Rusiyanın TASS agentliyi iyulun 31-də Xankəndi ilə bağlı dərc etdiyi xəbərdə növbəti dəfə düzəliş edib.
Milli.Az modern.az-a istinadən xəbər verir ki, yeni sərlövhədə "Dağlıq Qarabağ" ifadəsi dəyişdirilərək "Qarabağ" ilə əvəzlənib.
Xəbərin içində şəhərin coğrafi "Xankəndi" adı saxlanılsa da, 2023-cü il antiterror əməliyyatlarından əvvəlki dövrlə bağlı hissədə "Stepanakert" kimi verilib.
Qeyd edək ki, ötən gün Rusiya Federasiyasının TASS informasiya agentliyi "Stepanakertdə Ayvazovskinin abidəsi söküldü" sərlövhəli xəbər yaymışdı.
***
Rusiyanın TASS agentliyi iyulun 31-də Xankəndi ilə bağlı dərc etdiyi xəbərin başlığını dəyişib.
Milli.Az xəbər verir ki, yeni başlıqda "Stepanakert" sözü "Dağlıq Qarabağ" ifadəsi ilə əvəzlənib.
Qeyd edək ki, ötən gün Rusiya Federasiyasının TASS informasiya agentliyi "Stepanakertdə Ayvazovskinin abidəsi söküldü" sərlövhəli xəbər yayıb. Məsələyə Azərbaycanın Xarici İşlər Nazirliyi sərt münasibət bildirib, Azərbaycan Dövlət İnformasiya Agentliyi bəyanat yayıb.
Təbii ki, bu addım da TASS-ın səhvini düzəltməsi hesab edilməməlidir. 2020-ci ildə 44 günlük müharibədən sonra regionda yeni reallıqlar formalaşıb. Bu reallıqlardan biri də "Dağlıq Qarabağ" adının hüquqi olaraq tarixə qovuşmasıdır. Azərbaycan ərazisində belə bir status və ərazi vahidi MÖVCUD DEYİL. Xankəndi, Xocalı, Əsgəran və digər şəhər və qəsəbələr Qarabağ iqtisadi rayonunun tərkib hissəsi kimi Azərbaycanın tam suveren idarəçiliyindədir.
Milli.Az