Olaylar.az xəbər verir ki, bunu Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaşzadə deyib.
O bildirib ki, Arif Babayev böyük bir məktəb yaradıb və bu gün onun ənənələri Azərbaycan Milli Konservatoriyası və tələbələri tərəfindən uğurla davam etdirilir:
"Bildiyiniz kimi, "Arif" anlayışı təkcə bir insanın adı deyil. Təsəvvüf simvolikasında və muğam fəlsəfəsində bu söz batini həqiqətləri, gizli məqamları dərk edən, yüksək mənəvi məqamlara sahib olan şəxsə deyilir. Arif Babayev də məhz belə bir şəxs idi - həm yaradıcılığı, həm də ali insani keyfiyyətləri ilə bunu sübut edirdi.
O, sahib olduğu bu mənəvi və sakral enerjini böyük səxavətlə ətrafındakı insanlarla, tələbələri ilə paylaşırdı. Arif müəllimin xatirəsi həmişə yaddaşımızda qalacaq.
Biz, Azərbaycan Milli Konservatoriyasının kollektivi olaraq, bütün Azərbaycan xalqına, Arif müəllimin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyirik. Allah rəhmət eləsin!"