EN

İxracda dönüş nöqtəsi: Azərbaycanın qeyri-neft məhsulları hansı yeni bazarlara çıxa bilər? - ARAŞDIRMA

Azərbaycan uzun illər neft-qaz gəlirlərinə əsaslanan iqtisadi model ilə inkişaf etsə də, son onillikdə bu yanaşmada ciddi dəyişikliklər baş verib. Ölkə iqtisadiyyatının bir sahədən asılılığını azaltmaq, dayanıqlı inkişafı təmin etmək və regional inkişafı sürətləndirmək məqsədilə qeyri-neft sektorunun inkişafı prioritet istiqamət kimi müəyyən edilib. Bu strategiyanın əsas məqsədi iqtisadiyyatın diversifikasiyası, ixrac imkanlarının genişləndirilməsi və yeni iş yerlərinin yaradılmasıdır.

Xüsusilə kənd təsərrüfatı, qida sənayesi və yüngül sənaye sahələrində əldə olunan nəticələr, qeyri-neft sektorunun ölkə iqtisadiyyatına verdiyi töhfənin artdığını göstərir. Azərbaycanın qeyri-neft ixracında liderlik edən məhsullar sırasında meyvə-tərəvəz, xüsusilə də pomidor, alma və fındıq kimi kənd təsərrüfatı məhsulları ön plana çıxır. Bu məhsulların ixracı nəticəsində ölkəyə hər il milyonlarla dollar valyuta daxil olur. Lakin burada bir mühüm məqam var: Azərbaycanın meyvə-tərəvəz məhsullarının ixracında Rusiya bazarının xüsusi çəkisi olduqca yüksəkdir.

İxrac göstəriciləri

Azərbaycan 2024-cü ildə ümumilikdə 707,8 milyon ABŞ dolları dəyərində meyvə-tərəvəz məhsulları ixrac edib. Bu, 2023-cü illə müqayisədə 2,5 % azalma demək olsa da, 2025-ci ilin ilk yarısında artım müşahidə olunub: yanvar-iyun aylarında ixrac 415,8 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,2 % çoxdur.

Eyni zamanda, bu ilin yanvar-iyun aylarında Azərbaycanın qeyri-neft məhsulları ixrac etdiyi əsas 5 ölkə - Rusiya (586 milyon dollar, 8,2 % artımla), Türkiyə (287,2 milyon dollar, 6,4 % azalma ilə), Gürcüstan (154,8 milyon dollar, 36,1 % artımla), İsveçrə (151,5 milyon dollar, 145,5 % artımla) və Ukrayna (95,8 milyon dollar, 88,9 % artımla) olub.

Pomidor son illərdə Azərbaycanın qeyri-neft ixracında xüsusi çəkiyə malik kənd təsərrüfatı məhsuluna çevrilib. 2015-ci ildə bu məhsulun ixracı 57,8 milyon dollar təşkil edirdisə, 2024-cü ildə bu rəqəm 175,4 milyon dollar olub. Rekord göstərici isə 2019-cu ildə qeydə alınıb -189,3 milyon dollar.

2024-cü ildə ixrac olunan pomidorların 97,4 %-i Rusiya, 1,6 %-i Belarus, 1 %-i isə digər ölkələrə satılıb. Müəyyən dövrlərdə pomidor tədarükü Ukrayna, Gürcüstan, Polşaya həyata keçirilib.Cari ilin ilk yarısında isə bu məhsulun ixrac həcmi 149,3 milyon dollar olub.

Alma Azərbaycanın ixrac portfelində mühüm yer tutur. Əsas istehsal zonaları Quba, Qusar, Şəki, Gəncə və Ağdaş bölgələridir. Burdakı torpaq-iqlim şəraiti yüksək keyfiyyətli və ixracyönümlü alma sortlarının becərilməsinə imkan verir. Belə ki, 2015-ci ildə 14,7 milyon dollar dəyərində olan alma ixracı, 2024-cü ildə 61,9 milyon dollara çatıb. Ötən il istehsal olunan almanın 33,2 %-i ixrac edilib. Əsas bazar yenə də Rusiyadır - 87,2 %. Qalan hissə isə Qazaxıstan (4,4 %), BƏƏ (3,9 %), Özbəkistan (2,4 %) və digər ölkələr arasında bölüşdürülüb. 2025-ci ilin ilk yarısında 35,6 milyon dollar dəyərində alma ixrac olunub.

Fındıq ixracında da artım tendensiyası müşahidə olunur. 2024-cü ildə ölkə bu məhsuldan 128,9 milyon dollar gəlir əldə edib. Fındıq ləpəsinin əsas alıcıları Rusiya (50 %-dən çox), Almaniya (15 %-dən çox) və İtaliyadır (10 %-dən çox). Bu ilin ilk 6 ayında isə fındıq ixracı 76,7 milyon dollar təşkil edib.

