"Araz-Naxçıvan"ın futbolçusu Patrik Andrade "Aris"i mübarizədən kənarlaşdırdıqları matç barədə danışıb.

Offsideplus.az xəbər verir ki, klubun mətbuat xidmətinə danışan təcrübəli yarımmüdafiəçi bunları deyib:

"Yaxşı, maraqlı oyun alındı. Bizim üçün xüsusilə birinci hissə çox uğurlu keçdi. Azarkeşlərin təzyiqinə rəğmən, ardıcıl 2 qol vurduq və fasiləyə qədər üstünlüyü qoruduq. Xarakter göstərdik, Azərbaycan, komandamız adına uğur qazandıq. Düzdür, yekunda meydandan heç-heçə ilə ayrıldıq. Ancaq lazım olan nəticəni təmin etdik".

O, İqor Ribeyronun qırmızı vərəqə aldığı epizodu şərh edib:

"Qırmızı vərəqə epizoduna gəlincə, İqor komandamız üçün vacib oyunçudur. Əlbəttə, belə futbolçunun meydanda olmaması, üstəlik, azlıqda qalmağımız hiss olunmalı idi. Artıq hər şey arxada qaldı və bu epizoda görə çox düşünmək lazım deyil. Hamımız xoşbəxtik, sevinirik, çünki bizə bu xoşbəxtliyi yaşadan nəticəni qazanmışıq. İndi yaxşı dincəlmək, bərpa olunmaq lazımdır".

32 yaşlı oyunçu III təsnifat mərhələsində qarşılaşacaqları "Omoniya" (Kipr) barədə də fikirlərini bölüşüb:

"Növbəti rəqibimiz “Omoniya” zəif komanda deyil. Onlara qarşı oynamışam. Əlbəttə, məşqçilərimiz bu rəqibi də təhlil edib bizə lazım olan məlumatları verəcəklər. İndi isə “Aris”lə oyunda qazanılan uğurun sevincini yaşamaq lazımdır”.