EN

İsrail və Suriya Bakıda barışa bilərlər

Azərbaycan Avropa, Mərkəzi Asiya istiqamətində fəal siyasət yürütdüyü kimi, Yaxın Şərq regionunun problemlərinin çözülməsində də fəallığı ilə seçilir. Bunu Azərbaycan-Suriya əlaqələrində görmək mümkündür. Hazırda Azərbaycan-Suriya əlaqələri ölkəmizin Yaxın Şərq siyasəyinin bir hissəsidir desək, yanılmarıq. Bu mənada iyulun 12-də Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Azərbaycana səfəri tarixi əhəmiyyət daşıyır. Yeri gəlmişkən qeyd edək ki, uzun illər ərzində Azərbaycana münasibətdə qeyri-dost siyasəti həyata keçirən Suriyadakı əvvəlki rejimin vaxtında münasibətlərimizdə durğunluq yaranmışdı. Ancaq Suriya müxalifətinin 2024-cü il noyabrın 27-dən başlanan və dekabrın 8-də Əsəd rejiminin devrilməsi ilə sona çatan hücumu, keçid hökumətinin yaradılması Dəməşq–Bakı əlaqələrində də yeni səhifənin açılmasına səbəb oldu.

Hətta hazırda Azərbaycan Suriya ilə İsrail arasında gərginliyin aradan qaldırılmasında və danışıqlar prosesində sakit diplomatiya prinsipindən çıxış edərək görüşlərin təşkil olunmasına öz töhfəsini verməkdədir.  Bəli, bu gün ölkəmiz iki ölkə arasında uğurlu vasitəçilik rolunda çıxış edir. Bununla da regional təhlükəsizliyə və davamlı sülhə töhfə verməyə çalışır. Şübhəsiz, Azərbaycanın bu diplomatik addımı regional sabitlik və əməkdaşlıq modelinə yönəlmiş strateji yanaşmadır. Bu isə bir daha sübut edir ki, Azərbaycan yalnız enerji ixracatçısı kimi deyil, həm də sülh, bərpa və inkişaf sahəsində qlobal əməkdaşlığa töhfə verən bir ölkədir.  Şübhəsiz, bu seçim Cənubi Qafqazda yeni reallıqlar yaradan, beynəlxalq aləmdə nüfuz sahibi olan Azərbaycana, onun “sözünün ağası” kimi tanınan Prezidenti İlham Əliyevə olan etimaddan və etibardan irəli gəlir.

Hazırda ərəb mediasında yayımlanan xəbərə görə, yaxın vaxtlarda Bakıda İsraillə Suriya arasında danışıqlar olacaq. Şübhəsiz, iki tərəfin Bakıda bir araya gəlməsini Azərbaycana verilən dəyər kimi qiymətləndirmək olar. Hər iki dövlətin münasibətlərinin yaxşı olması da Azərbaycanın marağındadır. Onu da vurğulayaq ki, bu gün Azərbaycanın İsraillə münasibətləri normaldır. Hətta sözügedən dövlət müsəlman ölkələri arasında ən çox Azərbaycana etibar edir. Yeri gəlmişkən qeyd edək ki, İsrail hər zaman beynəlxalq hüquqa əsaslanaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və erməni işğalına qarşı çıxıb. Həm 44 günlük Vətən müharibəsi, həm də birgünlük lokal antiterror əməliyyatı zamanı Azərbaycanın mövqeyini açıq şəkildə müdafiə edən İsrail işğaldan azad edilmiş ərazilərin bərpası prosesinə, daha doğrusu, erməni vandalları tərəfindən xarabazara çevrilmiş bölgənin dirçəlməsinə də öz töhfəsini verməkdədir.

Şübhəsiz, Azərbaycanın vasitəçiliyi həm İsrail, həm də Suriya üçün məqbul sayılır. Əgər Suriya və İsrail arasında Bakıda keçirilən danışıqlar müsbət nəticələnsə, hər halda buna ümüdlər çoxdur, regionda yeni geosiyasi durum yaranacaq, yeni perspektivlərə yol açılacaq. Bununla da Azərbaycan Suriyanın yenidən qurulmasına töhfəsini vermiş olacaq. Bu, həm də Mərkəzi Asiya regionunda olduğu kimi, Yaxın Şərq bölgəsinə də fəal aktor kimi daxil olan ölkəmizin diplomatik uğuru kimi dünya tarixinə düşəcək. Eyni zamanda bu, Azərbaycanın Yaxın Şərqdə nə qədər mühüm bir ölkəyə çevrildiyini bir daha nümayiş etdirəcək. Amma nə yazıq ki, Azərbaycanın diplomatiya sahəsindəki bu uğurlarını həzm edə bilməyən İran, Ermənistan kimi dövlətlər də var.

Yeri gəlmişkən qeyd edək ki, bu il Türkiyə və İsrail arasındakı gərginliyin bir qədər mülayimləşməsini də Azərbaycanın diplomatik fəalliyyətinin uğuru kimi dəyərləndirmək olar. Hətta Prezident İlham Əliyev bu ilin aprel ayında ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq Forumda çıxışı zamanı demişdir: “Türkiyə ilə İsrailin ilk dəfə barışmasında Azərbaycan vasitəçilik edib. İlk böhran zamanı biz fəal rol oynadıq ki, bu iki ölkənin mövqeyini bir-birinə yaxınlaşdıraq”. Bu günlərdə İsrailin Azərbaycandakı səfiri Corc Dik də jurnalistlərin sualını cavablandırarkən bir daha xatırladıb ki, Azərbaycan Türkiyə və İsrailin yaxınlaşmasında mühüm və əsas aktor kimi çıxış edib: “Bakı həmçinin Yaxın Şərqin digər regional məsələlərində, o cümlədən Suriya ilə bağlı da mühüm rol oynayır”. Bundan başqa, Azərbaycan NATO ilə Rusiya arasında da diplomatik körpü funksiyasını yerinə yetirib. Bütün bunlar isə bir daha göstərir ki, Azərbaycan artıq bütün dünyada ədalətli vasitəçi kimi də tanınır.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Chosen
46
ikisahil.az

1Sources