UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab matçında “Aris”lə qarşılaşan və 2:2 hesablı heç-heçə edərək növbəti mərhələyə yüksələn “Araz-Naxçıvan”ın müdafiəçisi Bəxtiyar Həsənalızadə klubun rəsmi saytına açıqlama verib.
Rekord.az xəbər verir ki, o, görüşlə bağlı bunları söyləyib:
“Bizi çətin oyunun gözlədiyini bilirdik. “Aris”i Bakıda məğlub etsək də, heyətlərində kifayət qədər keyfiyyətli futbolçuların olması, doğma meydanda güclü azarkeş dəstəyinə sahib olmaları ehtiyatlı əldən verməməyə vadar edirdi. Matçın gedişində azarkeşlərin fəallığını xüsusi qeyd etmək istərdim. Çox çətin oyun oldu. Görüşün əvvəli yaxşı başladı, ardıcıl 2 qol vurduq və hesabdakı üstünlüyümüzü xeyli artırdıq. Bir epizodda diqqətsizlik etməyimiz qırmızı vərəqə almağımıza və meydanda azlıqda qalmağımıza səbəb oldu. Belədə müdafiəyə çəkilməli olduq. Düzdür, hesabı qoruya bilmədik, ancaq lazım olan nəticəni əldə etdik. Komandamız xarakter göstərdi. Bizim üçün nəticə vacib idi. Hər kəs əlindən gələnin maksimumunu etdi və yekunda debütant “Araz-Naxçıvan” avrokuboklarda növbəti mərhələyə yüksəldi. Klub adına yaxşı bir tarix yazdıq.
Növbəti rəqib “Omoniya” olacaq. Bu oyuna yaxşı hazırlaşmalıyıq. Heyətimizdə itkilər olsa da, yaxşı nəticə qazanmaq üçün mübarizəni sona qədər davam etdirəcəyik. Azarkeşlərimizə səslənirəm ki, oyun günü stadiona gəlin, komandamızı sona qədər dəstəkləyin. Sizin dəstəyiniz gücümüzə güc qatır. Biz də üzərimizə düşəni edəcəyik. Qələbə münasibəti ilə futbolsevərlərimizi təbrik edirəm”.