Azərbaycan–İsveçrə Cəmiyyəti və Assosiasiyası (ASCA) tərəfindən 25 iyul 2025-ci il tarixində Bakı şəhərində təşkil olunan şəbəkələşmə tədbiri uğurla həyata keçirildi.
Tədbirin əsas məqsədi İsveçrədə və digər ölkələrdə təhsil almış azərbaycanlı məzunlar arasında əlaqələrin qurulması, qarşılıqlı tanışlıq və fikir mübadiləsi üçün səmimi və əlverişli bir platforma yaratmaq idi.
Tədbirin açılış hissəsində İsveçrə Səfirliyinin Milli Proqram üzrə təmsilçisi cənab Zahir Əhmədov və ASCA-nın idarə heyətinin sədri Elmira Fərzəliyeva çıxış edərək cəmiyyətin məqsədləri, gələcək fəaliyyət istiqamətləri və gənclər üçün yaratdığı imkanlar barədə iştirakçılara ətraflı məlumat verdilər. Hər iki çıxış nitqi, tədbirin ruhuna uyğun olaraq, səmimi və ruhlandırıcı atmosferdə keçdi.
Şəbəkələşmə görüşündə yalnız İsveçrə universitetlərinin məzunları deyil, eyni zamanda digər ölkələrdə ali təhsil almış gənclər, eləcə də Azərbaycanlı Tələbələr və Məzunlar Platforması (ASAP Platform) idarə heyətinin üzvləri də iştirak etdilər.
ASCA bu cür təşəbbüslərlə İsveçrə təhsilli gənclər arasında həmrəyliyi gücləndirməyi, yeni əməkdaşlıqların əsasını qoymağı və onların ictimai fəallığını artırmağı hədəfləyir. Sözügedən tədbir isə gələcək layihələr üçün mühüm və ilhamverici bir başlanğıc oldu.
Onu da qeyd edək ki, Azərbaycan–İsveçrə Cəmiyyəti və Assosiasiyasının (ASCA) idarə heyəti yeni seçilmişdir.



