EN

Azər ALLAHVERƏNOV: "Dil millətin ruhunu yaşadan güc, onun kimliyi və varlığıdır".

Azərbaycan dili yalnız bir ünsiyyət vasitəsi deyil, bu xalqın ruhunu, yaddaşını, tarixini və mənəviyyatını yaşadan müqəddəs varlıqdır. Bu dil, min illərin o tayından süzülüb gələn sözlər xəzinəsidir. Elə bir xəzinə ki, içində həm Dədə Qorqudun hikməti, həm də Nizaminin hikmət dolu beytləri pıçıldayır.

Bu dil xalqın yaddaş kitabıdır, sözlə yazılmamış tarix, könüllərdə toxunmuş dastandır. Hər hecasında min illərin izləri, hər ifadəsində bir millətin keçdiyi yollar yaşayır.

Azərbaycan dili sazın simində dillənmişdir, muğamın səsində səsə dönmüşdür, ana laylasında ümidə çevrilmiş, ağıda dönəndə sinə dağlamış, nəğməyə çevriləndə sevinci dilləndirmişdir. Bu dil, yalnız fikirlərin ötürüldüyü vasitə deyil, milli kimliyin özü, varlığın səsi, dövlətin bünövrəsidir. Onsuz xalq öz ruhunu itirər, tarix danışmaz, mədəniyyət susar.

Əgər bir millət yaşamaq istəyirsə, onun dili yaşamalıdır. Əgər bir xalq tarixdə iz qoymaq istəyirsə, onun dili sabaha daşınmalıdır. Bizim dilimiz də məhz bu millətin yaddaşının ən dərin qatlarından boy verib, xalqla birgə yoğrulub, xalqla birgə zamanın çətinliklərini adlayaraq bu günə çatıb.

Bu dil bizim varlığımızın sarsılmaz dayağıdır. Varlığımız yaşadıqca dilimiz də yaşamalı, ucalmalı, gələcək nəsillərə əmanət edilməlidir.

XX əsrin əvvəllərində milli oyanışla bərabər, dil uğrunda mübarizə də başlanır. AXC dövründə Azərbaycan dili dövlət dili elan olunur. Lakin sovet dövründə bu hüquq yenidən formal bir hala çevrilir.

Əlifba sahəsində də çətin və keşməkeşli yollar keçmişik. Ərəbdən latına, oradan kirilə və nəhayət yenidən latına dönüş – bu proses təkcə yazının deyil, düşüncənin də dəyişməsi demək idi. Hər bir əlifba dəyişikliyi milli varlığımıza təsir etmiş, xalqın maariflənməsinə həm təkan, həm də bəzən əngəl olmuşdur.

1960–1970-ci illər Azərbaycanın ictimai-siyasi həyatında yeni mərhələnin başlandığı, milli dəyərlərin qorunması və milli özünüdərkin möhkəmləndirilməsi baxımından taleyüklü illər idi. Bu dövrdə Azərbaycan dili məsələsi də təkcə mədəni deyil, eyni zamanda siyasi bir məsələyə çevrilmişdi.

Sovet İttifaqı ideologiyası çərçivəsində rus dili “ümumi ünsiyyət dili” kimi ön plana çəkilir, SSRİ-yə daxil olan respublikaların yerli dilləri isə yavaş-yavaş ictimai həyatın kənarına sıxışdırılırdı. Məktəblərdə, universitetlərdə, idarə və müəssisələrdə rus dili üstünlük qazanır, milli dillər getdikcə sadəcə ailə içində və məhdud mədəniyyət dairələrində istifadə edilən "yerli ünsiyyət vasitəsinə" çevrilirdi.

Məhz belə bir dövrdə dilin yavaş-yavaş kənara çəkildiyi, milli düşüncənin boğulduğu bir zamanda Heydər Əliyev siyasi iradəsi, uzaqgörənliyi və qətiyyəti ilə bu prosesə qarşı çıxdı. Onun təşəbbüsü ilə 1978-ci ildə qəbul edilən Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dili rəsmi dövlət dili kimi qeyd olundu. Bu, sıradan bir hüquqi dəyişiklik deyildi bu, milli kimliyin qorunması uğrunda atılmış çox mühüm və cəsarətli addım idi.

