EN

ABŞ Ukrayna barədə Rusiya ilə razılaşma əldə edə bilər - Tramp

BAKI, TurkicWorld

ABŞ Prezidenti Donald Tramp, Ukrayna ilə bağlı Rusiya ilə razılaşma ehtimalını nəzərdən keçirdiyini bildirib və yaxın vaxtlarda münaqişənin həll olunmaması halında Rusiyanı ikinci dərəcəli sanksiyalar və gömrük rüsumları tətbiq etməklə hədələyib.

TurkicWorld xəbər verir ki, bu barədə Tramp, Şotlandiyanın Turnberri şəhərində Böyük Britaniyanın Baş naziri Kir Starmerlə görüşdən sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Əgər razılıq əldə edə bilməsək, ikinci dərəcəli sanksiyalar tətbiq edəcəyik. Amma biz razılaşma əldə edə bilərik, bilmirəm” - deyə, Tramp qeyd edib.

Trampın sözlərinə görə, o, Rusiya və ABŞ arasında Ukrayna üzrə razılığın əldə olunması üçün verilən müddəti 10-12 günə endirmək niyyətindədir və bu qərarını bu axşam və ya sabah açıqlayacaq.

“Mən bunu Rusiyaya qarşı etmək istəmirəm, rusları sevirəm, onlar möhtəşəm insanlardır” – deyə, o bildirib.

Qeyd edək ki, Tramp iyul ayının əvvəlində bəyan etmişdi ki, əgər Moskva 50 gün ərzində Kiyevlə sülh sazişi imzalamağa razılaşmazsa, Vaşinqton Rusiya neftinin alıcılarına qarşı 100 faizlik ikinci dərəcəli rüsumlar və digər sanksiyalar tətbiq edə bilər.

Chosen
118
50
turkic.world

10Sources