EN

Zəngəzur dəhlizi reallaşırmı? - Ermənistan prezidentinin bəyanatının arxasında nə dayanır?

Ermənistan prezidenti Vaaqn Xaçaturyanın Zəngəzur dəhlizi ilə bağlı verdiyi son açıqlama regionda diqqətlə izlənilir.

Prezidentin “Naxçıvana quru yolunun açılması mümkündür” fikri həm kommunikasiyaların açılması məsələsində yeni mərhələnin başlaya biləcəyinə işarədir, həm də Ermənistan daxilində mövcud fikir ayrılıqlarını bir daha gündəmə gətirir. Azərbaycan tərəfi dəfələrlə bu dəhlizin 2020-ci il 10 noyabr razılaşmasının tərkib hissəsi olduğunu bəyan edib.

Bəs Xaçaturyanın bu çıxışı real irəliləyişin xəbərçisidirmi, yoxsa növbəti taktiki manevrdirmi?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Züriyə Qarayeva bildirib ki, Xaçaturyanın açıqlaması rəsmi mövqedə yumşalma kimi görünə bilər, amma bu, daha çox siyasi texnika ilə ictimai rəyi hazırlamağa yönəlmiş addımdır. Onun sözlərinə görə, Ermənistan daxilində bu məsələ çox həssasdır və xüsusilə müxalif dairələr Zəngəzur dəhlizinə “təhlükə” kimi yanaşır:

“Bu səbəbdən prezidentin ritorikasında “əgər razılaşsaq” kimi şərti ifadələr yer alır. Həqiqi siyasi iradə formalaşmadan bu bəyanatların real addımlarla müşayiət olunacağını demək çətindir”.

Müsahibimiz vurğulayıb ki, Azərbaycan üçün əsas məsələ konkret nəticədir. Bakı uzun müddətdir 10 noyabr 2020-ci il bəyanatının icrasını tələb edir və Zəngəzur dəhlizi həmin sənədin vacib elementidir. Politoloq qeyd edib ki, Ermənistan tərəfinin siyasi bəyanatlardan əməli mərhələyə keçməsi, yəni dəhlizin reallaşmasına texniki və hüquqi şərait yaratması gözlənilir. Azərbaycan üçün bu keçidin adının “dəhliz”, “qapı” və ya başqa cür olması əhəmiyyət daşımır - əsas odur ki, maneəsiz, yoxlanışsız və suverenliyə hörmət çərçivəsində həyata keçirilsin.

Ermənistan daxilində bu məsələyə münasibətə gəlincə, Z.Qarayevanın dediyinə görə, şübhəsiz ki, daxili siyasətdə bu məsələyə münasibət parçalanmış vəziyyətdədir. Bir tərəf - xüsusilə radikal müxalifət - dəhlizi milli təhlükəsizlik problemi kimi qələmə verir. Digər tərəfdən isə rasionallaşan baxışlar var ki, onlar bu yolun Ermənistanı iqtisadi təcriddən çıxaracağını anlayırlar. Paşinyan və komandasının istəyi, bu iki mövqeni balanslaşdırmaqdır. Prezident Xaçaturyanın açıqlaması da bu balanslaşdırma siyasətinin bir hissəsidir.

Züriyə Qarayeva: Azərbaycan üçün bu keçidin adının “dəhliz”, “qapı” olması əhəmiyyət daşımır, əsas odur ki...

Regionda yeni nəqliyyat və ticarət konfiqurasiyası formalaşır. Bu kontekstdə Zəngəzur dəhlizi hansı rolu oynaya bilər? Həmsöhbətimi deyib ki, Zəngəzur dəhlizi təkcə Ermənistan və Azərbaycan üçün deyil, ümumilikdə Cənubi Qafqaz, Türkiyə, Rusiya və hətta Orta Asiya üçün vacib logistika xəttidir:

“Bu dəhliz Orta dəhlizin və Transxəzər nəqliyyat koridorunun bir parçası kimi Avropa-Asiya bağlantısında mühüm mövqeyə malikdir. Ermənistan bu prosesdən kənarda qalarsa, strateji fürsətlərini əldən verə bilər. Əgər İrəvan səmimi şəkildə bu layihəyə qoşularsa, regionda sabitlik və əməkdaşlıq üçün mühüm addım atılmış olar”.

Politoloqa görə, dəhlizlə bağlı qısa müddətdə ciddi dəyişiklik baş verəcəyini demək çətindir, çünki Ermənistan 2026-cı il parlament seçkilərinə qədər riskli addımlardan çəkinir. Onun sözlərinə görə, amma paralel şəkildə texniki hazırlıqlar, ictimai rəyi yumşaltmaq cəhdləri davam edəcək:

“Sülh sazişi ilə yanaşı, kommunikasiyaların açılması da müzakirə masasında yer alır və bu istiqamətdə beynəlxalq təzyiqlərin artması mümkündür. Prosesi tam tıxamaq Ermənistan üçün geosiyasi baxımdan sərfəli deyil”.

Zülfü Məmmədov

Chosen
42
1
bakivaxti.az

2Sources