“2023-cü ilin sentyabrında Qarabağda 23 saatlıq antiterror tədbirlərindən və ardınca rus sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılmasından sonra Rusiya-Azərbaycan münasibətlərinin xarakteri tamamilə dəyişdi. Artıq rəsmi Moskva zəruri, daha doğrusu zorakı “vasitəçi” statusunu itirərək, regionda "öz mövcudluğunu qoruma davasına" girib”.
Bunu Hafta.az-a açıqlamasında siyasi ekspert Vüqar Dadaşov bildirib.
Ekspert qeyd edib ki, Rusiya-Azərbaycan münasibətlərinin gərgin münasibətə çevrilməsinin, daha da gərginləşməsinin əsl səbəbi Rusiyanın Cənubi Qafqazda statusunun dəyişməsidir. Ancaq Rusiya Azərbaycanla çəkişmədən artıq geri çəkildiyini hiss etdirir:
“Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskovun Zəngəzur dəhlizinin açılması ilə bağlı “Moskva kommunikasiyaların bərpasını dəstəkləyir” açıqlaması neytral mövqe kimi görünsə də, əslində, Peskov Rusiyanın Cənubi Qafqazdan çəkilmə prosesini incə diplomatik örtüklə qəbul etdiyini bildirir. Həmçinin, rəsmi Moskva Zəngəzura real nəzarət imkanlarını artıq əlindən buraxdığını etiraf edir.
Ardınca da Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarovanın "Azərbaycanla Ermənistan arasında Rusiyanın bitərəf mövqedə qaldığı" və "regionda Rusiyanı sıxışdırmağa çalışan qüvvələrin olduğu" bəyanatı mahiyyət etibarilə Peskovun Zəngəzur dəhlizi ilə bağlı açıqlaması ilə eynilik təşkil edir. Yəni açıqlamalar Moskvanın artıq proseslərə nəzarət etmədiyini, gedişata isə ancaq müşahidəçi statusuna məcbur edildiyini göstərir”.
Ekspert vurğulayıb ki, Zəngəzur dəhlizi ilə bağlı Moskvanın geri çəkilməsinin həlledici rolu Ankara, Vaşinqton və Bakıya təhvil verməsinin və susqunluğunun əsas iki səbəbi var:
“Qərbin – xüsusilə ABŞ-ın – 32 kilometrlik hissəyə nəzarət təklifi və Türkiyənin bu ideyanı dəstəkləməsi Moskvanı Zəngəzurdan tamamilə kənarlaşdırıb. Bəzi məlumatlara görə isə Zəngəzur dəhlizinə nəzarətin ABŞ-a verilməsi elə Türkiyə Prezidenti Ərdoğanın planıdır. İkinci əsas səbəb isə Azərbaycanın real regional gücə çevrilməsi və hələ Şuşa Bəyannaməsinə qədər başlanan Türkiyə ilə vahid xətt üzrə hərəkəti Rusiyanın regiondakı "protektorat statusunu" məhv edib. Özündə müttəfiqlik münasibətləri ehtiva edən Şuşa Bəyannaməsi isə münasibətlərin artıq rəsmi öhdəliklərə keçməsidir.
İranın da Zəngəzur dəhlizi ilə bağlı proseslərə susqunluğu Rusiya ilə paralel olaraq Tehranın da Ankara-Bakı hökmünü qəbul etməsi, reallıqla barışmasıdır”.
V.Dadaşov hesab edir ki, Zəngəzur dəhlizi Azərbaycan üçün iqtisadi-humanitar nöqteyi-nəzərdən o qədər də əhəmiyyətli deyil. Çünki Azərbaycan həm İran, həm də Gürcüstan üzərindən iqtisadi, kommunikasiya, tranzit imkanlarına malikdir. Azərbaycan üçün Zəngəzur dəhlizi suverenlik və geosiyasi məqsədli layihədir. Bu layihə həm də regional güc statusunun rəsmi tanınması üçün siyasi göstəricidir.
Ekspertin fikrincə, Moskva ilə Bakı arasında açıq qarşıdurma ehtimalları da tam istisna deyil. Ancaq belə ehtimallar ancaq o halda nəzərdən keçirilə bilər ki, ABŞ-ın və ya NATO-nun Zəngəzura girişi baş tutsun. Kreml o halda sərt reaksiya verə bilər.
“Ermənistan-Azərbaycan arasında qarşıdurmadan Rusiyanın müdaxiləsi üçün istifadəsi mümkündür. Azərbaycanın Ukrayna ilə münasibətlərinin hərbi və texnoloji baxımdan dərinləşməsini Rusiya özü üçün cənub sərhədindən də təhdid hesab edə bilər. NATO, Qərb qüvvələrinin regionda möhkəmlənməsini Moskvanın həm də özünün ideoloji məğlubiyyəti hesab edəcəyi məlumdur. Zəngəzur dəhlizi vasitəsilə Orta Dəhliz layihəsinin işə düşməsi, Rusiyanın dəhlizə nəzarətinin itməsi, Rusiyanın Şimal Dəhlizini də əhəmiyyətsiz hala gətirə bilər.
Nəticə belədir ki, Rusiyanın Cənubi Qafqazda strateji mövqe itkisi Moskva üçün ciddi məğlubiyyətdir. Və bu, rəsmi Kremldə, siyasi elitada narahatlığa səbəb olub. Azərbaycanla isti münasibətlərin bərpası Rusiya üçün ümidverici zərurətə çevrilib”.