaxın Şərqdə mühüm rola malik etibarlı platforma kimi çıxış etmək iqtidarındadır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Əhməd Abbasbəyli söyləyib. O bildirib ki, bu gün Avropanın enerji təhlükəsizliyinə önəmli töhfə verən Azərbaycan Suriyaya qaz nəql etməklə enerji ixracı coğrafiyasını Yaxın Şərq regionu istiqamətində genişləndirir. Azərbaycan qazının ixrac edildiyi ölkələrin sayı 14-ə çatıb. Bu da ölkəmizin enerji ixracı tarixində yeni mərhələ olaraq, Cənubi Qafqaz ilə Yaxın Şərq arasında enerji körpüsünün əsasını qoymaqla yanaşı, gələcəkdə daha böyük planlarından, bu cür layihələr çərçivəsində yeni istehlakçı ölkələri əhatə edəcəyindən xəbər verir.

“Bu hadisənin digər diqqətçəkən və həssas məqamı isə Azərbaycanın mümkün risk və itkiləri göz önünə alaraq, müharibə şəraitində olan iki ölkənin – Ukrayna və Suriyanın enerji təminatını həyata keçirmək kimi çətin bir missiyanı da öz üzərinə götürməsidir.

Azərbaycan bir daha sübut edir ki, müstəqil və ədalətli xarici siyasət sərgiləyən dövlət olaraq etibarlı tərəfdaş, çətin və dar vəziyyətdə olan dostlara yardım etməyi bacarır. Yəni Ukraynadan sonra, uzun illər davam edən vətəndaş müharibəsi nəticəsində, demək olar, tamamilə dağılan, çox ağır vəziyyətdə olan Suriya da diqqətdən kənarda qalmadı. Qeyd etmək lazımdır ki, xalqının qatili, diktator və Rusiyanın oyuncağı olan Bəşər Əsəd ölkəni tərk etdikdən sonra Suriyanın yeni hakimiyyətinə beynəlxalq aləmdə münasibət birmənalı deyildi. Suriya və onun xalqı üçün belə bir çətin məqamda Türkiyədən sonra ilk yardım əlini uzadan, kömək və dəstəyini təklif edən ölkələrdən biri məhz Azərbaycan oldu.

2025-ci il aprelin 11-də Antalyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə görüşü olub. Görüşdə müxtəlif sahələrlə yanaşı, enerji sektorunda da Azərbaycanın Suriyaya dəstək göstərməsinin önəmi qeyd edilib. Daha sonra Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın iyulun 12-də Azərbaycana işgüzar səfəri zamanı əlaqələrin dərinləşməsi üçün danışıqlar aparılıb, ölkələrimiz arasında xüsusilə enerji sahəsində əməkdaşlığın vacibliyi qeyd edilib və Suriyanın hazırda üzləşdiyi ciddi enerji problemi müzakirə edilib”, - deyə siyasi şərhçi bildirib.

Əhməd Abbasbəyli, həmçinin diqqətə çatdırıb ki, Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya nəqlinə başlanılması Azərbaycan-Türkiyə qardaşlığının nə qədər dərin, sarsılmaz və əhəmiyyətli olduğunu bir daha göstərdi: “Bu möhtəşəm tandemin fəaliyyəti nəticəsində nəinki Cənubi Qafqaz, həmçinin Yaxın Şərqdə sülh və əmin-amanlığın bərqərar olması üçün ciddi addımlar atılır və müsbət nəticələrə nail olunur. Bu unikal tərəfdaşlıq həm ölkələrimizin dinamik inkişafına, həm də regionun tərəqqisinə, sabitliyin möhkəmləndirilməsinə öz töhfəsini verməkdə davam edir.

Qardaş ölkələrimiz Suriyanın yenidən qurulması və inkişafına dəstək istiqamətində birgə fəaliyyət göstərir, önəmli addımlar atırlar.

Bu layihənin, eyni zamanda, Türkiyənin regional enerji mərkəzinə çevrilməsi hədəfinə də müsbət təsiri olacağı şübhə doğurmur”.

Chosen
39
qht.az

1Sources