AZ

Deputat: Dil millətin ruhunu yaşadan gücdür

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 1 avqust, AZƏRTAC

Azərbaycan dili yalnız bir ünsiyyət vasitəsi deyil, bu, xalqın ruhunu, yaddaşını, tarixini və mənəviyyatını yaşadan müqəddəs varlıqdır. Bu dil min illərin o tayından süzülüb gələn sözlər xəzinəsidir. Elə bir xəzinə ki, içində həm Dədə Qorqudun hikməti, həm də Nizaminin hikmət dolu beytləri pıçıldayır. Azərbaycan dili xalqın yaddaş kitabıdır, sözlə yazılmamış tarix, könüllərdə toxunmuş dastandır. Hər hecasında min illərin izləri, hər ifadəsində bir millətin keçdiyi yollar yaşayır. Bu dil sazın simində dillənib, muğamın səsində səsə dönüb, ana laylasında ümidə çevrilib, ağıya dönəndə sinə dağlayıb, nəğməyə çevriləndə sevinci dilləndirib. Əgər bir millət yaşamaq istəyirsə, onun dili yaşamalıdır. Əgər bir xalq tarixdə iz qoymaq istəyirsə, onun dili sabaha daşınmalıdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov deyib.

O bildirib ki, bizim dilimiz də millətimizin yaddaşının ən dərin qatlarından boy verib, xalqla birgə yoğrulub, zamanın çətinliklərini adlayaraq bu günə çatıb: “XX əsrin əvvəllərində milli oyanışla bərabər, dil uğrunda mübarizə də başlanıb, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycan dili dövlət dili elan olunub. Lakin sovet dövründə bu hüquq yenidən formal bir hala çevrilib. 1960–1970-ci illər Azərbaycanın ictimai-siyasi həyatında yeni mərhələnin başlandığı, milli dəyərlərin qorunması və milli özünüdərkin möhkəmləndirilməsi baxımından taleyüklü illər idi. Bu dövrdə Azərbaycan dili məsələsi də təkcə mədəni deyil, eyni zamanda, siyasi bir məsələyə çevrilmişdi. Sovet İttifaqı ideologiyası çərçivəsində rus dili “ümumi ünsiyyət dili” kimi ön plana çəkilir, SSRİ-yə daxil olan respublikaların yerli dilləri isə yavaş-yavaş ictimai həyatın kənarına sıxışdırılırdı. Məktəblərdə, universitetlərdə, idarə və müəssisələrdə rus dili üstünlük qazanır, milli dillər getdikcə sadəcə ailə içində və məhdud mədəniyyət dairələrində istifadə edilən "yerli ünsiyyət vasitəsinə" çevrilirdi. Məhz belə bir dövrdə Ulu Öndər Heydər Əliyev siyasi iradəsi, uzaqgörənliyi və qətiyyəti ilə bu prosesə qarşı çıxdı. Ümummilli Liderin təşəbbüsü ilə 1978-ci ildə qəbul edilən Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dili rəsmi dövlət dili kimi qeyd olundu. Bu, sıradan bir hüquqi dəyişiklik deyildi. Bu, milli kimliyin qorunması uğrunda atılmış çox mühüm və cəsarətli addım idi. Sovet quruluşunda milli dillərin konstitusion status alması, xüsusilə də dövlət dili kimi tanınması son dərəcə nadir və riskli bir qərar sayılırdı. Çünki bu, mərkəzi ideologiyanın ruslaşdırma siyasətinə zidd idi. Lakin Ümummilli Lider Heydər Əliyev bu qərarı verərkən milli maraqları hər şeydən üstün tutdu. O, xalqının dilini, kimliyini və gələcəyini qorumaq üçün ideoloji baryerləri aşmağa cəhd etdi və bunu bacardı. Bu hadisə yalnız hüquqi deyil, mənəvi baxımdan da böyük bir dönüş nöqtəsi idi. Konstitusiyada Azərbaycan dilinə yer verilməsi xalqın öz dilinə olan inamını artırdı, milli qüruru oyatdı, gənc nəslin doğma dilinə sevgisini möhkəmləndirdi. Artıq insanlar anladılar ki, bu dil yalnız ailədə deyil, tribunada, parlamentdə, elm və siyasət dünyasında da yaşamalı və danışılmalıdır”.

