Sea Breeze

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müəyyənləşdirdiyi enerji strategiyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uzun illərdir müasir dövrün çağırışlarına uyğunlaşdırılmaqla uğurla davam etdirilir. Enerji sektorunda davamlı inkişaf və beynəlxalq əməkdaşlıq prinsiplərinə əsaslanan uğurlu strategiya yalnız resursların hasilatı ilə məhdudlaşmır, həm də onların səmərəli idarə olunması, təchizat zəncirinin təhlükəsizliyi və dayanıqlı gələcəyin qurulması kimi önəmli istiqamətləri əhatə edir.

Bu illər ərzində regionda etibarlı enerji tərəfdaşı kimi mövqeyini daha da möhkəmləndirən Azərbaycan, Avropa və dünya bazarlarına enerji resurslarının davamlı şəkildə çatdırılmasında aparıcı rol oynayır. Təbii ki, Cənub Qaz Dəhlizi kimi strateji layihənin reallaşdırılması Azərbaycanın enerji siyasətinin uğurlu nəticəsi olmaqla yanaşı, qlobal enerji təhlükəsizliyinə töhfə verən vacib təşəbbüslərdəndir.

Ölkəmizin enerji siyasətinin icraçısı kimi xüsusi rola malik SOCAR tərəfindən təqdim olunan məlumatlara istinadla qeyd etmək istərdik ki, bu gün Azərbaycanın qaz ixracı rekord səviyyəyə yüksəlib. Belə ki, 2024-cü ildə qaz ixracı 25,3 milyard kubmetr təşkil edib. 2023-cü ildə bu göstərici 23,9 milyard kubmetr və 2022-ci ildə isə 22,3 milyard kubmetr olub.

Şirkət tərəfindən təqdim olunan rəsmi məlumatda, həmçinin 2024-cü ildə Azərbaycanda təbii qaz hasilatının 50 milyard kubmetrdən çox olduğu vurğulanır ki, bu göstərici qaz hasilatında nəzərəçarpacaq artımın göstəricisidir.

SOCAR fəaliyyətinin əsas istiqamətləri kimi hasilatın dayanıqlılığının təmin olunması, infrastruktur və ixrac imkanlarının şaxələndirilməsi istiqamətində önəmli layihələr həyata keçirir.

Azərbaycan qazının 10-u Avropa ölkəsi olmaqla, ümumilikdə 12 ölkəyə ixracı mühüm nailiyyətdir. Bu, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə dəyərli töhfəsi kimi qiymətləndirilir.

Təbii ki, ölkəmizin enerji strategiyasının uğurla həyata keçirilməsində SOCAR tərəfindən aparılan səmərəli hasilat və idarəetmə siyasəti, qabaqcıl texnologiyaların tətbiqi, yerli və beynəlxalq əməkdaşlıqların düzgün koordinasiyası mühüm rol oynayır. Bu göstəricilər Azərbaycanın təkcə regionda deyil, qlobal enerji bazarında mühüm aktor olaraq güclü mövqeyinin göstəricisidir.

ETX
ETX
ETX