AZ

Tramp 10 gün sonra Rusiyaya nə edəcək?

ABŞ Prezidenti Donald Tramp Rusiya ilə bağlı verdiyi 50 günlük müddəti qısaldıb. O, Şotlandiyada Britaniyanın baş naziri Kir Starmerlə keçirdiyi mətbuat konfransında Rusiyaya 10-12 gün vaxt verib.

“Mən artıq danışıqlarla maraqlanmıram”, - deyə Tramp Putinə ünvanladığı sərt açıqlamasında bildirib. Onun sözlərinə görə, Rusiya prezidenti ilə dəfələrlə danışmasına baxmayaraq, Ukraynaya hücumlar davam edir və bu, artıq “kifayətdir”.

ABŞ lideri bu vaxta qədər Putinə qarşı “çox səxavətli” olduğunu, 50 günlük zaman tanıdığını, lakin bu müddət ərzində real addım atılmadığını vurğulayıb. Yeni bəyanatla o, 10-12 gün ərzində sülh istiqamətində irəliləyiş baş verməyəcəyi təqdirdə Rusiyanın ticarət tərəfdaşlarına qarşı sərt 100%-lik tariflər tətbiq ediləcəyini xatırladıb.

Politoloq Əlimusa İbrahimov ABŞ-Rusiya münasibətlərinin gərginləşməsi fonunda baş verəcək prosesləri Modern.az-a şərh edib.

O bildirib ki, Trampın əvvəlcə Rusiyaya verdiyi 50 günlük möhlət, daha sonra bu müddətin 10-12 günə endirilməsi ilə əvəzləndi. Onun sözlərinə görə, dəyişiklik Rusiya Prezidenti Vladimir Putinlə son telefon danışıqlarından sonra ondan ümidini kəsməsi ilə əlaqələndirilir.

“Məlum olduğu kimi, əvvəlcə Tramp Rusiya ilə birbaşa danışıqların alınmayacağı təqdirdə, onun ticarət tərəfdaşlarına qarşı 50 gün ərzində sanksiyalar tətbiq olunacağını deyib. Sözügedən sanksiyalar əsasən, həmin ölkələrə qarşı 100 faiz dərəcəsində tariflərin tətbiqini nəzərdə tuturdu”.

Ə.İbrahimov qeyd edib ki, lakin ABŞ Dövlət Departamentinin nümayəndəsi daha sonra bu müddətin sonuna qədər gözləməyin planlaşdırılmadığını, yəni sanksiyaların 50 gün bitmədən də tətbiq oluna biləcəyini istisna etmədiyini açıqladı.

“Həqiqətən də belə oldu. Trampın Böyük Britaniyada verdiyi açıqlamaya əsasən, artıq 50 günlük möhlət qüvvədən düşüb və dünəndən etibarən yeni müddət 10-12 gün olaraq müəyyən edilib”.

Politoloq əlavə edib ki, onlar Trampa 50 günün Rusiyaya çox geniş imkan yaratdığını izah edərək, müddətin azaldılmasının vacibliyinə inandıra bildilər:

“Xüsusilə NATO üzvləri bildiriblər ki, 50 gün ərzində Rusiya Ukraynaya qarşı genişmiqyaslı hücumlar həyata keçirə və bu müddətin sonunda “sülhə hazırıq” bəyanatı ilə ortaya çıxa bilər. Bu isə artıq Ukrayna üçün çox gec ola bilərdi. Hətta Ukrayna tərəfi də öz növbəsində Trampa minnətdarlıq etsə də, 50 günün kifayət qədər uzun zaman olduğunu bildirib”.

Siyasi şərhçi onu da vurğulayıb ki, məhz bu amillər Trampı yeni qərar qəbul etməyə sövq etdi:

“Digər tərəfdən isə son dövrlər Trampın Rusiya meyilli olması ilə bağlı həm NATO, həm də Avropa İttifaqı ölkələri tərəfindən ittihamlar səsləndirilirdi. Tramp isə bu ittihamların əsassız və yersiz olduğunu sübut etmək üçün belə bir addım ata bilərdi. İstənilən halda, 10-12 gün müddət də 50 gün kimi heç də az müddət deyil. Bu baxımdan nəzərdə tutulan vaxt başa çatdıqdan sonra Trampın hansı addımlar atacağını zamanla görəcəyik”.

Seçilən
52
50
modern.az

10Mənbələr