Sovet quruluşunda milli dillərin konstitusion status alması, xüsusilə də dövlət dili kimi tanınması son dərəcə nadir və riskli bir qərar sayılırdı. Çünki bu, mərkəzi ideologiyanın ruslaşdırma siyasətinə zidd idi. Lakin Heydər Əliyev bu qərarı verərkən milli maraqları hər şeydən üstün tutdu. O, xalqının dilini, kimliyini və gələcəyini qorumaq üçün ideoloji baryerləri aşmağa cəhd etdi və bunu bacardı.

Bu hadisə yalnız hüquqi deyil, mənəvi baxımdan da böyük bir dönüş nöqtəsi idi. Konstitusiyada Azərbaycan dilinə yer verilməsi xalqın öz dilinə olan inamını artırdı, milli qüruru oyatdı, gənc nəslin doğma dilinə sevgisini möhkəmləndirdi. Artıq insanlar anladılar ki, bu dil yalnız ailədə deyil, tribunada, parlamentdə, elm və siyasət dünyasında da yaşamalı və danışılmalıdır.

Heydər Əliyevin bu addımı Azərbaycan tarixində milli-mədəni dirçəlişin təməl sütunlarından biri kimi dəyərləndirilir. O, dilin sadəcə söz və səs olmadığını, xalqın mövcudluq haqqını daşıyan mənəvi və hüquqi dayaqlardan biri olduğunu dərk edirdi. Bu səbəbdəndir ki, o, dil məsələsini strateji səviyyəyə qaldıraraq onu qorumağı və inkişaf etdirməyi özünün dövlətçilik missiyasının ayrılmaz hissəsi hesab edirdi.

Bu təşəbbüs həm də gələcək müstəqillik yolunun ideoloji təməl daşlarından biri oldu. Çünki azadlığa gedən yol, ilk növbədə, öz dilində düşünmək və danışmaq haqqını qazanmaqdan başlayır.

Ulu Öndər Heydər Əliyev Azərbaycan dilinin inkişafı və qorunmasında əvəzsiz rol oynamışdır. O, dilin dövlət səviyyəsində tətbiqi, məktəblərdə, elm və mədəniyyət ocaqlarında geniş yayılması üçün fundamental tədbirlər həyata keçirmişdir. Onun təşəbbüsü ilə dilin zənginliyi və tarixi dəyərləri tədqiq olunmağa başlandı, dilçilik elmi inkişaf etdi. Heydər Əliyev deyirdi: "Hər bir xalqın milli varlığının əsas əlaməti onun dilidir. Dilini itirən xalq, milli varlığını da itirər."

1995-ci ildə qəbul edilən Konstitusiyamızda Azərbaycan dili dövlət dili kimi təsbit edildi. Bu, yalnız hüquqi bir addım deyil, milli ruhun bərpası idi.

2001-ci ilin 1 avqust tarixi Azərbaycan xalqının milli yaddaşına, dil və mədəniyyət tariximizə əbədi həkk olunmuş günlərdən biridir. Həmin gün Prezident Heydər Əliyev tərəfindən imzalanan mühüm fərmanla Azərbaycanda latın qrafikalı əlifbanın tətbiqi rəsmi şəkildə rəsmiləşdirildi. Bu tarixi qərarla təkcə texniki bir yazı sistemi dəyişmirdi – bu, bir millətin kimliyinə, mənəviyyatına, mədəniyyətinə və tarixi mirasına qayıdışı idi.

Latın qrafikasının qəbulu, əslində, çoxdan başlanan bir yolun son, lakin ən mühüm mərhələsi idi. Azərbaycan xalqı XX əsrdə üç müxtəlif əlifba dəyişməsini yaşadı: əvvəlcə ərəb, sonra latın, daha sonra isə kiril qrafikası ilə yazmağa məcbur edildi. Hər bir dəyişiklik sadəcə hərf və səsin yox, eyni zamanda düşüncə tərzinin, mədəni yönümün və siyasi məxsusiyyətin dəyişməsi demək idi.

