EN

Arif Babayev Qarabağın qələbə sevincini muğama yazdı

"Arif Babayev yeni bir dövrün əsasını qoymuşdu. Öz yaradıcılığı və sənəti ilə XX əsrin ikinci yarısının, eləcə də yaşadığımız dövrün bütün hisslərini, emosiyalarını və tarixi olaylarını əks etdirmişdi. Qarabağ mövzusunu, Azərbaycan xalqının qəhrəmanlıq əzmini, qələbə sevincimizi yeni intonasiyalar, yeni hisslər və yeni ifadələrlə musiqidə canlandırmışdı".

Olaylar.az xəbər verir ki, bunu Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaşzadə deyib.

O bildirib ki, Arif Babayev böyük bir məktəb yaradıb və bu gün onun ənənələri Azərbaycan Milli Konservatoriyası və tələbələri tərəfindən uğurla davam etdirilir:

"Bildiyiniz kimi, "Arif" anlayışı təkcə bir insanın adı deyil. Təsəvvüf simvolikasında və muğam fəlsəfəsində bu söz batini həqiqətləri, gizli məqamları dərk edən, yüksək mənəvi məqamlara sahib olan şəxsə deyilir. Arif Babayev də məhz belə bir şəxs idi - həm yaradıcılığı, həm də ali insani keyfiyyətləri ilə bunu sübut edirdi.

O, sahib olduğu bu mənəvi və sakral enerjini böyük səxavətlə ətrafındakı insanlarla, tələbələri ilə paylaşırdı. Arif müəllimin xatirəsi həmişə yaddaşımızda qalacaq.

Biz, Azərbaycan Milli Konservatoriyasının kollektivi olaraq, bütün Azərbaycan xalqına, Arif müəllimin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyirik. Allah rəhmət eləsin!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
20
olaylar.az

1Sources