EN

Qlobal Cənubun etibarlı enerji təchizatçısı

Əlverişli geosiyasi məkanda yerləşən Azərbaycan dünyanın enerji xəritəsini yeniləməklə  əməkdaşlıqda qarşılıqlı etimad prinsiplərinə, şaxələndirmə siyasətinə  də  sadiqdir

Bu ilin iyun ayında  keçirilən  Bakı Enerji Həftəsində qeyd olunduğu kimi, getdikcə daha ciddi risklər yaradan  elektrik enerjisi və təbii qaz qıtlığının aradan qaldırılması,   karbohidrogen  resurslarından səmərəli istifadə yollarının axtarılması ilə bağlı müzakirələr hələ də aktuallığını qoruyur. Bu baxımdan bərpaolunan enerjidə texniki potensialı quruda 135 , dənizdə  157 giqavat təşkil edən Azərbaycanın enerji resurslarına artan tələbat təbiidir.  Birləşmiş Ərəb Əmirliklərinin  «Masdar» şirkətinin inşa etdiyi  230 meqavatlıq Günəş enerji stansiyasının istifadəyə verilməsi, Səudiyyə Ərəbistanının «Acwa Power”»  şirkətinin 240 meqavatlıq külək enerjisi stansiyasının inşası ilə ölkəmizin  enerji ehtiyatı daha da  artacaq.  «2030-cu ilə qədər təxminən altı giqavatlıq Günəş, külək və hidroenerji stansiyalarının tikilməsini planlaşdırırıq. Lakin bu, tam planlarımızın hamısı deyil, 10 giqavatlıq bərpaolunan enerji layihələri üzrə müqavilələr və anlaşma memorandumları imzalanıb» söyləməklə  Azərbaycanın  ixrac bazarlarında rolunun,  Xəzər dənizindən başlayaraq Qara dənizin dibi ilə enerji kabelinin çəkilməsini nəzərdə tutan digər mühüm enerji təhlükəsizliyi layihəsinə marağın artdığını qeyd edən  Prezident İlham Əliyev artıq texniki-əsaslandırma işlərinin  bu yaxınlarda sona çatacağını bildirib.

  Azərbaycanın «Yaşıl» gündəliyi,  Naxçıvan Muxtar Respublikasnın, Qarabağ və Şərqi Zəngəzur regionlarının yaşıl enerji zonaları elan edilməsi ölkə   iqtisadiyyatının inkişafını,  enerji siyasətimizin koordinasiyasını, şaxələndirilməsini sürətləndirir.  Azərbaycanın  beynəlxalq tərəfdaşları ilə  birgə fəaliyyəti nəticəsində  bərpaolunan enerji resurslarına transformasiyada və qazıntı yanacağının uzun illər ərzində istifadəsi sayəsində mühüm əhəmiyyətə malik təcrübə özünü doğruldur.  Dəfələrlə  qeyd olunmuş  «Eenerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsidir» deyimi enerjiyə tələbatın artdığı   bu günlərdə daha aktual səslənir.  İdxaldan asılı olan ölkələr ən etibarlı və uzunmüddətli tərəfdaşlar  axtarır.  Ötən illərin təcrübəsi göstərir ki,  sözü imzası qədər  dəyərli olan  Azərbaycan xüsusilə Avropa ölkələri üçün  ən etibarlı bazardır. Son 30 il ərzində imzalanmış bütün müqavilələr tam  icra olunub. Onların hamısı parlament tərəfindən ratifikasiya olunub və qanuni hüquq qazanıb.  Bunun nəticəsidir ki, ölkəmiz bərpaolunan enerji sahəsində növbəti sürətli inkişaf ərəfəsindədir. Qarabağ və Şərqi Zəngəzurda hidroelektrik stansiyalarla bağlı görülən işlər də   deyilənlərə əlavə  olunsa, 2027-ci ilədək 2 qiqavat həcmində bərpaolunan enerjinin əldə edilməsi tamamilə real hədəfdir.  Qarabağ və Şərqi Zəngəzurun azad olunmuş ərazilərində  270 meqavat həcmində hidroelektrik stansiyalar istifadəyə verilib. 3-5 il ərzində bu rəqəm 500 meqavata çatacaqdır. Beləliklə, bərpaolunan enerjinin 1 qiqavat həcmi ölkəmizə  yarım milyard kubmetr qaza qənaət etməyə imkan verəcək. Azərbaycanın bərpaolunan enerji potensialı, aparılmış ilkin hesablamalara görə, yalnız texniki baxımdan yox, iqtisadi və institusional baxımdan da cəlbedicidir. Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Səudiyyə Ərəbistanının « ACWA Power» və Birləşmiş Ərəb Əmirliklərinin «Masdar» şirkətləri ilə əməkdaşlıqlar  artıq reallaşır.

