Tural İsmayılov: "Öz daxilində mədəniyyətlə əlaqəli heç bir sabitliyə malik olmayan bir dövlətin başqa bir xalqın, xüsusilə də müsəlman bir xalqın tarixi mirasını qorumağa çalışması səmimiyyətlə deyil, siyasi məqsədlərlə izah oluna bilər"
Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan çıxışında deyib ki, Fələstinlə əldə edilən razılaşmaya əsasən, nəsli kəsilməkdə olan Fələstin mədəni irsi Ermənistandakı Matenadaran Qədim Əlyazmalar İnstitutunda müvəqqəti olaraq qorunacaq.
Maraqlıdir, ermənilərin tarixi saxtalaşdırmaqda bu qədər təcrübəsi olduğu halda, nəyə görə nəsli kəsilməkdə olan Fələstin mədəni irsinin qorunması ermənilərə həvalə edilir? Üstəgəl, ermənilər özlərini xristian hesab edir, onlar üçün müsəlman bir xalqın irsi nə dərəcədə mötəbər sayıla bilər? Ermənilər türk-müsəlman dünyasının mədəni irsıni oğurlamaqla məşğul olduğu halda Fələstin xalqının mədəni irsini necə qoruya bilər? Bununla Ermənistan nə demək istəyir - ermənilər doğrudan bu irsi qorumaq fikrindədir, yoxsa Azərbaycanla münasibətlərinə görə İsraili qıcıqlandırmaq istəyir?
Baki-xeber.com-a məsələni şərh edən politoloq Tural İsmayılov bildirdi ki, bu mövzu sadəcə bir mədəni irsin qorunması məsələsi deyil, arxasında çoxqatlı siyasi manipulyasiya, imic oyunu və geosiyasi mesajlar dayanır: "Ermənistanın Fələstin mədəni irsini "qorumağa" razı olması öz-özlüyündə bir absurdluq kimi görünür, çünki tarix boyunca ermənilər regionda mədəni irsi saxtalaşdırmaqla, mənimsəməklə və silmək cəhdləri ilə tanınıblar. Ermənistanın bu addımı ilk növbədə “biz humanistik və mədəni dəyərlərə sahib bir xalqıq” imici yaratmağa yönəlib. Öz daxilində mədəniyyətlə əlaqəli heç bir sabitliyə malik olmayan bir dövlətin başqa bir xalqın – xüsusilə də müsəlman bir xalqın – tarixi mirasını qorumağa çalışması səmimiyyətlə deyil, siyasi məqsədlərlə izah oluna bilər.
Əsas sual budur: niyə məhz Ermənistan? Niyə Fələstin bu qədər mədəniyyət və elm mərkəzi olan digər müsəlman ölkələri və ya neytral Avropa dövlətləri əvəzinə, tarixən müsəlman irsini düşmən gözü ilə görən, Osmanlı və Qafqaz türklərinə qarşı nifrət ideologiyası ilə yoğrulan bir ölkəyə öz mədəni mirasını əmanət etsin?
Bunun cavabı, böyük ehtimalla, Ermənistanın İsrailə dolayısı ilə mesaj vermək istəməsidir. Bu addım həm də Ermənistanın Qərb auditoriyasına və müəyyən ərəb ölkələrinə “baxın, biz mədəni irsi qoruyuruq” mesajı vermək cəhdidir. Beləcə, həm müsəlman aləminin müəyyən simpatiyasını qazanmaq, həm də İsraili diplomatik və simvolik səviyyədə vurmaq hədəflənir".
Ekspert əlavə edir ki, reallıqda isə Ermənistan, nəinki bu irsi qoruyacaq, əksinə, tarixi yenidən yazmaq, artefaktları “erməni izləri ilə” təkmilləşdirmək və gələcəkdə bu materialları siyasi təbliğat alətinə çevirmək ehtimalı çox yüksəkdir.: "Keçmişdə alban kilsələrini “erməni abidələri” kimi təqdim edən ölkədən bu dəfə “Fələstin əlyazmalarını” hansı adlara çıxaracağını təxmin etmək çətin deyil.
Son nəticədə bu addım Ermənistanın ikiüzlü və ikili standartlı siyasətinin yeni bir epizodu olacaq: həm “mədəniyyət keşikçisi” rolunu oynamaq, həm də rəqiblərinə mədəniyyət üzərindən siyasi mesaj göndərmək. Bu, nə mədəniyyətin, nə də insanlığın qələbəsi deyil - bu, yalnız diplomatiya adı altında gizlənmiş manipulyasiyadır".
Akif NƏSİRLİ