EN

Fransız müstəmləkəçiliyinin mirası: Tramp "həll etdim" deyir

Tailand və Kamboca arasında hərbi qarşıdurma Cənub-Şərqi Asiyanın silahlı qeyri-sabitlik ocağına çevrilmə təhlükəsini artırır. İyulun 24-də tərəflər arasında sərhəd münaqişəsi yaşanıb, 300 minə yaxın insan ərazidən təxliyə edilib, ölən və yaralananlar olub.

Tramp bu problemi də həll etdiyini deyir

İyulun 28-də Malayziyanın hökumət başçısı Ənvər İbrahim Kuala-Lumpurda Tailandın səlahiyyətli Baş naziri Pumtam Veçayaçay və Kamboca hökumətinin başçısı Hun Manetin danışıqlarının nəticəsinə əsasən ölkələr arasında atəşkəs elan edib. Ənvər İbrahim bildirib ki, tərəflər qeyd-şərtsiz atəşkəslə bağlı ümumi anlaşmaya nail olub.

Lakin anlaşmanın nə qədər sürəcəyi bəlli deyil. ABŞ Prezidenti Donald Tramp dərhal Tailand və Kamboca arasındakı sərhəd münaqişəsinin Vaşinqtonun vasitəçiliyi ilə həll olunduğunu iddia edib. Tramp daha əvvəl Kamboca Baş naziri Hun Manet və Tailandın səlahiyyətli Baş naziri Phumtham Vechayachai ilə telefon danışıqları aparıb. ABŞ lideri xəbərdarlıq edib ki, əgər döyüş əməliyyatları dayandırılmasa, ölkəsi Tailand və Kamboca ilə ticarət danışıqları aparmayacaq.

Qanlı münaqişə tarixə “məbəd müharibəsi” kimi düşəcək

Qeyd edək ki, bu, iki dövlət arasında ilk silahlı toqquşma deyil. Lakin bu dəfə döyüş əməliyyatları miqyasına görə əvvəlki bütün toqquşmaları üstələyib. Budəfəki qanlı münaqişə tarixə “məbəd müharibəsi” kimi də düşəcək. Banqkok və Pnompen məbəd komplekslərinin ərazilərinin mənsubiyyətini yüz ildən çoxdur ki, mübahisə edirlər. Tailandın səlahiyyətli baş naziri Phumtam Vechayachai deyib ki, Kamboca ilə münaqişə həssas məsələdir və ona ehtiyatla, beynəlxalq hüquq çərçivəsində yanaşmaq lazımdır. Kamboca Baş naziri Hun Manet də bildirib ki, Pnompen münaqişənin sülh yolu ilə həllini istəyir. "Kamboca həmişə problemlərin sülh yolu ilə həlli mövqeyini tutub, lakin bu halda silahlı təcavüzə cavab verməkdən başqa seçimimiz yoxdur", - o, “Facebook”da yazıb.

Tərəflər hərbi toqquşmada maraqlı idi?

Tailand və Kamboca arasındakı ərazi mübahisələrinin həlli üçün 2000-ci ildə yaradılmış Birgə Sərhəd Komissiyası indiyədək real nəticə əldə edə bilməyib. Bəzi ekspertlərin fikrincə, hazırkı vəziyyət Tailandın hakim elitasına bu qarşıdurma ilə daxili siyasi böhrandan diqqəti yayındırmağa imkan verir. Ölkədəki vəziyyət normallaşma istiqamətində getdikcə, gərginlik də səngiyəcək. Digər ekspertlər isə hesab edirlər ki, hər iki tərəf əvvəlcədən bu münaqişəyə rasional şəkildə gedib, onun genişmiqyaslı qarşıdurmaya çevrilməməli olduğunu anlayıblar. Gərginliyin davam etdirilməsində də heç kim maraqlı deyil. Belə bir fikir də var ki, hazırda hər iki ölkədə qarşıdurmadan qaçmaq üçün kifayət qədər nüfuza və əminliyə malik liderlərin çatışmazlığı var.

Chosen
16
1
publika.az

2Sources