"Araz-Naxçıvan" iki oyunun nəticəsinə görə "Aris"i (Yunanıstan) məğlub edərək Konfrans Liqasında III təsnifat mərhələsinə yüksəlib.
Offsideplus.az xəbər verir ki, Naxçıvan təmsilçisinin müdafiəçi Bəxtiyar Həsənalızadə görüş haqqında fikirlərini bildirib:
“Bizi çətin oyunun gözlədiyini bilirdik. “Aris”i Bakıda məğlub etsək də, heyətlərində kifayət qədər keyfiyyətli futbolçuların olması, doğma meydanda güclü azarkeş dəstəyinə sahib olmaları ehtiyatlı əldən verməməyə vadar edirdi. Matçın gedişində azarkeşlərin fəallığını xüsusi qeyd etmək istərdim. Çox çətin oyun oldu. Görüşün əvvəli yaxşı başladı, ardıcıl 2 qol vurduq və hesabdakı üstünlüyümüzü xeyli artırdıq. Bir epizodda diqqətsizlik etməyimiz qırmızı vərəqə almağımıza və meydanda azlıqda qalmağımıza səbəb oldu. Belədə müdafiəyə çəkilməli olduq. Düzdür, hesabı qoruya bilmədik, ancaq lazım olan nəticəni əldə etdik. Komandamız xarakter göstərdi. Bizim üçün nəticə vacib idi. Hər kəs əlindən gələnin maksimumunu etdi və yekunda debütant “Araz-Naxçıvan” avrokuboklarda növbəti mərhələyə yüksəldi. Klub adına yaxşı bir tarix yazdıq".
B.Həsənalızadə növbəti rəqibləri “Omoniya” (Kipr) ilə bağlı də fikirlərini bölüşüb: "Bu oyuna yaxşı hazırlaşmalıyıq. Heyətimizdə itkilər olsa da, yaxşı nəticə qazanmaq üçün mübarizəni sona qədər davam etdirəcəyik. Azarkeşlərimizə səslənirəm ki, oyun günü stadiona gəlin, komandamızı sona qədər dəstəkləyin. Sizin dəstəyiniz gücümüzə güc qatır. Biz də üzərimizə düşəni edəcəyik. Qələbə münasibəti ilə futbolsevərlərimizi təbrik edirəm”.