ABŞ-nin Federal Mülki Aviasiya İdarəsi (FAA) yanvarın 29-da Vaşinqtonda 67 nəfərin həyatına son qoymuş təyyarə qəzasının aviadispetçerin mümkün səhvi nəticəsində baş verdiyini bildirib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “The Washington Post” (WP) qəzeti məlumat yayıb.
Bildirilib ki, aviadispetçer “American Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin ekipajını ABŞ quru qoşunlarının “Black Hawk” helikopterinin sürətlə yaxınlaşması barədə xəbərdar etməyib.
İdarənin nümayəndəsi Nik Fullerin sözlərinə görə, o, qəzadan əvvəl dispetçer qülləsindən təyyarəni “Black Hawk”ın hərəkət trayektoriyası barədə xəbərdar etməli idi.
NTSB-nin rəhbəri Cennifer Homendi qeyd edib ki, dispetçer helikopter və təyyarənin Potomak çayı üzərində toqquşmasından 10 dəqiqə əvvəl 21 müxtəlif hava gəmisi ilə əlaqə saxlayıb.
FAA-nın məlumatına görə, paytaxtın hava limanında saatda 79 təyyarə eniş edib və havaya qalxıb.