EN

"Azərbaycan qazı Ukraynada: Enerji təhlükəsizliyi və geosiyasi mesaj" - "Deutsche Welle"

"Azərbaycan qazı Ukrayna üçün alternativ, Bakı üçün statusdur..."

Ukrayna tarixində ilk dəfə olaraq Azərbaycan qazını idxal etməyə başlayıb. Bu qaz "Naftoqaz Ukrayna" ilə "SOCAR Energy Ukraine" arasında bağlanmış müqavilə əsasında Transbalkan magistral boru kəməri vasitəsilə çatdırılır.

Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri yazıb.

Məlumatda deyilir ki, kəmər Türkiyə, Bolqarıstan, Rumıniya, Moldova və Ukrayna ərazisindən keçir. "Naftoqaz" rəhbəri Sergey Koretskinin sözlərinə görə, tədarük hələ ki, məhdud miqdardadır, lakin strateji baxımdan çox mühümdür. Bu addım həm uzunmüddətli əməkdaşlığın başlanğıcı, həm də Ukraynanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində mühüm irəliləyişdir.

Bu mərhələdə qaz "pilot test partiyası" kimi təqdim olunur. Həcm və müddət barədə detallı məlumat açıqlanmasa da, bu, Azərbaycan qazının yeni marşrut üzrə sınaq məqsədilə tədarükü kimi dəyərləndirilir.

Həcm məhduddur, amma əhəmiyyəti böyükdür

Ekspertlərin fikrincə, yaxın illərdə Azərbaycanın Ukraynaya böyük həcmdə qaz tədarük etməsi çətin görünür. Çünki Bakı öz qazını artıq uzunmüddətli ixrac müqavilələri ilə bağlayıb və daxili tələbat da yüksəkdir. Razumkov Mərkəzindən Vladimir Omelçenko qeyd edir ki, Ukrayna gündəlik maksimum 5 milyon kubmetr qaz ala bilər, bu da ölkənin ümumi gündəlik idxalının dörddə biri qədərdir.

Digər ekspert Mixail Qonçar isə hesab edir ki, Azərbaycan bu il Ukraynaya yalnız bir neçə yüz milyon kubmetr qaz sata bilər. O, vurğulayır ki, Azərbaycan qaz hasilatını artırmaq üzərində işləyir, amma bu proses 2030-cu ilə qədər vaxt tələb edir.

İstilik mövsümünə hazırlıq və ehtiyat planı

Ukraynanın enerji naziri Svetlana Qrinçukun sözlərinə görə, hətta bu az miqdar belə strateji əhəmiyyət daşıyır. Çünki ölkə istilik mövsümünə hazırlaşır və mənbələrin şaxələndirilməsi əsas prioritetlərdən biridir. O, bildirir ki, Transbalkan boru kəməri Ukraynaya yalnız Azərbaycan qazını deyil, həm də dünya üzrə LNG (maye təbii qaz) təchizatını qəbul etməyə imkan verir. Eyni zamanda, Rumıniya və Bolqarıstanın perspektivli şelf qaz yataqları da bu marşrut üzrə əlçatan ola bilər.

Ekspertlər bildirir ki, daxili qaz hasilatı Rusiyanın son aylarda qaz infrastrukturuna zərbələri nəticəsində 30-40 faiz azalıb. Bu səbəbdən xarici mənbələrdən qaz alınması Ukrayna üçün qış aylarında əlavə təminat rolunu oynayacaq.

Bu, Rusiya qazı deyil...

Mixail Qonçar bildirir ki, Azərbaycan qazı adı ilə Ukraynaya Rusiya qazının ötürülməsi halları da mümkündür və buna qarşı ayıq olmaq lazımdır. 2023-cü ildə "Qazprom"la tranzit müqaviləsi bitərkən, guya "Azərbaycan qazı" kimi yeni razılaşma təklif olunub. Lakin marşrut yenə də Rusiya ərazisindən keçdiyi üçün, bu, faktiki olaraq Rusiya qazının rebrendinqi demək idi. İndiki tədarük isə məhz real Azərbaycan qazıdır və onun müstəqil marşrutla Ukraynaya çatdırılması mühüm geosiyasi əhəmiyyət daşıyır.

Bakı-Kiyev yaxınlaşması və Moskvanın narahatlığı

Ukrayna ilə Azərbaycan arasında bu yeni enerji əməkdaşlığı təkcə iqtisadi deyil, həm də siyasi məna daşıyır. Ekspertlərə görə, bu addım enerji həmrəyliyi nümayişidir və Moskvanın narahatlığına səbəb olur. Vladimir Omelçenko qeyd edir ki, Azərbaycan artıq regionda müstəqil siyasi xətt aparır və bu, Rusiyanın xoşuna gəlmir. Azərbaycanın Rusiyanın təsirindən çıxması və müstəqil oyunçuya çevrilməsi həm Kiyev, həm də bütövlükdə region üçün önəmli siqnaldır.

Azərbaycan qazı Ukrayna üçün alternativ, Bakı üçün statusdur

Azərbaycandan Ukraynaya ilk qaz tədarükü hələ ki, rəmzi səviyyədə olsa da, bu addım enerji diplomatiyası baxımından əlamətdar hadisədir. O, həm yeni bazarlara açılımı, həm də region ölkələrinin enerji sahəsində Rusiyadan asılılığı azaltmaq səylərini göstərir. Bu, gələcəkdə daha geniş enerji əməkdaşlığının təməlini qoya bilər.

Chosen
54
50
moderator.az

10Sources