EN

Mütəxəssis: Peyvəndləmə hepatitlərdən qorunmaq üçün çox effektlidir

Bakı, 28 iyul, AZƏRTAC

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) B və C hepatitli xəstələrin virus əleyhinə dərman preparatları ilə təmin olunması üzrə komissiyanın sədri, həkim-infeksionist İbrahim Rufullayev 28 İyul - Ümumdünya Hepatitlə Mübarizə Günü ilə əlaqədar AZƏRTAC-a müsahibə verib. O, hepatit viruslarına yoluxma, xəstəliyin əlamətləri, müalicə üsulları və digər məsələlər barədə danışıb.

Həmin müsahibəni təqdim edirik.

- Həkim, 28 İyul - Ümumdünya Hepatitlə Mübarizə Gününün əhəmiyyəti barədə nə deyə bilərsiniz...

- Ümumdünya Hepatitlə Mübarizə Günü bizim üçün əhəmiyyət kəsb edir. Bu ondan ibarətdir ki, hepatitlə mübarizə məsələsini ön plana çıxaraq, insanları xəstəliyin profilaktikası haqqında məlumatlandıraq. Çünki müraciət edən xəstələrin içərisində xəstəlik barədə məlumatı olmayanlar da var.

Ümumiyyətlə, biz virus hepatitli xəstələrin sayının minimuma, yaxud sıfıra endirilməsi üçün çalışırıq.

- Hepatitin yaranma səbəbləri və əlamətləri hansılardır?

- Hepatit geniş məfhumdur. Virus hepatitləri qaraciyərin iltihabı deməkdir. Ən geniş yayılan A, B, C, D, E hepatitləridir. Bunlardan A, E fetal-oral, yəni çirkli əllər və su ilə yoluxur. Digərləri - B, C, D isə qanla, bədən mayeləri və nadir hallarda cinsi yolla yoluxa bilər.

Xəstəliyin tipik əlamətləri var. Bunalara ümumi zəiflik, yorğunluq, tez yorulma, əzələ və oynaqlarda ağırlıq, kəskin virus hepatitlərində sarılıq, A və C hepatitlərində sarılıq əlamətləri, qaraciyər göstəricilərində yüksəlmə, halsızlıq aiddir. Ancaq bu o demək deyil ki, bu əlamətlər olan bütün insanlar hepatit xəstələridir.

- Kimlər risk qrupundadırlar?

- İmmun supressiv xəstələr, tibb sektorunda işləyənlər, bərbərlər və bu kimi digər sahələrdə çalışanlar risk qrupundadır.

- Yeri gəlmişkən, siz də risk qrupundasınız...

- Peyvənd olunmuşam.

- İnsanlar özləri hepatitə yoluxduqlarını müəyyən edə bilərlər?

- Adətən, virus hepatitləri skrininq müayinələrdə aşkarlanır. İnsanın özünün hepatiti aşkarlaması mümkün deyil. İnsanlar, adətən, bu xəstəliyə dişlərini müayinə və müalicə etdirən zaman, həmçinin gözəllik salonlarında və digər belə yerlərdə yoluxurlar.

Şikayətlə hepapit virusuna yoluxmanı müəyyən etmək mümkün deyil. Ola bilər ki, qaraciyərlə bağlı başqa problem ortya çıxsın, sarılıq keçirmiş olsun və s. Xəstənin kənardan müəyyən edilməsi praktikası yoxdur.

- Bəs, daha çox hansı kateqoriyadan olan insanların bu virusa yoluxmasına rast gəlinir?

- Bu virus, əsasən, yuxarı yaş kateqoriyasında olan insanlarda müşahidə edilir. Müraciət edənlərin əksəriyyəti orta və yaşlı nəslin nümayəndələridir.

Uşaqlarda da rast gəlinir. Amma bu, böyüklərlə müqayisədə çox azdır. Hamilə qadınlar ginekoloqlar tərəfindən müayinə olunurlar. Bu zaman hepatitlər aşkarlandıqda onlar infeksionistə yönləndirilirlər və hamiləlik dövründə izlənilirlər. Bunun nəticəsində uşaqların xəstəliyə yoluxma təhlükəsi azalır.

- Hepatitlərin müalicəsi necə aparılır və bu xəstəlikdən tam sağalmaq mümkündürmü?

- A və E hepatit viruslarına ölkəmizdə hamilə qadınlarda çox nadir hallarda rast gəlinir. E virusu, adətən, hamilələrdə olur. Orta inkişaf etmiş və inkişaf etmiş ölkələrdə bu virusa az rast gəlinir. Çünki əhalidə ona qarşı anticisimlər olur.

A və E hepatitindən tam sağalmaq mümkündür. C hepatitindən də sağalmaq olur. B hepatitindən isə 90 faiz hallarda sağalmaq mümkün deyil. Xroniki xəstələrdə çox nadir hallarda sağalma mümkün olur. Xəstə məsuliyyətsiz yanaşıbsa, xəstəlik düzgün idarə olunmayıbsa, qaraciyər sirrozu baş veribsə, hətta qaraciyər sirrozundan ağırlaşma halları və ölüm baş verə bilər. İldırım sürətli kəskin hallar ola bilər. Bu zaman da qaraciyər çatışmazlığı səbəbindən ölümün qeydə alınması mümkündür.