Azər Allahverənov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin bu addımı Azərbaycan tarixində milli-mədəni dirçəlişin təməl sütunlarından biri kimi dəyərləndirilir: “Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilinin inkişafı və qorunmasında əvəzsiz rol oynayıb. Ulu Öndər dilin dövlət səviyyəsində tətbiqi, məktəblərdə, elm və mədəniyyət ocaqlarında geniş yayılması üçün fundamental tədbirlər həyata keçirib. 1995-ci ildə qəbul edilən Konstitusiyamızda Azərbaycan dili dövlət dili kimi təsbit edildi. Bu, yalnız hüquqi bir addım deyil, milli ruhun bərpası idi. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə dilin zənginliyi və tarixi dəyərləri tədqiq olunmağa başlandı, dilçilik elmi inkişaf etdi. Ulu Öndər deyirdi: "Hər bir xalqın milli varlığının əsas əlaməti onun dilidir. Dilini itirən xalq, milli varlığını da itirər. 2001-ci il avqustun 1-i Azərbaycan xalqının milli yaddaşına, dil və mədəniyyət tarixinə əbədi həkk olunmuş günlərdən biridir. Həmin gün Ümummilli Lider Heydər Əliyev tərəfindən imzalanan fərmanla Azərbaycanda latın qrafikalı əlifbanın tətbiqi rəsmiləşdirildi. Bu tarixi qərarla təkcə texniki bir yazı sistemi dəyişmirdi. Bu, bir millətin kimliyinə, mənəviyyatına, mədəniyyətinə və tarixi mirasına qayıdışı idi”.

Deputat diqqətə çatdırıb ki, latın qrafikasının qəbulu, əslində, çoxdan başlanan bir yolun son, lakin ən mühüm mərhələsi idi. Azərbaycan xalqı XX əsrdə üç müxtəlif əlifba dəyişməsini yaşadı: əvvəlcə ərəb, sonra latın, daha sonra isə kiril qrafikası ilə yazmağa məcbur edildi. Hər bir dəyişiklik sadəcə hərfin və səsin yox, eyni zamanda, düşüncə tərzinin, mədəni yönümün və siyasi məxsusiyyətin dəyişməsi demək idi: “Ulu Öndər Heydər Əliyev bu tarixi addımı atmaqla, həm siyasi müstəqilliyin, həm də mədəni müstəqilliyin təməlini möhkəmləndirdi. Ümummilli Lider başa düşürdü ki, müstəqil dövlət yalnız öz iqtisadiyyatı ilə yox, dili, əlifbası, yazı sistemi ilə də tanınmalıdır. Latın əlifbasına keçid Azərbaycan xalqının türk mənşəli yazı ənənəsinə uyğunluğunu bərpa etdi, digər türk xalqları ilə ortaq dil-mədəni mühitini genişləndirdi. Bu qərarla Azərbaycan həm keçmişlə bağlarını bərpa etdi, həm də gələcəyə daha sağlam və müasir platformadan baxmağa başladı. Yeni nəslin müasir texnologiyalara inteqrasiya prosesində əlifba da artıq maneə deyil, vasitə və fürsətə çevrildi. Kompüter texnologiyasında latın əlifbasının üstünlüyü, beynəlxalq kommunikasiya imkanları da nəzərə alındıqda, bu addım həm ideoloji, həm texnoloji baxımdan mühüm dönüş oldu. Buna görə də avqustun 1-i təsadüfi gün deyil. Bu tarix Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi rəsmi şəkildə təsbit edildi və hər il bu gün dilimizin, kimliyimizin, milli şüurumuzun bayramı olaraq qeyd olunur”.

Azər Allahverənov, həmçinin bildirib ki, Prezident İlham Əliyev də Ulu Öndərin bu sahədəki siyasətini uğurla davam etdirir. “Dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycan dilinin beynəlxalq aləmdə tanınması, diaspor təşkilatlarında dil kurslarının açılması, rəqəmsal texnologiyalarda Azərbaycan dilinin tətbiqi, lüğət və dil portalının yaradılması, tərcümə mərkəzlərinin fəaliyyəti ilə dilimizin yeni dövrə uyğun şəkildə inkişafı təmin olunur. 2021-ci ildə imzalanan “Azərbaycan dilinin saflığının qorunması və düzgün tətbiqinin təmin edilməsi haqqında” Sərəncam bu sahədə mühüm mərhələ oldu. Dilimiz bugünkü texnoloji çağırışlara cavab verəcək səviyyəyə çatdırılır, nitq mədəniyyəti təbliğ olunur. Azərbaycan dili bizim keçmişimizin yaddaşı, bu günümüzün nəfəsi, sabahımızın yol göstəricisidir. Bu dili qorumaq hər bir azərbaycanlının mənəvi borcu, milli kimliyinə sədaqət andıdır. Dilimiz yaşadıqca biz də yaşayırıq, susmadıqca tariximiz danışır, danışdıqca Vətən var olur”, - deyə deputat vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
22
3
azertag.az

4Mənbələr