 III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə media nümayəndələri tərəfindən  verilən  çoxsaylı sualları obyektiv cavablandıraraq ölkəmizin təşəbbüsü ilə regionda həyata keçirilən nəhəng layihələrə, müxtəlif qlobal çağırışlara, bölgədə və dünyada baş verən hadisələrə təhlili  yanaşma tərzi ilə fərqlənən   Azərbaycanın enerji diplomatiyasının uğurlarından bəhs edən Prezident İlham Əliyev  perspektivlər barədəki inamlı açıqlamaları ilə  diqqəti cəlb etdi.

Dövlətimizin başçısnın vurğuladığı kimi, Azərbaycanda  enerji keçidi dövründə bərpaolunan enerji mənbələrinin inkişafına xüsusi diqqət  yetirilir. Qarabağ və Şərqi Zəngəzurun  yaşıl enerji zonası” kimi inkişafı istiqamətində zəruri addımlar atılır. «Xəzər-Qara dəniz-Avropa» yaşıl enerji dəhlizi” layihəsi böyük perspektiv vəd edir.

Regional və  qlobal əməkdaşlıqda etibarlı tərəfdaş kimi böyük nüfuz qazanan,  dünyanın enerji siyasətinin yenlənməsində xüsusi rolu olan,  bölgənin gələcək inkişafı üçün böyük imkanlara malik Azərbaycan enerji, nəqliyyat və kommunikasiya dəhlizləri vasitəsilə Avropa, Asiya və Mərkəzi Asiya ölkələrini birləşdirən körpü rolunu inamla davam etdirir. Bu təşəbbüslər  regional iqtisadi tərəqqiyə təkan verməklə yanaşı, Azərbaycanın qlobal əməkdaşlıqda vacib aktor kimi mövqelərini möhkəmləndirir.

 Şuşa Forumunda qeyd olunduğu kimi,  2030-cu ilə qədər artıq imzalanmış investisiya müqavilələri əsasında  ölkəmizdə  ən azı 6 giqavatlıq yaşıl enerji, o cümlədən Günəş, külək və su elektrik enerjisi istehsal olunacaq. «Su elektrik enerjisi Qarabağ və Şərqi Zəngəzurda əsas yer tutur. Biz ümumi 280 meqavat gücündə 30 kiçik su elektrik stansiyasını artıq istismara vermişik. Beləliklə, yaşıl gündəliyimiz həqiqətən çox genişdir. Eyni zamanda, mənim mesajım, ev sahibi olan Azərbaycanın mesajı ondan ibarət idi ki, biz həmin məsələyə realist və praqmatik yanaşmalıyıq. Hamımız anlayırıq ki, biz planeti qorumalıyıq. Lakin ətraf mühit böhranına ən çox rəvac verənlər, yəqin ki, bu yükü öz üzərinə götürməlidirlər» sözləri ilə ölkəmizin  iqlim dəyişmələrinin  yaratdığı  problemlərin həllində də   fəal iştirak edəcəyini bildirən Prezident İlham Əliyevin vurğuladığı kimi, faydalı qazıntıları diqqətdən kənarda saxlamaq olmaz: «Çünki yaxın gələcəkdə onlarsız dünya yaşaya bilməz, iqtisadiyyat işləyə bilməz, təyyarələr uça bilməz və hər bir şey dayanar. Beləliklə, biz reallığın bu tərəfini də görməliyik.»

Bəlli olduğu kimi, ölkəmizdə «Yaşıl Keçid Proqramı» həyata keçirilir. Lakin  neft və qaz olmadan gələcək inkişafı da təsəvvür etmək yanlışdır. «Ölkəmizdə COP29-da mühüm nailiyyətlərdən biri ondan ibarətdir ki, biz elə konstruktiv mühit yaratdıq və şəxsi töhfə verdik ki, karbon bazarlarının fəaliyyəti ilə bağlı 6-cı maddə üzərində razılıq əldə olunsun. Bu məsələ ən azı son 10 il ərzində müzakirədə qalmışdır. Beləliklə, o, COP29-un ən mühüm və tutarlı nəticəsinə çevrildi» söyləyən Prezident İlham Əliyev   iqlim dəyişmələri məsələlərinin həlli ilə bağlı vəsaitlərin  COP29-da nəzərdə tutulmuş 100 milyard ABŞ dollarından 300 milyard ABŞ dollarına qədər artırılması ilə bağlı əldə olunan  razılığı müsbət nəticə adlandırdı. Göründüyü kimi,   Azərbaycanın «Yaşıl» gündəliyinin ,  enerji sahəsində  şaxələndirmə siyasətinin, müxtəlif tərəflər arasında anlaşmaq səylərinin BMT və bir çox beynəlxalq tərəfdaşlar tərəfindən  yüksək dəyərləndirilməsi  ölkələr arasındakı  mühitini  möhkəmləndirir.