Rusiya bazarına bağlılıq və risklər

“Report” Azərbaycanın qeyri-neft məhsullarının ixracında alternativ bazarların əhəmiyyətini iqtisadçı-ekspert Xaliq Məmmədovla müzakirə edib.

Ekspertin fikrincə, Azərbaycan-Rusiya ticarət münasibətləri strateji əhəmiyyət daşısa da, bu bazara bağlılıq müəyyən risklər yaradır. Xüsusilə, məhsulların geri qaytarılması, texniki bəhanələrlə ixraca məhdudiyyətlərin tətbiqi, laborator analizlərdə aşkar olunan süni problemlər və ödənişlərin gecikməsi fermerlər üçün ciddi çətinliklər yaradır.

“Rusiya bu gün Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Ticarət və iqtisadi əməkdaşlığın dərinləşdirilməsi üçün gömrük və logistika infrastrukturunun təkmilləşdirilməsi, prosedurların sadələşdirilməsi və qarşılıqlı anlaşmaya əsaslanan idxal-ixrac mexanizmlərinin qurulması vacibdir”, - deyə X.Məmmədov bildirib.

O qeyd edib ki, 2024-2026-cı illəri əhatə edən yeni Yol Xəritəsində nəqliyyat, sənaye, kənd təsərrüfatı, enerji, turizm və innovativ texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. Lakin mövcud risklər eyni zamanda ixrac bazarlarının genişləndirilməsini zəruri edir.

“Azərbaycan aqrar məhsulların təxminən 90-95 %-ni məhz Rusiya bazarına göndərir. 2023-cü ildə bu göstərici 540–550 milyon dollar arasında olub. Ancaq Rusiya bazarına yüksək asılılıq sahibkarlar üçün ciddi risklər yaradır. Bu isə fermerlərə maddi ziyan vurmaqla yanaşı, onların fəaliyyətinə bağlı olan gübrə, toxum və texnika təchizatçılarına da təsir göstərir”.

Bundan əlavə, kənd təsərrüfatı vasitələrinin əksəriyyətinin xaricdən idxal olunduğunu qeyd edən ekspert bildirib ki, son zamanlar bu məhsulların qiyməti 2-2,5 dəfə artıb, bu isə maya dəyərinin yüksəlməsinə və məhsulların rəqabət qabiliyyətinin azalmasına səbəb olur.

Yeni hədəflər

X.Məmmədovun fikrincə, alternativ bazarlar sırasında ərəb ölkələri və Çin önə çıxır. O hesab edir ki, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Səudiyyə Ərəbistanı və Çin bazarları Azərbaycanın kənd təsərrüfatı məhsulları üçün geniş ixrac imkanları təqdim edir:

“Bu ölkələrdə kənd təsərrüfatı məhsullarına tələbat yüksəkdir və bazarlar dinamikdir. Ancaq burada da sertifikatlaşdırma, məhsulun mənşəyi, təhlükəsizlik standartları və qablaşdırma kimi tələblərə ciddi riayət edilməlidir. Yerli sahibkarlar bu istiqamətdə maarifləndirilməli və texniki dəstək almalıdırlar”.

Ekspert əlavə edib ki, məhsulun keyfiyyəti ilə yanaşı, ixrac prosesinin logistika və maliyyə baxımından da səmərəli şəkildə idarə olunması vacibdir. Qida Təhlükəsizliyi Agentliyi və digər qurumlar bu istiqamətdə mühüm addımlar atsa da, ölkənin ixrac potensialı hələ tam reallaşmayıb.

X.Məmmədovun fikrincə, Azərbaycanın kənd təsərrüfatı məhsullarının Avropa bazarlarına çıxışı hələ də müəyyən çətinliklərlə üzləşir:

“Avropa İttifaqı yüksək keyfiyyət və təhlükəsizlik standartları tətbiq edir. Bu bazara daxil olmaq üçün məhsullar hərtərəfli normalara uyğun olmalıdır. Məsələn, hər 15 gündə su analizlərinin aparılması, qablaşdırma prosesində gigiyenik qaydalara əməl olunması və daşınma zamanı məhsulların xüsusi temperatur rejimində saxlanması tələb olunur. Bütün bu tələblər texniki və maliyyə baxımından istehsalçılar üçün əlavə yük yaradır”.

X.Məmmədov hesab edir ki, Azərbaycanın kənd təsərrüfatı məhsullarının xarici bazarlarda möhkəmlənməsi üçün kompleks və uzunmüddətli strategiya hazırlanmalıdır: “Fermerlər texniki biliklərlə yanaşı, təlim və maliyyə alətləri vasitəsilə də dəstəklənməlidir. Bazarların texniki və hüquqi tələblərinə uyğunlaşma yalnız kompleks yanaşma ilə mümkündür. Məqsəd təkcə ixracı artırmaq deyil, ixracın sabitliyini və davamlılığını təmin etməkdir”.

Chosen
21
report.az

1Sources