“Araz-Naxçıvan”ın müdafiəçisi Bəxtiyar Həsənalızadə Konfrans Liqasında “Aris”ə qarşı keçirdikləri cavab oyununu şərh edib.
Arena.az xəbər verir ki, Azərbaycan və Yunanıstan komandaları Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində ötən gün cavab görüşünə çıxıblar.
Bakıdakı görüşdə rəqibini 2:1 hesabıyla məğlub etmiş “Araz-Naxçıvan” Salonikidə baş tutmuş cavab matçından 2:2 hesablı heç-heçə ilə ayrılıb və növbəti mərhələyə vəsiqə qazanıb. Bəxtiyar Həsənalızadə klubun rəsmi saytına açıqlamasında komandasının bu uğuruna belə şərh verib:
“Bizi çətin oyunun gözlədiyini bilirdik. “Aris”i Bakıda məğlub etsək də, heyətlərində kifayət qədər keyfiyyətli futbolçuların olması, doğma meydanda güclü azarkeş dəstəyinə sahib olmaları ehtiyatı əldən verməməyə vadar edirdi. Matçın gedişində azarkeşlərin fəallığını xüsusi qeyd etmək istərdim. Çox çətin oyun oldu. Görüşün əvvəli yaxşı başladı, ardıcıl 2 qol vurduq və hesabdakı üstünlüyümüzü xeyli artırdıq. Bir epizodda diqqətsizlik etməyimiz qırmızı vərəqə almağımıza və meydanda azlıqda qalmağımıza səbəb oldu. Belədə müdafiəyə çəkilməli olduq.
Düzdür, hesabı qoruya bilmədik, ancaq lazım olan nəticəni əldə etdik. Komandamız xarakter göstərdi. Bizim üçün nəticə vacib idi. Hər kəs əlindən gələnin maksimumunu etdi və yekunda debütant “Araz-Naxçıvan” avrokuboklarda növbəti mərhələyə yüksəldi. Klub adına yaxşı bir tarix yazdıq.
Növbəti rəqib “Omoniya” olacaq. Bu oyuna yaxşı hazırlaşmalıyıq. Heyətimizdə itkilər olsa da, yaxşı nəticə qazanmaq üçün mübarizəni sona qədər davam etdirəcəyik. Azarkeşlərimizə səslənirəm ki, oyun günü stadiona gəlin, komandamızı sona qədər dəstəkləyin. Sizin dəstəyiniz gücümüzə güc qatır. Biz də üzərimizə düşəni edəcəyik. Qələbə münasibəti ilə futbolsevərlərimizi təbrik edirəm”, deyə Bəxtiyar Həsənalızadə bildirib.