 Hazırda  beynəlxalq səviyyədə  yaşıl enerji layihələrinə artan diqqət  təkcə Azərbaycanda deyil, Günəş və külək elektrik enerjisi stansiyaları yaradılan Mərkəzi Asiya ölkələrində də hiss olunur. Ötən ilin noyabrında Bakıda COP29 çərçivəsində Özbəkistan, Qazaxıstan və Azərbaycan prezidentləri arasında yaşıl enerji ilə bağlı Xəzər dənizinin dibi ilə elektrik kabelinin çəkilməsi layihəsi əsasında  sənədin  imzalanması, ölkələrarası infrastrukturun birləşməsi ilə bağlı razılığın əldə olunması  Qlobal Cənubun  enerji siyasətində  mühüm addım hesab olunur. Əvvəllər  Azərbaycan, Gürcüstan, Rumıniya, Macarıstan arasında da buna bənzər sənədin imzalanmasını, Qara dənizin dibi ilə yaşıl enerji kabelinin çəkilisini nəzərə almaqla söyləmək olar ki, bu cür mühüm layihələr təkcə Cənubi Qafqazı  deyil,  geniş coğrafiyanı əhatə edir.  Bütün təşəbbüslərin mərkəz nöqtəsi  Azərbaycandır.  Bu coğrafiya isə dəyişilməzdir.  Azərbaycan, Mərkəzi Asiya və Avropa ölkələri arasında imzalanmış sənədlərdən də aydın olur ki,  Azərbaycan qlobal layihələrin  ayrılmaz hissəsi , əsas qovşağıdır. Artıq Cənub Qaz Dəhlizi maksimal həcmdə fəaliyyət göstərir.  Azərbaycanın təşəbbüsü ilə  yeni  interkonnektorlardan istifadə olunur.  Əsas boru kəməri tam həcmdə doludur. Onu genişləndirmək üçün isə əlavə maliyyə vəsaitinə ehtiyac var. Ona görə Avropa institutları bu reallığı və enerjə ehtiyacı  nəzərə almalı və siyasətlərində dəyişiklik etməlidirlər.  Çünki  hələ də davam edən Rusiya-Ukrayna müharibəsinin yaratdığı fəsadlar da göstərir ki,  Avropanın Azərbaycanın təbii qazına,  yaşıl enerjisinə  həmişəkindən daha çox ehtiyacı  var.  Digər səbəb isə geosiyasi baxımdan  əlverişli ərazidə yerləşən, 12 ölkəyə qaz ixrac edən  ölkəmizin Avropa və Asiyanı əhatə edəcək meqalayihələrin icrasında böyük təcrübəyə malik olmasıdır. Ölkəmizin perspektiv üçün enerji siyasəti  2030-cu ilə qədər bu gün 25 milyard kubmetr olan qaz hasilatını daha 8 milyard kubmetr artırmaqla 33 milyard kubmetrə çatdırmaqdır. « Əlavə 8 milyard kubmetr üçün bazarlar müəyyən edilir. Biz Avropa İttifaqının üzvü olan bir neçə ölkədən təkliflər almışıq. O ölkələr ki, bəziləri artıq bizim qazımızı alır, digərləri isə hələ də Azərbaycan qazını almır. Biz bu təklifləri dəyərləndiririk. Bazara çıxış baxımından da biz bu məsələləri kommersiya prinsipləri əsasında dəyərləndiririk» sözləri ilə  ölkəmizin enerji ehtiyatlarının tükənməzliyini vurğualyan  Prezident İlham Əliyev bir məsələni də diqqətə çatdırır ki, Azərbaycan qarşılıqlı əməkdaşlıq prinsiplərinə  etiramla yanaşmaqla, etibarlı tərəfdaşlığa, verilən sözə sadiqliyə  da dəyər verən ölkədir. 

Xuraman İsmayılqızı, "İki sahil"

Chosen
38
ikisahil.az

1Sources