Əlifba xalqın özünüifadə vasitəsi, mədəni varlığının forması, dilinin zahiri simasıdır. Əlifba dəyişəndə, yalnız yazı yox, xalqın tarixi ilə əlaqəsi, yaddaşı və mədəni koordinatları da dəyişir.

Məhz buna görə də, 2001-ci ildə yenidən latın qrafikasına keçid təkcə yazını sadələşdirmək deyil, bir millətin kökünə doğru simvolik və strateji qayıdış idi. Bu, XX əsrin əvvəllərində hələ 1920-ci illərdə cümhuriyyət düşüncəli maarifçilərimizin başladığı islahatın tamamlanması idi. O zamanlar da latın qrafikası maarifçiliyin, elmin, müasirliyin simvolu kimi qəbul edilirdi.

Heydər Əliyev bu tarixi addımı atmaqla, həm siyasi müstəqilliyin, həm də mədəni müstəqilliyin təməlini möhkəmləndirdi. O başa düşürdü ki, müstəqil dövlət yalnız öz iqtisadiyyatı ilə yox, öz dili, öz əlifbası, öz yazı sistemi ilə də tanınmalıdır. Latın əlifbasına keçid Azərbaycan xalqının türk mənşəli yazı ənənəsinə uyğunluğunu bərpa etdi, digər türk xalqları ilə ortaq dil-mədəni mühitini genişləndirdi. Bu qərarla Azərbaycan həm keçmişlə bağlarını bərpa etdi, həm də gələcəyə daha sağlam və müasir platformadan baxmağa başladı. Yeni nəslin müasir texnologiyalara inteqrasiya prosesində əlifba da artıq maneə deyil, vasitə və fürsətə çevrildi. Kompüter texnologiyasında latın əlifbasının üstünlüyü, beynəlxalq kommunikasiya imkanları da nəzərə alındıqda, bu addım həm ideoloji, həm texnoloji baxımdan mühüm dönüş oldu.

Buna görə də 1 Avqust təsadüfi gün deyil. Bu tarix Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi rəsmi şəkildə təsbit edildi və hər il bu gün dilimizin, kimliyimizin, milli şüurumuzun bayramı olaraq qeyd olunur.

Bu gün biz öz fikrimizi, ruhumuzu, ədəbiyyatımızı, qan yaddaşımızı latın qrafikalı Azərbaycan dilində ifadə edirik. Və hər dəfə bu hərflərlə yazanda, xalq olaraq yaşadığımız tarixə, çəkdiyimiz əzablara, qazandığımız zəfərlərə bir daha hörmət göstərmiş oluruq.

Prezident İlham Əliyev də Ulu Öndərin bu sahədəki siyasətini uğurla davam etdirir. Onun rəhbərliyi ilə Azərbaycan dilinin beynəlxalq aləmdə tanınması, diaspor təşkilatlarında dil kurslarının açılması, rəqəmsal texnologiyalarda Azərbaycan dilinin tətbiqi, lüğət və dil portalının yaradılması, tərcümə mərkəzlərinin fəaliyyəti ilə dilimizin yeni dövrə uyğun şəkildə inkişafı təmin olunur.

2021-ci ildə imzalanan “Azərbaycan dilinin saflığının qorunması və düzgün tətbiqinin təmin edilməsi haqqında” sərəncam bu sahədə mühüm mərhələ oldu. Dilimiz bugünkü texnoloji çağırışlara cavab verəcək səviyyəyə çatdırılır, nitq mədəniyyəti təbliğ olunur.

Azərbaycan dili bizim keçmişimizin yaddaşı, bu günümüzün nəfəsi, sabahımızın yol göstəricisidir. Bu dili qorumaq hər bir azərbaycanlının mənəvi borcu, milli kimliyinə sədaqət andıdır. Dilimiz yaşadıqca biz də yaşayırıq, susmadıqca tariximiz danışır, danışdıqca Vətən var olur.

Azər ALLAHVERƏNOV

Milli Məclisin deputatı

Chosen
33
3
turkustan.az

4Sources