- Hepatitlərə qarşı peyvəndləmə necə aparılır?

- İnkişaf etmiş ölkələrdə B hepatitinin HBs antigeninin rastgəlmə tezliyi çox azdır. (Ölkəmizdə bu göstərici normaldır-bu cümlə silinsin )2012-ci ildən uşaqların peyvənd təqvimində B hepatiti əleyhinə peyvəndləmə də var. Əvvəl isə bu olmayıb. Böyüklər öz hesablarına peyvəndlənə bilərlər. Ümumiyyətlə, B hepatitindən qorumağın 2 yolu var: peyvəndləmə və xəstə insanların müalicə olunması, onların nəzarət altında saxlanılması.

- Siz həm də TƏBİB-in nəzdindəki hepatitlə bağlı komissiyanın sədrisiniz. Komissiyanın fəaliyyəti barədə nə deyə bilərsiniz?

- Bu komissiya 3 ildən çoxdur fəaliyyət göstərir. B və C hepatitli xəstələrin virus əleyhinə dərman preparatları ilə təmin olunması üzrə komissiyada 4 minə yaxın xəstə qeydiyyatdadır. Hepatit B virusu daşıyıcıları davamlı olaraq dərmanla təmin edilirlər. Hepatit C virusunun daşıyıcıları bir kurs müalicə ilə sağalırlar Onların içərisində yenidən xəstəliyə tutulanlar olur. Ancaq əksəriyyətində sağalma müşahidə edilir. Hepatit B xəstələri ömür boyu dərman içməli deyillər. 3-5 ildən sonra müəyyən göstəricilərə uyğun olaraq xəstənin dərmanla təminatı dayandırıla bilər. Müşahidələr aparılır, ona uyğun qərar verilir. Bir tərəfdən, uzun müddət dərmanları qəbul etmək xəstəyə ziyan vurur. Bu dərmanlar böyrəklər və sümük oynaq sistemi üçün zərərlidir. Ona görə həmin dərmanları daim qəbul etmək problemlər yaradır. Digər tərəfdən, ehtiyac yoxdursa, xəstənin dərman qəbul etməsini dayandırıb, müşahidə aparmaq olar.

- Xəstələrin psixoloji reabilitasiyası ilə bağlı nə deyə bilərsiniz...

- Hepatit idarəedilən xəstəliklər sırasındadır. Yalnız hepatit B çətin müalicə olunan xəstəliklər sırasındadır. Amma peyvənd edilməklə bu hepatitdən də qorunmaq olar. Hər kəs məsuliyyətli olmalıdır.

İnkişaf etmiş ölkələrdə belə, kimisə məcbur peyvənd etmək mümkün deyil. Bunun fərqində olmaq lazımdır. Maarifləndirmə işləri aparılmalıdır. Uşaqlarımızı vaxtlı-vaxtında peyvənd etdirməliyik ki, onlar gələcəkdə B hepatitinə yoluxmasınlar. B hepatitinə yoluxmuş 1 xəstənin 1 il ərzində müalicəsinə sərf olunan vəsaitlə, bəlkə də, yüzlərlə insanı peyvənd etdirmək olar.

- Həkim, son olaraq vətəndaşlara nə tövsiyə edirsiniz?

- Hepatit xəstələri dövlət tərəfindən dərmanla təmin olunurlar. Məqsədimiz bu xəstələri və gələcək nəsilləri qorumaqdır. Eyni zamanda, bildirmək istəyirəm ki, bütün qərarlar onların yaxşı olmaları üçündür. Əgər həkim xəstəyə dərman məsləhət görmürsə, buna əməl etmək lazımdır. Onlar bunu anlayışla qarşılamalı, özləri üçün faydalı olduğunu anlamalıdırlar. Xəstəni ömür boyu dərmana məkhum etmək olmaz.

Eyni zamanda, bildirmək istəyirəm ki, infeksion xəstəliklərdən qorunmaq üçün müxtəlif standartlar, gigiyenik tədbirlər və metodlar var. Bunlara əlyuma, maska taxmaq, ara məsafəsi saxlamaq kimi tədbirlər daxildir. Bununla yanaşı, hepatitlərdən qorunmaq üçün peyvəndləmə var. Bu, infeksion xəstəliklərdən qorunmaq üçün ən ucuz, effktiv və zərərsiz metoddur. Peyvəndləmə yalnız hazırkı dövr üçün deyil, gələcək üçün də vacib məsələdir. Bu, xəstəliyə yoluxanların sayının azalmasıda böyük rol oynayır. Ona görə də, hamını peyvənd etdirməyə çağırıram.

Chosen
23
azertag.az

1Sources