EN

Ekspert: "Xarici valyuta ilə kredit ciddi təhdiddir"

"Azərbaycanda xarici valyuta, xüsusilə də ABŞ dolları ilə kreditləşmə müəyyən risklər ortaya çıxarır. Bu risklər həm kredit götürən, həm də kredit verən tərəflər üçündür. Məsələn, kredit götürən əgər gəliri manatla qazanırsa, amma kreditini dollarla götürübsə, manatın dəyərdən düşməsi nəticəsində kredit öhdəlikləri artır".

Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Razi Abasbəyli deyib.

Ekspert xatırladıb ki, biz 2015-ci ilin devalvasiyasında bir çox borc alanların bu səbəbdən kreditlərini ödəyə bilməməsini və ciddi böhranın yarandığının şahidi olduq:

"Bank üçün də xarici valyutada kreditləşmə müəyyən problemlər yaradır. Borc alanların ödəmə qabiliyyəti aşağı düşərsə, dolların məzənnəsində dəyişiklik olarsa, bu da bankın problemli kredit portfelinin yüksəlməsinə gətirib çıxara bilər.Ortada ödəniş qabiliyyəti riski var. Mərkəzi Bank bununla bağlı olaraq bir sıra nəzarət orqanları ilə, valyuta ilə kreditləşməni müəyyən qədər məhdudlaşdırmağa, riskləri azaltmağa çalışır. Xarici valyuta ilə kreditləşmənin həm də faiz dərəcələri yüksək olduğuna görə bir az da borcalanlar bu məqamdan çəkməyə çalışırlar. Ortada həm də psixoloji bir məqam var. Gələcəkdə xarici valyutada kreditlə bağlı mənfi bir məqam yaranarsa, əhalinin bank sektoruna olan etimadı da azala bilər. Bu baxımdan qeyd etdiyimiz bütün risklər ortadadır. Eyni zamanda, Mərkəzi Bank bir sıra nəzarət mexanizmləri tətbiq etməlidir ki, Azərbaycanda xarici valyuta, xüsusilə ABŞ dolları və yaxud avro ilə kreditləşməni minimum səviyyəyə qədər azaltsın. Bu, hər zaman ciddi bir təhdiddir".

Əfsanə Kamal
Demokrat.az
Chosen
13
1
demokrat.az

2Sources