EN

Qərəzli ritorika: Moskvanın dili, Bakının səbrini daşırır

Zeynal Əmrəliyev: TASS-ın təhrifləri və Kremlin nümayəndələrinin açıqlamaları eyni mənbədəndir

Bu, heç də müsbət münasibətin göstəricisi deyil və Azərbaycan-Rusiya əlaqələrinin gələcəyi üçün narahatlıq doğurur

"Rusiyanın yüksək vəzifəli rəsmiləri bilməlidir ki, əgər onların anti-Azərbaycan tədbirləri və açıqlamaları davam edərsə, Azərbaycanla Rusiya arasındakı disparitetə düzəlişlər edilə bilər".
Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Rusiya Prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoyun Azərbaycanla bağlı bəzi iddialarına münasibət bildirərkən qeyd edib.
"Cənab Şvıdkoyun guya Azərbaycanda Rusiya mədəniyyətinin “ləğv edilməsi” iddiaları növbəti yalandır. Baxmayaraq ki, bu sahədə iki ölkə arasında ciddi disparitet mövcuddur, Rusiya mədəniyyətini Azərbaycanda heç kim ləğv etməyib. Belə ki, Azərbaycanda rus teatrı, rus dilində məktəblər, rus dilində nəşrlər olduğu halda, Rusiyada Azərbaycan dilində teatr, məktəblər, qəzet və jurnallar mövcud deyil. Bu disparitetə baxmayaraq, biz Rusiyada Azərbaycan mədəniyyətinin “ləğv edilməsi” iddiası ilə çıxış etmirik. Amma Rusiyanın yüksək vəzifəli rəsmiləri bilməlidir ki, əgər onların anti-Azərbaycan tədbirləri və açıqlamaları davam edərsə, Azərbaycanla Rusiya arasında qeyd edilən disparitetə düzəlişlər edilməsi istisna olunmur".

Politoloq Zeynal Əmrəliyev Sherg.az-a bildirib ki, Azərbaycan və Rusiya arasında yaranan gərginliyin əsas səbəbkarı Rusiya tərəfinin verdiyi açıqlamalardır:

"Rusiya rəsmiləri ardıcıl şəkildə Azərbaycan əleyhinə qərəzli mövqe sərgiləyir. Həmçinin heç də xoş qarşılanmayan bəyanatlarla çıxış edirlər. Xüsusilə Rusiyanın dövlət informasiya agentliyi olan TASS tərəfindən yayımlanan saxta və təhrif olunmuş məlumatlar, o cümlədən işğaldan azad edilmiş Azərbaycan ərazilərinin adlarının yanlış təqdim olunması və nəhayət, Rusiya prezidentinin xüsusi nümayəndəsinin verdiyi qərəzli açıqlamalar bir daha onu göstərir ki, Rusiya daxilində Azərbaycanla münasibətlərin normallaşmasını istəməyən müəyyən dairələr var. Bu qüvvələr bütün imkanlardan istifadə edərək Moskva ilə Bakı arasında münasibətlərin gərgin qalmasına çalışırlar. Biz bu yanaşmanın izlərini hələ 44 günlük müharibədən əvvəlki dövrdə də müşahidə etmişik. O zaman Azərbaycan əraziləri Ermənistanın işğalı altında idi. Həmin qüvvələr həm Ermənistana, həm də separatçı rejimə dəstək göstərərək, Azərbaycanı bu vəziyyətlə barışmağa məcbur etməyə çalışırdılar. İndi isə həmin dairələrin fəaliyyəti yenidən güclənib və süni gərginliklər yaratmaqda davam edirlər. Bu gün onların baxışları Rusiya dövlət siyasətində öz əksini tapır və Azərbaycana qarşı münasibət heç də xoş niyyətli deyil".

Analitik qeyd edib ki, Azərbaycan tərəfi həmişə qonşularla mehriban və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin qurulmasında maraqlı olub:
"Rəsmi Bakı bu gün də eyni mövqedədir. Ölkəmiz maksimum səviyyədə çalışır ki, ikitərəfli və çoxtərəfli münasibətlər beynəlxalq hüquq normalarına, xüsusilə dövlətlərin suverenliyi, bərabərliyi prinsipinə əsaslansın.
Ancaq kim Azərbaycana qarşı bu cür qərəzli kampaniya aparırsa, ziddiyyətli və təxribat xarakterli açıqlamalar verirsə, öz cavabını da alacaq. Biz bunun başqa nümunələrini də görmüşük; Məsələn, Qərbin əsas ölkələrindən biri olan Fransanın timsalında. Əvvəlcə ictimai institutlar və media təmsilçiləri tərəfindən səsləndirilən qərəzli açıqlamalar, sonradan Fransa rəsmilərinin mövqeyində də özünü göstərdi. Bu gün isə eyni yanaşmanın təəssüf doğuracaq şəkildə Rusiya dövlət nümayəndələrinin dilindən səsləndiyini görürük. Bu, heç də müsbət münasibətin göstəricisi deyil və Azərbaycan-Rusiya əlaqələrinin gələcəyi üçün narahatlıq doğurur".
Chosen
14
1
sherg.az

2Sources