EN

Patrik Andrade: “Aris”lə oyunda xarakter göstərdik

Bakı, 1 avqust, AZƏRTAC

Xarakter göstərdik, Azərbaycan adına, komandamız adına uğur qazandıq.

AZƏRTAC xəbər verir ki, bu sözləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda Yunanıstanın “Aris” komandası ilə 2:2 hesablı heç-heçə edən “Araz-Naxçıvan”nın futbolçusu Patrik Andrade klubun rəsmi saytına açıqlamasında deyib.

İki görüşün nəticəsinə əsasən növbəti mərhələyə vəsiqə qazanan Naxçıvan təmsilçisinin üzvü azarkeşlərin təzyiqinə rəğmən yaxşı oyun nümayiş etdirdiklərini deyib: “Yaxşı və maraqlı oyun alındı. Bizim üçün xüsusilə birinci hissə çox uğurlu keçdi. Azarkeşlərin təzyiqinə rəğmən, ardıcıl 2 qol vurduq və fasiləyə qədər bu üstünlüyümüzü qoruduq. Düzdür, yekunda meydandan heç-heçə ilə ayrıldıq. Ancaq biz lazım olan nəticəni təmin etdik”.

O, İqor Ribeyronun qırmızı vərəqə alaraq meydandan qovulmasına da münasibət bildirib:”İqor komandamız üçün vacib oyunçudur. Əlbəttə, belə futbolçunun meydanda olmaması, üstəlik azlıqda qalmağımız hiss olunmalı idi. Artıq hər şey arxada qaldı və bu epizoda görə çox düşünmək lazım deyil. Hamımız xoşbəxtik, sevinirik, çünki bizə bu xoşbəxtliyi yaşadan nəticəni qazanmışıq. İndi yaxşı dincəlmək, bərpa olunmaq lazımdır”.

Futbolçu III mərhələdə qarşılaşacaqları Kiprin “Omoniya” klubu ilə şanslarını da dəyərləndirib: “Növbəti rəqibimiz “Omoniya” zəif komanda deyil. Onlara qarşı oynamışam. Əlbəttə, məşqçilərimiz bu rəqibi də analiz edib bizə lazım olan məlumatı verəcəklər. İndi isə “Aris”lə oyunda qazanılan uğurun sevincini yaşamaq lazımdır”.

Qeyd edək ki, III təsnifat mərhələsinin ilk oyunları avqustun 7-də, cavab görüşləri isə ayın 14-də baş tutacaq. “Araz-Naxçıvan” birinci matçını evdə keçirəcək.

Chosen
61
20
azertag.az

10Sources